Xalq artisti Vaqif
Şərifov vəfat
edib
Azərbaycan mədəniyyətinə ağır
itki üz verib. Gəncə Dövlət
Dram Teatrının rejissoru,
Xalq artisti Vaqif Şərifov 5 oktyabr 2021-ci il
tarixində, 78 yaşında
vəfat edib.
Vaqif Abdulla oğlu
Şərifov 12 avqust
1943-cü ildə Gəncədə
anadan olub. 1960-cı ildən Gəncə Dövlət Dram Teatrında
əmək fəaliyyətinə
başlayıb. 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət
İnstitutunun (indiki Mədəniyyət və
İncəsənət Universiteti)
Rejissorluq fakültəsini
bitirib. 1967-1974-cü illərdə
Gəncə Dövlət
Dram Teatrında rejissor,
1974-1977-ci illərdə Sumqayıt
Dövlət Dram Teatrında
baş rejissor,
1977-1981-ci illərdə Ağdam
Dövlət Dram Teatrında
baş rejissor,
1981-1984-cü illərdə Gəncə Dövlət
Dram Teatrında quruluşçu
rejissor, 1984-1998-ci illərdə
isə Gəncə teatrında direktor və bədii rəhbər vəzifələrində
çalışıb. Müxtəlif
illərdə Nazim Hikmətin “Domokl qılıncı”, Hüseyn
Cavidin “Maral”, Cəfər Cabbarlının
“Almaz”, “Yaşar”, A.Baranqanın “İctimai rəy”, Y.Saloviçin “Qəribə dilənçi”,
Altay Məmmədovun “Dəli
Domrul”, Anarın “Şəhərin yay günləri”, Mirzə Fətəli Axundzadənin
“Qanun dəllalı”, Elçinin “Qatil”, Süleyman Sani Axundovun “Eşq və intiqam”, İsmayıl Şıxlının
“Dəli Kür”, Orxan Kamalın “Yad qızı”, Nüşabə Məmmədlinin
“Unutmaq istəyirəm”,
Fəridə Əlyarbəylinin
“Xan qızı” və s. əsərlərə
quruluş verib.
Ümumilikdə Azərbaycan teatrlarında
180-dən artıq pyesə
səhnə həyatı
verən Vaqif Şərifov “Qanun dəllalı” tamaşasının
quruluşuna görə
“Qızıl dərviş”
mükafatına layiq görülüb.
1992-ci ildə “Əməkdar
incəsənət xadimi”,
2014-cü ildə “Xalq
artisti” fəxri adlarına layiq görülən sənətkar
2013-cü ildə “Tərəqqi”
medalı ilə təltif edilib. 2020-ci ildən Azərbaycan
Respublikası Prezidentinin
fərdi təqaüdçüsü
idi.
***
Gəncə Dövlət Dram Teatrında
Xalq artisti ilə vida mərasimi
təşkil olunub. Mərasimdə şəhər İcra Hakimiyyətinin əməkdaşları,
mədəniyyət işçiləri,
şəhər ictimaiyyətinin
nümayəndələri və
rejissorun sənət yoldaşları iştirak
ediblər.
Vaqif Şərifov
Gəncə şəhərindəki
Fəxri xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2021.- 6
oktyabr.- S.6.