“Suğra və
oğulları” Cənubi Koreyaya gedib
Busan Beynəlxalq Film Festivalının əsas proqramında təqdim olunacaq
Oktyabrın 6-da Cənubi Koreyanın Busan şəhərində
26-cı Beynəlxalq film festivalı
(Busan İnternational
Film Festival) işə başlayıb. Oktyabrın 15-dək davam edəcək festival günlərində Cənubi
Koreyanın ikinci böyük şəhərinin
6 kinoteatrında 70 ölkədən
223 film təqdim olunacaq.
Kinosevərlər festivala təqdim
olunmuş qısametrajlı
filmləri isə “Youtube” və “Naver” (Cənubi Koreyanın ən iri internet portalı və axtarış sistemi) platformalarında seyr edə biləcəklər.
Bakı
Media Mərkəzi, “Butafilm”,
“Arizona Productions” (Fransa) və
“Salarfilm”in (Almaniya) birgə istehsalı olan “Suğra və oğulları” bədii filmi festivalın müsabiqə
bölməsinə seçilib.
Kinorejissor İlqar Nəcəfin filmi festivalın “Kim Jiseok” adına əsas
mükafatı uğrunda
yarışacaq ekran əsərlərindən biridir.
Filmdə İkinci Dünya müharibəsi dövründə
Azərbaycanda, ucqar kənddə yaşayan insanların taleyindən bəhs olunur. Film oktyabrın 8-də, 10-da və
14-də Busan şəhərinin
müxtəlif kinoteatrlarında
nümayiş olunacaq.
Cənubi Koreyada pandemiyanın
4-cü və daha ağır dalğasının
müşahidə olunduğu
bir vaxtda film festivalı kimi kütləvi tədbirin keçirilməsinə dair
şübhələr olsa
da, təşkilatçılar
sonda festivalı onlayn deyil, ənənəvi
qaydada keçirməyə
qərar veriblər. Festival çərçivəsində forum, seminar və ustad dərsləri
də keçiriləcək.
Qeyd edək ki, Busan Beynəlxalq Film Festivalı Cənub-Şərqi Asiyanın ən böyük kino tədbiri hesab olunur. Festival 1996-cı ildən keçirilir.
Mədəniyyət.- 2021.- 8 oktyabr.- S.8.