“Həyat, deyəsən, gözəldir”
“Fəryad 2” filminin
çəkilişləri başa
çatıb
Xalq artisti, kinorejissor Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” (“Fəryad 2”) tammetrajlı bədii filminin çəkilişləri yekunlaşıb.
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan filmin çəkilişləri Xocavənd rayonunun Hadrut qəsəbəsində, Xızı rayonunda, Bakıda və Abşeronda aparılıb.
“Azərbaycanfilm”dən bildirilib ki, film erməni işğalçılarının 30 ilə yaxın müddətdə talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsində Zəfərimizdən bəhs edir. Azərbaycan Ordusunun hücumları nəticəsində ermənilər aciz qalır, təlaşa düşürlər. Əsir alınan erməni əsgərləri arasında iki qardaş da var. Onların sonrakı aqibəti tragikomik janrda olan ekran əsərində əksini tapıb...
İlkin işçi adı “Fəryad 2” olan filmin ssenari müəllifi və quruluşçu rejissoru Vaqif Mustafayev, təsvir rejissoru Orxan Abbasov, rəssamı Quram Navrozaşvili, geyim rəssamı Keti Kalandadze, bəstəkarı Tural Məmmədli, prodüseri isə Fariz Əhmədovdur. Əsas rollarda Hikmət Rəhimov, Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiya və Aftandil Maxaradze çəkiliblər.
“Mən “Fəryad”
filminin ssenari müəllifi olmuşam. Ceyhun Mirzəyev
də onu rejissor kimi çəkib,
həm də baş rolda oynayıb. Həmin film Birinci Qarabağ
müharibəsi haqqında
idi. Hər kəs bu filmi görüb və bilir ki,
ağır bir filmdir” – bu sözləri
isə Xalq artisti Vaqif Mustafayev
jurnalistlərə müsahibəsində
deyib.
Rejissor bildirib: “44 günlük Vətən müharibədən
sonra “Fəryad” filmi daha da
baxımlı oldu və sosial şəbəkələrdə onun ikinci hissəsinin
çəkilməsi barədə
təkliflər irəli
sürüldü. İnsanlar “Fəryad”
filminin davamını
görmək istəyirlər.
Soruşurdular ki, nə üçün Vaqif Mustafayev “Fəryad 2” filmini çəkmir.
Bu təkliflər artdıqca
Mədəniyyət Nazirliyi
buna bir cavab olaraq bizə
filmin davamını çəkmək barədə
tapşırıq verdi. Nazirliyin təklifindən sonra ssenari üzərində
işləməyə başladım”.
“İkinci hissə
bizim məğlubedilməz
Ordumuz haqqındadır”
deyən rejissor bildirib ki, “Fəryad
2”də erməni düşüncəsinin
çox cılız olduğu da göstərilir.
“Bu filmə başqa ölkələrdə ermənilərlə
dostluq edən insanlar baxsalar, “dost” dediyi kəsin kim olduğunu
anlayacaqlar. Çünki filmin çəkilməsində
məqsədlərdən biri
də erməniləri
dünyada ifşa etməkdir.
Birinci Qarabağ
müharibəsi bizim üçün uğursuz
olduğu üçün
“Fəryad” filmi kədərli notlarla köklənmişdi. Ancaq ikinci hissə
tamamilə başqa ab-hava üzərində qurulacaq. Çəkiliş
zamanı heç bir çətinliklə üzləşmədik, çünki
çəkiliş qrupu
komanda şəklində
işləyirdi və
ən əsası da odur ki,
dövlətimiz bizə
dəstək olur”, - deyə rejissor vurğulayıb.
Mədəniyyət.- 2021.- 8
oktyabr.- S.1;2.