Əsryarımlıq tarixi olan məktəbin yeni təməli

 

 

Akademik Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbi zəngin tarixə malik təhsil müəssisəsidir. 1993-cü il avqustun 23-də Cəbrayıl rayonu işğal ediləndə mən həmin məktəbin 10-cu sinfini bitirmişdim. 2013-cü ildən isə bu təhsil müəssisəsinin rəhbəriyəm. 2020-ci il oktyabrın 4-ü işğal tarixini bizə unutdurdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun şücaəti və xalqımızın həmrəyliyi ilə 44 günlük Vətən müharibəsi Zəfərlə başa çatdı, torpaqlarımız düşmən işğalından azad edildi.

 

Bu fikirləri Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbinin direktoru Şəlalə Qasımlı bildirib. O vurğulayıb ki, oktyabrın 4-də rayonumuzun işğaldan azad edilməsinin birinci ildönümündə Prezident İlham Əliyevin Cəbrayıla səfəri tarixi hadisə oldu.

 

Çox xoşbəxtəm ki, akademik Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbinin rəhbəri olaraq təhsil ocağının təməlqoyma mərasimində mən də iştirak etdim. Bu təhsil ocağı Azərbaycanda açılan ilk üç məktəbdən biri olub”, - deyə Ş.Qasımlı qeyd edib.

 

Məktəbin tarixi haqqında məlumat verən direktor deyib: “1876-cı il avqustun 5-də Qafqaz tədris idarəsinin baş idarəyə göndərdiyi məktubda Cəbrayıl qəzasının Cəbrayıl kəndində məktəbin açılması xahiş olunurdu. Dairə idarəsinin rəisi bunu ərazidə işləyən məmurların uşaqlarının təhsildən kənarda qalması ilə əsaslandırırdı. Məktubda o da göstərilmişdi ki, kənd icmaları məktəb üçün lazımi bina və müəllimlər üçün yaşayış evi tikməyi öz öhdələrinə götürürlər. Bu istək reallaşdı. 1876-cı ildə Cəbrayıl qəzasının Cəbrayıl kəndində birsinifli rus məktəbi fəaliyyətə başladı. Məktəb əvvəlcə yararsız, darısqal və rütubətli bir binada yerləşirdi. Bir çox çatışmazlıqlara baxmayaraq, Cəbrayılda yeni tipli həmin məktəb qəza ərazisində yeganə maarif, mədəniyyət ocağı sayılırdı. 1920-ci ilədək fəaliyyət göstərən məktəbin bazası əsasında dördsinifli məktəb yaradıldı və 1925-ci ildə beşsinifli məktəçevrildi. 1935-1936-cı dərs ilində Cəbrayıl beşsinifli ibtidai və kəndli-gənclər məktəblərinin bazasında orta məktəb təşkil olundu. 1939-cu ildə yeni məktəb binası istifadəyə verildi. 1944-cü ildə Cəbrayıl qəsəbə orta məktəbinə rus yazıçısı Maksim Qorkinin adı verildi. 1963-cü ildə yeni səkkizillik məktəb təşkil edildi”.

 

Şəlalə Qasımlı diqqətə çatdırıb ki, Cəbrayıl şəhər orta məktəbi sovet dövründə respublika üzrə qabaqcıl məktəblərdən biri hesab olunurdu. 1976-cı ildə Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyevin diqqət və qayğısı sayəsində məktəbin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Akademik Mehdi Mehdizadə ötən əsrin 40-cı illərinin sonlarında məktəbdə nümunə dərsləri demişdi və 1989-cu ildən məktəbə onun adı verilib. Cəbrayıl rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra məktəb Bakı şəhərinə köçürülüb, 1994-2013-cü illərdə fəaliyyətini Azərbaycan Texniki Universitetinin Hərbi kafedrasında davam etdirib. Hazırda məktəbimiz Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki məcburi köçkün şəhərciyində yerləşir”.

 

Direktor qeyd edib ki, Birinci Qarabağ müharibəsində akademik Mehdi Mehdizadə adına məktəbin məzunları Çingiz Qasımov, Fuad Əsədov, Kazım Məmişov, Nurəddin Fətullayev, Ramiz Ağayev, Elmar Əliyev, Taleh İsmayılov, İlqar Mehdiyev, Vüqar Hüseynov, Rəşid Əliyev qəhrəmancasına şəhid olublar: “28 illik ayrılıqdan sonra yenidən Cəbrayıla qovuşduq. Cəbrayıllılara bu xoş günləri yaşadan Müzəffər Ali Baş Komandana və şanlı Ordumuza öz dərin minnətdarlığımı bildirirəm. Məktəbimiz fəaliyyətini tezliklə doğma torpaqda davam etdirəcək. O günü səbirsizliklə gözləyirik”.

 

Mədəniyyət.- 2021.- 13 oktyabr.- S.6.