“Zəfər” musiqi festivalı

 

 

Oktyabrın 11-də Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Habil Əliyev adına Ağdaş şəhər Uşaq musiqi məktəbində “Zəfər” musiqi festivalının açılış mərasimi keçirilib.

 

Tədbirdə Habil Əliyev adına Ağdaş şəhər və Ləki qəsəbə, Göyçay şəhər uşaq musiqi məktəblərinin, Ucar və Zərdab rayon uşaq incəsənət məktəblərinin şagirdləri iştirak ediblər. Ağdaş şəhər Uşaq musiqi məktəbinin direktoru Rafiq İsgəndərov qeyd edib ki, festival Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun böyük şücaəti nəticəsində əldə olunmuş böyük Qələbəyə həsr olunub. Oktyabr-noyabr ayları ərzində keçiriləcək festival çərçivəsində Ağdaş, Şəmkir, İsmayıllı və Sabirabad regional mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən ümumilikdə 23 uşaq musiqi və incəsənət məktəblərinin xalq çalğı alətləri ifaçıları və xanəndəlik ixtisası üzrə şagirdlərinin iştirakı nəzərdə tutulub. Birinci tur münsiflər heyətinin iştirakı ilə regionlar üzrə Ağdaş, İsmayıllı, Şəmkir və Sabirabad rayonlarında, ikinci tur isə Ağdaş şəhər Habil Əliyev adına Uşaq musiqi məktəbində keçiriləcək.

 

Çıxışlar Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Arif Əsədullayev, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Xalq artisti Zabit Nəbizadə, AMK nəzdində Musiqi Kolleci Xalq çalğı alətləri şöbəsinin müdiri Cəfər Qafarlı və AMK-nın müəllimi Anar Niftullayevdən ibarət olan münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndiriləcək.

 

Festival qaliblərinin yekun qala-konserti və mükafatlandırılma mərasiminin noyabrın ilk 10 günlüyündə keçirilməsi nəzərdə tutulub.

 

Mədəniyyət.- 2021.- 13 oktyabr.- S.4.