“Nizami söhbətləri”
təqdim olundu
Bakı Ekspo Mərkəzində beynəlxalq kitab bayramı çərçivəsində Azərbaycan Yazıçılar Birliyi (AYB) Gənclər Şurasının sədri, şair Fərid Hüseynin “Nizami söhbətləri” kitabının təqdimatı oldu.
Fərid Hüseyn bildirdi ki, “Azərbaycan” jurnalının layihəsi kimi işıq üzü görən kitabda nizamişünas alimlər, şərqşünaslar, eləcə də Nizami Gəncəvi yaradıcılığına bələd olan söz və fikir adamları ilə müsahibələr yer alıb. Sabir Rüstəmxanlı, İlqar Fəhmi, Məsiağa Məhəmmədi, Seyfəddin Rzasoy, Firudin Qurbansoy, Səadət Şıxıyeva, Zəhra Allahverdiyeva, Nəzakət Məmmədli, Əsəd Cahangir, Sərxan Xavəri və Əlimuxtar Muxtarovla söhbətlərdə dahi şairin əsərlərinin müxtəlif istiqamətləri, məqamları təhlil olunur. Nəşrdəki müsahibələrin əksəriyyəti “Azərbaycan” jurnalında “Nizami söhbətləri” adlı rubrikada dərc edilib.
Nəşrin ön söz müəllifi və redaktoru, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə qeyd etdi ki, nizamişünaslıq ədəbiyyatşünaslıq elminin həmişə xüsusi önəm verilən sahələrindən olub. Azərbaycan alimləri, yazıçıları, sənətşünaslar daim Nizami yaradıcılığına müraciət edib, ondan bəhrələnib: “Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunduqdan sonra nizamişünaslıqda yeni bir canlanma baş verdi, çoxlu sayda yeni məqalə yazıldı. Nizami yaradıcılığı elə bir dəryadır ki, ora baş vuran əliboş qalmır. Bu mənada “Nizami söhbətləri” kitabı tədqiqatçılar qarşısında yeni üfüqlər açacaq”.
LALƏ
Mədəniyyət.- 2021.- 13
oktyabr.- S.5.