İsgəndəriyyə Kitabxanasında Nizaminin 880 illiyinə həsr olunmuş
tədbir
Azərbaycanın Misirdəki Səfirliyi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə silsilə tədbirlər təşkil edir. Misirin məşhur İsgəndəriyyə Kitabxanasında keçirilən növbəti tədbirdə səfir Tural Rzayev, kitabxananın direktoru Mustafa əl Fəki, kitabxananın əməkdaşları, diaspor nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Nizami Gəncəvinin İsgəndəriyyə Kitabxanasındakı büstünün önünə gül dəstələri qoyublar.
Səfir T.Rzayev Azərbaycanın və Şərqin dahi şair və mütəfəkkirinin zəngin irsi barədə ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib. Diplomat həmçinin Azərbaycanın mədəni irsi, coğrafi mövqeyi, Yaxın Şərq ölkələri, o cümlədən Misir ilə əlaqələrindən bəhs edib.
İsgəndəriyyə Kitabxanasının direktoru Mustafa əl Fəki bildirib ki, Misir və Azərbaycan xalqlarını ortaq mədəniyyət, din və dostluq əlaqələri birləşdirir. O diqqətə çatdırıb ki, Nizami Gəncəvi Şərqin dahi şəxsiyyətlərindən biridir. Onun büstünün İslam aləminin klassikləri və görkəmli alimləri ilə yanaşı kitabxanada qoyulması bunun bariz nümunəsidir.
Misirdə fəaliyyət göstərən “Vətənpərvər” Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirov iki ölkənin tarixi və mədəni irsi ilə bağlı ərəb mənbələrində olan faktlar barədə məlumat verib. O qeyd edib ki, Nizami Gəncəvinin “İsgəndərnamə” əsərində Misirin adı çəkilir.
Tədbirdə Misir və Azərbaycan kitabxanalarının əməkdaşlığının daha da güclənməsinin, hər iki ölkənin tədqiqatçıları arasında birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Sonda səfir Nizaminin “Leyli və Məcnun” poemasından fraqmentin təsviri olan suveniri və Azərbaycan haqqında ərəb dilində nəşr edilmiş kitabları İsgəndəriyyə Kitabxanasına hədiyyə edib.
Mədəniyyət.- 2021.- 8
oktyabr.- S.8.