İtkin incilərimizin qayıdışı üçün açılan ümid qapısı...”

 

XIII əsr miniatürlərinə həsr edilmiş “Vərqa və Gülşa” kitabının təqdimatı keçirildi

 

 

 

VII Bakı Beynəlxalq Kitab Sərgisi maraqlı tədbir və təqdimatlarla kitabsevərlərin görüşünə gəlib. Azərbaycan Milli İncəsənət Muzeyi də sərgidə rəngarəng nəşrlərlə təmsil olunur. Muzey tərəfindən “Azərbaycan rəngkarlığı. Antologiya”, “Azərbaycan Dövlət İncəsənət Muzeyi”, “Azərbaycan el sənəti”, XX əsr Azərbaycan təsviri sənətinin 45 görkəmli nümayəndəsinin yaradıcılığını əks etdirən “Sərvət” silsiləsindən 36 kitab və muzeydə keçirilən çoxsaylı sərgilərin kataloqları təqdim edilir.

 

Sərginin ilk günündə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyevin XIII əsr miniatürlərinə həsr edilmiş “Vərqa və Gülşa” kitabının təqdimatı keçirildi. Kitab Mədəniyyət Nazirliyi tərəfindən Türkiyədə yüksək poliqrafik səviyyədə çap edilib.

 

Təqdimatda çıxış edən professor Çingiz Fərzəliyev bildirdi ki, dünyanın ən mötəbər kitabxana və muzeylərində qorunan mədəni dəyərlərimizlə tanış olmaq imkanı, təəssüf ki, hər birimizə nəsib olmur. Bu zaman nəşr olunan kitabalbomlar köməyimizə çatır.

 

Türkiyənin Topqapı Sarayı Muzeyində qorunan Azərbaycan miniatür məktəbinin nümayəndəsi Əbdülmömin Məhəmməd əl-Xoyinin “Vərqa və Gülşa” əsərinə çəkdiyi 71 miniatürün tam cəmləşdiyi və ilk dəfə kompleks şəklində nəşr edildiyi bu fundamental kitab mədəniyyətimiz üçün böyük töhfədir. Yaxın və Orta Şərq incəsənətinin ən qədim miniatürlərinə həsr edilən bu nəşr sayəsində XIII əsr Azərbaycan təsviri sənəti və onun sonrakı inkişafı haqqında dolğun təsəvvür əldə etmək imkanı yaranır.

 

Kitabın ön söz müəllifi, millət vəkili, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov diqqətə çatdırdı ki, Əbdülmömin Məhəmməd əl-Xoyinin yadigarı olan bu əsərlər yalnız gözəl sənət nümunələri kimi qiymətli deyil, həm də böyük yolu açan, miniatürçülüyün sabahkı yüksəlişlərinə təkan verən, bu sənətin baharını gətirən ilk qaranquşlardan biri olaraq son dərəcə əhəmiyyətlidir. XIII yüzilin Azərbaycan rəssamı Əbdülmömin Məhəmməd əl-Xoyinin məşhur eşq dastanı – XI əsr şairi Əyyuqinin 1030-cu ildə farsca qələmə aldığı “Vərqa və Gülşaya çəkdiyi 71 miniatür yalnız Azərbaycanın deyil, bütöv Yaxın və Orta Şərq miniatür gülüstanının ilk inciləri sırasındadır.

 

Akademik bildirdi ki, müasir Azərbaycan boyakarlığında məxsusi yeri olan Çingiz Fərzəliyevin mədəniyyət təşkilatçısı və təbliğatçılığında xidmətləri nə qədər diqqətəlayiqdirsə, onun son illərdə bir naşir və sənətşünas kimi cəmiyyətə təqdim etdiyi əsərlər bir o qədər təqdirəlayiq və gərəklidir. Onun tərtibində işıq üzü görmüş kitablar, kitab-kataloqlar elə kitab-abidələrdir ki, onları bu səviyyədə araya-ərsəyə gətirmək yalnız elə özü rəssam olan, bu sənətin incəliklərinə içəridən bələd, həm yüksək zövq sahibi, həm də qabil sənətşünas səriştələrinə malik bir universala nəsib ola bilər. Əbdülmömin Məhəmməd əl-Xoyinin “Vərqa və Gülşa” əlyazmasına çəkdiyi miniatürlərdən ibarət kitabın müvafiq təhlillərlə nəşri isə mədəni və elmi həyatımızda çox əlamətdar hadisə kimi dəyərləndirilməlidir. Orta əsrlərin qaranlığında itən böyük sənətkarımızı bizə təzədən qaytarmaq, onun misilsiz miniatür irsini müasir və gələcək nəsillərə nəfis bir şəkildə təqdim etmək həm xalqımızın yaradıcı dühasının üstünlüyünü nümayiş etdirmək, həm də sabah aparılacaq neçə-neçə tədqiqata zəmin hazırlamaq deməkdir.

 

Rafael Hüseynov qeyd etdi ki, əsrlərin uzağında sozalan çırağı təzədən alovlandırmaq sevdasına düşən Çingiz Fərzəliyev bu nəşrlə məhz itkin incilərimizin qayıdışı üçün daha bir ümid qapısını açıb. Bununla da bizlərə böyük zövq, Əbdülmömin Məhəmməd əl-Xoyinin rəsmlərinə isə yeni və əbədi həyat bəxş edib.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2021.- 8 oktyabr.- S.1;3.