Sehrli abidələr” müzakirə olunub

 

 

Oktyabrın 6-da VII Bakı Beynəlxalq Kitab Sərgisində memarlıq üzrə elmlər doktoru, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü Elçin Əliyev və Naib Əlizadənin uşaqlar üçünSehrli abidələr” kitabının müzakirəsi keçirildi.

 

Memar Elçin Əliyev Azərbaycanın qədim abidələri və bu sənətin incəlikləri ilə bağlı fikirlərini bölüşdü. Bildirdi ki, Azərbaycan sivilizasiyanın ən qədim məskənlərindən biridir. Ölkədə minilliklər ərzində mədəni irsin əsasını təşkil edən abidələr yaradılıb və onların bir çoxu dünya inciləri sırasına daxil edilib: “Yer kürəsinin bu gözəl guşəsində nadir maddi mədəniyyət abidələrinə, keçmiş əsrlərin memarlıq ənənələrinə rast gəlmək olur. XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycanın gənc nəsli öz ölkəsinin tarixini və mədəniyyətini dərindən bilməlidir. Gənclərə ali həyat dəyərlərinin əsasını təşkil edən vətənpərvərlik və vətəndaşlıq hisslərini aşılamaq üçün bu zəruridir. Uşaqlara ünvanlanan və qədim torpağın memarlıq abidələrindən bəhs edən bu kitabda abidələrimizlə bağlı maraqlı faktlar toplanıb”.

 

“TEAS Press” nəşriyyatında çap olunan kitab sadə və anlaşıqlı dili ilə diqqət çəkir. Kitabda müəllif bir çox məşhur Azərbaycan abidələrinin təsvirini verir. Onların sırasında Qız qalası, Şirvanşahlar sarayı, Molla Pənah Vaqif türbəsi, Möminə xatın türbəsi, Gəncədə yerləşən Cümə məscidi və başqalarının adını çəkmək olar.

 

Kitabda verilmiş məlumatlar rəssam Nüsrət Hacıyev tərəfindən hər abidə üçün çəkilmiş xüsusi rəsm əsərləri ilə müşayiət olunur.

 

LALƏ

 

Mədəniyyət.- 2021.- 8 oktyabr.- S.3.