Çindəki “Qədim məskənlər”də
“Azərbaycan mədəniyyətinə pəncərə”
Çin Xalq Respublikasının Benbu şəhərindəki “Qədim məskənlər” mədəniyyət parkında Heydər Əliyev Fondu tərəfindən yaradılan “Azərbaycan mədəniyyətinə pəncərə” adlı pavilyon fəaliyyətə başlayıb.
Parkda məhdud sayda xarici milli pavilyonlardan birinci fəaliyyətə başlayanı Azərbaycan pavilyonudur. Pavilyonda Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərini təmsil edən xalça və kilimlər, misgərlik, dekorativ yaradıcılıq və şəbəkə sənəti nümunələri, bəzək əşyaları, milli geyimlər, musiqi alətləri, ölkəmizin mədəniyyətinə, tarixinə, müasir inkişafına dair nəşrlər nümayiş olunur. Nizami Gəncəvinin büstü, “Xarıbülbül”, “Qız qalası” və “Ceyranlar” silsiləsindən heykəltəraşlıq əsərləri, Qobustan qaya rəsmlərinin imitasiyası da ekspozisiyada yer alıb.
“I love Baku” stendində isə Azərbaycana aid suvenirlər təqdim edilir. Pavilyonda quraşdırılmış monitorlarda isə mədəniyyətimizə, ölkəmizin
tarixi və müasir memarlığına,
Azərbaycanda keçirilən
nüfuzlu beynəlxalq
tədbirlərə aid videoçarxlar
nümayiş olunur.
Əldə olunmuş razılığa
əsasən, pavilyon uzunmüddətli əsasda
fəaliyyət göstərəcək
və Çinin ən iri turizm
layihələrindən olan
“Qədim məskənlər”
mədəniyyət parkını
hər il ziyarət edəcək milyonlarla qonaq Azərbaycan mədəniyyəti
haqqında məlumat əldə edə biləcək.
Oktyabrın 11-də Çin Xalq
Nümayəndələr Yığıncağı
Daimi Komitəsinin (parlament) sədr müavini, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Van Çen, Anhuy vilayətinin və Benbu şəhərinin
rəhbər şəxsləri,
Çindəki diplomatik
korpusun təmsilçiləri
Azərbaycan pavilyonunda
olublar.
Qeyd edək ki, Benbu
şəhərindəki Lonci
gölünün ətrafında
salınmış “Qədim
məskənlər” mədəniyyət
parkı 333 hektar sahəni əhatə edən iri mədəniyyət
layihəsidir. Ərazidə Çin tarixində və mədəniyyətində
xüsusi yer tutan məbədlərin oxşarı da daxil olmaqla, ənənəvi Çin
memarlığı üslubunda
450 bina inşa edilib. Parkdakı pavilyonlarda Çin
mədəniyyətinə, müxtəlif bölgələrinə,
tarixi şəxsiyyətlərinə
həsr olunan pavilyonlarla yanaşı, müxtəlif xalqların
mədəniyyəti də
təqdim ediləcək.
Mədəniyyət.- 2021.- 13
oktyabr.- S.8.