Daşkənd kinofestivalı çərçivəsində milli mətbəximiz də təqdim edilib

 

Xəbər verdiyimiz kimi, Daşkənddə sentyabrın 28-dən oktyabrın 3-dək davam edən “İpək Yolunun incisi” Beynəlxalq Film Festivalında ölkəmiz də təmsil olunub. Özbəkistan paytaxtı ilə yanaşı, Xivə və Nukus şəhərlərində də Azərbaycan kinosu günləri keçirilib.

 

Festival çərçivəsində Azərbaycan milli mətbəxinin təqdimatı da olub. Tədbirdə Özbəkistandakı səfirliyimizin, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM), “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərləri və əməkdaşları, iki ölkənin aşpazları iştirak ediblər.

 

Milli mətbəx sahəsində ekspert, “www.diyar.az” layihəsinin rəhbəri Nigar Əmirbəyova dolmanın müxtəlif növlərinin hazırlanma prosesi ilə bağlı ustad dərsləri keçib. İştirakçılar Nigar Əmirbəyovanın təqdimatını yüksək qiymətləndirib, tədbirin Azərbaycan mətbəx mədəniyyətinin tanıdılması istiqamətində mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

 

Bununla bərabər özbək milli plovunun hazırlanması üzrə ustad dərsləri də təqdim olunub.

 

Azərbaycan və özbək yeməklərinin oxşar və fərqli xüsusiyyətlərinə dair çıxışlar dinlənilib.

 

AMM-in hazırladığı mədəni proqramda “Özbəyim yoşları” musiqi qrupu, azərbaycanlı saz ustası İlham Abdullayev və ölkəmizi “Eurovision-2017” musiqi yarışmasında təmsil etmiş Diana Hacıyevanın ifaları dinlənilib.

 

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Özbəkistan Aşpazlar Assosiasiyasının rəhbəri Akbar Umarov ustad dərslərini yüksək qiymətləndirib, Azərbaycan milli mətbəxinin zəngin ənənələrə malik olduğunu vurğulayıblar.

 

 

Mədəniyyət.- 2021.- 6 oktyabr.- S.8.