“Mədəniyyətimizi dirçəldib daha irəliyə aparmalıyıq”

 

Bir qrup mədəniyyət və incəsənət xadiminə mükafatlar təqdim olundu

 

 

Oktyabrın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin 29 mart 2020-ci il, 17 mart, 5 iyun, 31 iyul 2021-ci il tarixli sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət və incəsənət xadiminə mükafatların təqdimetmə mərasimi keçirildi.

 

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə göstərilən dövlət qayğısından danışdı. Vurğuladı ki, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən mədəniyyət və incəsənət xadimlərinə göstərilən diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində görülən işlərdən söz açan nazir Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə mühüm xidmətləri olduğunu xüsusi qeyd etdi.

 

Anar Kərimov bildirdi ki, mədəniyyətimizin inkişafı daim dövlət başçısının tərəfindən diqqət mərkəzində olub: “Bildiyiniz kimi, cənab Prezidentin tapşırığı ilə Mədəniyyət Nazirliyində islahatlara başlamışıq. Məqsəd mədəniyyətimizin inkişafında cəmiyyətimizin rolunun artırılmasına nail olmaqdır. Bu missiyanın gerçəkləşməsində görkəmli mədəniyyət xadimlərinin fəaliyyəti də böyük təsirə malikdir. Əcdadlarımızdan bizə miras qalan mədəniyyətimizi daha da dirçəldib irəliyə aparmalıyıq. Çalışmalıyıq ki, yeni nəsli də bu ruhda tərbiyələndirək”.

 

Tədbirin əlamətdar tarixdə - Beynəlxalq Müəllimlər Günündə keçirildiyini diqqətə çatdıran nazir bildirdi ki, əgər müəllimin auditoriyası sinif otağıdırsa, sənət insanlarının auditoriyası cəmiyyətdir. İncəsənət və mədəniyyət xadimləri cəmiyyətə və gənc nəslə ənənələrimizin və milli mədəniyyətimizin ötürücüləridir. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının 100 illik yubileyi ərəfəsində mükafatlandırıldığını deyən nazir dövlətin teatr sahəsinə göstərdiyi diqqət və qayğıdan söz açdı. Bildirdi ki, bu təkcə aktyorlara ayrılan diqqətlə bitmir, həmçinin teatrların maddi-texniki bazaları da yaxşılaşdırılır. “Hər bir ölkənin ən böyük səfirləri onun sənət adamlarıdır. Bu gün bu işi həyata keçirmək ikiqat məsuliyyətlidir. Bu gün doğma Qarabağımız işğaldan azad olunub və mədəniyyət sahəsində mücadiləmiz isə hələ də davam edir. Azərbaycan əsrlərdən gələn zəngin mədəniyyəti və adət-ənənələri ilə tanınır. Bu ənənənin daşıyıcıları isə həm də incəsənət xadimləridir”, - deyə nazir əlavə etdi.

 

Daha sonra Anar Kərimov təltif olunanları təbrik etdi, onlara yaradıcılıq uğurları arzuladı.

 

Sonra ölkə başçısının müvafiq sərəncamları ilə “İstiqlal”, “Şərəf” ordenləri və digər fəxri adlarla təltif edilən mədəniyyət və incəsənət xadimlərinə mükafatların vəsiqə və medalları təqdim olundu.

 

İstiqlal” ordeninə layiq görülən Xalq artisti Xuraman Qasımova sənətə gəlişi və xatirələrini dilə gətirdi. Bildirdi ki, hələ gənc yaşlarında Milli İncəsənət Muzeyində dəfələrlə konsertləri lentə alınıb. Valideynlərinin düzgün istiqamətləndirmələri nəticəsində FidanXuraman Qasımovalar hər zaman Azərbaycan mədəniyyətini bütün dünyada layiqincə təbliğ etməyə çalışıblar: “Yaradıcılığımız həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev tərəfindən hər zaman yüksək qiymətləndirilib. Buna görə də ölkə Prezidentinə dərin təşəkkürümüzü bildiririk”.

 

“Şərəf” ordeni ilə təltif olunan Xalq artisti Flora Kərimova ilk növbədə 80 yaşı ərəfəsində doğma yurdu Şuşanın azad edilməsindən qürur duyduğunu dilə gətirdi. O, şanlı Qələbəyə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını ifadə etdi, yaradıcılığına olan diqqətə görə, xalqının sevgisinə görə təşəkkürünü bildirdi.

 

Akademik Rus Dram Teatrı aktyorlarına mükafatlar təqdim olunan zamanXalq artisti” fəxri adını alan aktyor Fuad Osmanov özünün bir aktyor kimi yetişib bu məqama çatmasında əməyi olan əziz kollektivinə minnətdar olduğunu dedi.

 

3-cü dərəcəli “Əmək” ordeni, “Tərəqqi” medalı, “Əməkdar artist”, “Əməkdar mədəniyyət işçisi” fəxri adları alan teatr kollektivi fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirdilər.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2021.- 6 oktyabr.- S.1;3.