Regionun ən böyük
kitab bayramı: görüş
yeri Bakıdır
Beş gün ərzində
150-yə yaxın tədbir keçiriləcək
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 6-10 oktyabr tarixində paytaxtdakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.
Oktyabrın 5-də “Abşeron Marriott” hotelində sərgi-yarmarka ilə bağlı mətbuat konfransı təşkil olundu. Tədbirdə Mədəniyyət Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli, “Caspian Event Organisers” (“CEO”) şirkətinin baş direktoru Fərid Məmmədov, icraçı direktoru Bəhruz Hidayətzadə iştirak edirdilər.
VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası haqqında məlumat verən Akif Marifli qeyd etdi ki, builki sərgi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.
“Əsas məqsəd Nizami dühasını bir daha gənclərə, eyni zamanda sərgidə iştirak edəcək xarici oxuculara çatdırmaqdır. Kitab bayramı formatına görə bu il regionun ən böyük sərgisi hesab olunur. Sərgi-yarmarkada 43 xarici təşkilat, 99 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edəcək. Oxucularımız, yazıçılarımız sərgidə çoxsaylı süprizlərlə qarşılaşacaq. Sərgidə imza günlərinə üstünlük verilib. Ümumilikdə sərgidə müxtəlif formatda 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulub”, - deyə o bildirib.
Şöbə müdiri bildirdi ki, sərgidə gənc oxucular və uşaqlar üçün xüsusi tədbirlər keçiriləcək. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tərəfindən Nizami Gəncəvinin əsərləri əsasında hazırlanmış kukla tamaşaları, uşaq yazıçılarının təqdimatında müxtəlif rəngarəng nağıl gecələri, xarici müəlliflər və türkiyəli yazıçıların imza günləri gerçəkləşəcək. Sərgidə həmçinin Nizami Gəncəvinin bu il işıq üzü görmüş kitablarının nümayişi olacaq.
Daha sonra çıxış edən “Caspian Event Organisers” (“CEO”) şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə iyun ayından etibarən sərgiyə hazırlığa başladıqlarını söylədi: “Bu müddət ərzində əlimizdən gələni etdik ki, sərgini kitabsevərlər üçün fərqli, dinamik, dolğun edək. Sərgiyə gələn oxucular tanınmış yerli yazarlarla görüşmək imkanı əldə edəcək. Ən əsası burada çoxsaylı kitabın təqdimatı olacaq. 44 günlük Vətən müharibəsinə həsr olunan yeni kitablar da sərgidə nümayiş etdiriləcək”.
İcraçı direktor vurğuladı ki, sərgi çərçivəsində keçiriləcək tədbirlər eyni anda, müxtəlif yerlərdə reallaşacaq: “Oxucularımıza əvvəlcədən sərginin rəsmi saytında tədbirlərin proqramı ilə tanış olmağı söyləmək istəyirəm. İlk dəfədir ki, kitab sərgisi Bakı Ekspo Mərkəzində təşkil olunur. Mərkəzdə 2010-cu ildən bu günə kimi yüzlərlə beynəlxalq səviyyəli tədbir keçirilib. Mərkəzin hər cür texniki təchizatı, imkanları olduğu üçün buraya gələn qonaqların rahatlığı təmin olunacaq. Ziyarətçilər üçün sərgiyə “Koroğlu” metro stansiyasından hər yarım saatdan bir, “Elmlər Akademiyası” stansiyasının yanından isə hər saatdan bir avtobuslar hərəkət edəcək”.
Sonda media nümayəndələrinin
sualları cavablandırıldı.
Qeyd edək ki, sərgi-yarmarkanın
əsas məqsədi
cəmiyyətdə kitaba
olan marağı artırmaq və mütaliə mədəniyyətini
təbliğ etmək,
oxucuları nəşriyyat
işi sahəsində
olan rəqəmsal yeniliklərlə tanış etmək,
ölkəmizdə kitab
sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir.
İştirakçılar üçün 6 kvadratmetrə qədər ekspozisiya sahəsi və lazımi avadanlıqlar Mədəniyyət Nazirliyi tərəfindən ödənişsiz olaraq təmin edilir. Sərgidə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları və musiqi proqramları təşkil ediləcək.
Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici müəlliflər və aktyorlar sərgidə iştirak edəcəklər. Çingiz Abdullayev, Gülseren Budayıcıoğlu, Elxan Elatlı, Sinan Yağmur, Toğrul Mehti Niyazi, Ercan Kesel və digər tanınmış yazıçı və məşhur şəxslər sərgidə günün “fəxri qonağı” olacaqlar.
İştirakçılar tərəfindən sərgidə satışa çıxarılacaq bütün kitablara endirimlər nəzərdə tutulur.
Sərginin sponsoru “BP” şirkəti, baş TV tərəfdaşı Azərbaycan İctimai Televiziyasıdır. Festivala təşkilati dəstəyi “Caspian Event Organisers” şirkəti həyata keçirir.
NURƏDDİN
Mədəniyyət.- 2021.- 6
oktyabr.- S.1;2.