İgid ömrü

 

Şəhid Milli Qəhrəman Füzuli Rüstəmov haqqında kitabın təqdimatı keçirildi

 

 

 

İgid ölər, adı qalar... Xalqımız bu fikri söz xatirinə deməyib. Çünki zaman-zaman belə misala nümunə olan oğullar yetirib, onların əsrlərə yaddaş olan ömür yollarına, şücaət və əzmkarlıqlarına nəğmələr qoşub.

 

Bakı Beynəlxalq Kitab Sərgisindəki təqdimatlardan biriMilli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidi, Xocalı qətliamının şahidi Füzuli Rüstəmov (1965-1992) haqqında “İgid ömrü” kitabına həsr olunmuşdu.

 

Bu təqdimat Xocalı sakinlərinin Zamin kimi çağırdığı, inanıb etibar etdiyi qəhrəman şəhidimizə sevgi və ehtiramının nümayiş meydanı idi.

 

Kövrək notlu mərasimi açan layihə rəhbəri, Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova kitabın ərsəyə gəlməsindən bəhs etdi. Bildirdi ki, jurnalist-publisist Nəzirməmməd Zöhrablının qələmə aldığı bu sənədli povesti Respublika Xatirə Kitabı Redaksiyasının “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinin növbəti nəşridir.

 

Qeyd olundu ki, povestdə qəhrəmanın həyat və döyüş yolundan, eyni zamanda bələdçi olaraq 26 fevral – Xocalı soyqırımı gecəsi çoxlu sayda sakini düşmən caynağından xilas edərək Ağdamın Şelli kəndinə gətirib çıxarmasından söz açılır. Füzuli sakinləri çıxarmaq üçün dördüncü dəfə qayıdarkən düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.

 

N.Məmmədova kitabın ərsəyə gəlməsindən danışarkən bir xatirəsini də tədbir iştirakçıları ilə bölüşdü: “Tədbirlərdən birində təsadüf nəticəsində Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova ilə tanış oldum. O mənə dedi ki, “hamı haqqında yazılır, amma mənim qardaşım yada düşmür, o, qeyri-adi qəhrəman idi. OnaMilli Qəhrəman” adı verilməsini xocalılılar tələb edib. Qardaşım xalqın qəhrəmanı idi”. Qəhər məni boğdu və elə oradaca şəhid bacısına kitab vədi verdim. Sevinirəm ki, bu gün məhz həmin kitabın təqdimatındayıq. Üç bölüm və 255 səhifədən ibarət bu kitabı oxuyanda sizFüzulinin keçdiyi qəhrəmanlıq yolu ilə  tanış olacaqsınız. Əslində, Füzuli Xocalıdan öz ailəsini də, qonşularını da çıxarmışdı və geri qayıtmaya da bilərdi. Amma onun təəssübü buna imkan vermədi və o, daha çox insanı çıxarmaq üçün yenə geri qayıtdı, yenə Xocalı sakinlərinin zamini olmaq üçün həyatını təhlükəyə atdı. Biz bu kitabda Xocalı barədə həqiqətlərin də bir qismini, şəhərin müdafiəsi ilə bağlı faktları da oxucuların diqqətinə çatdırmağa çalışmışıq”.

 

Müəllif Nəzirməmməd Zöhrablı çıxış edərək kitaba çevirdiyi qəhrəmanının ömür yolundan, onun igidliyi haqqında eşitdiklərindən söz açdı: “Şəhidimiz heç bir mübaliğəyə ehtiyacı olmayan qəhrəmandır. Xocalı camaatının illər sonra da sayğı ilə xatırlayacağı bu igid haqqında əsər yazmaq, onun ömür yoluna nəzər sala bilmək mənim müəllif kimi səadətim, ən böyük qazancımdır. Həyatda igidliyi ilə iz qoyan, gənc ömrünü Vətəninin azadlığına qurban verən Füzuli kimi oğullar var olduqca, bu Vətən basılmayacaq”.

 

Uşaqlıqdan hər iki valideynini itirən və xalasının himayəsində böyüyən, onu anası bilən Füzulinin bacısı Fiqurə Rüstəmovanın çıxışı təqdimata toplaşanları göz yaşlarına boğdu. Nəzərlərini bir nöqtəyə zilləyərək danışdıqca, göz yaşlarını silə-silə titrək səsində qardaşını xatırladıqca ətrafdakılar da bu zərif çiynində illərdir qardaş dərdi yükünü daşıyan qadının ətrafında çoxalırdılar. Ətrafdakılar da göz yaşlarının müşayiətində gah ona, gah da monitordakı 26 yaşında qalan Füzulinin rəsminə baxırdılar.

 

Şəhid bacısı “İşıqlı dünyada qəhrəman adından başqa heç bir nişanəsi qalmayan, toyu çalınmayan qardaşımı xatırladan, onun yeganə yadigarına, mənim tək təsəllimə çevrilən “İgid ömrü”nə görə hər birinizə təşəkkür edirəm” deyib kitabı bağrına basdı:

 

Kitablaşan, dastanlaşan qəhrəman qardaşımın ətrini artıq bu kitabdan alaram, 26 illik ömür yaşayan qardaşımı bu kitabla əzizləyər, bu kitabla oxşayaram... Qardaşımın iki adı vardı. Xocalılılar ona Zamin deyirdilər, sənəddə isə adı Füzuli idi. Biz çox kiçik yaşlarımızda valideynlərimizi itirmişik, ana nənə-babamız öz himayəsinə götürüb. Xalamız Səkinə bizə analıq edib (bu sözləri deyib əlini tədbir iştirakçıları arasında oturub səssiz-səmirsiz göz yaşları axıdan ağsaçlı qadına uzatdı). Qardaşım orta məktəbi bitirdikdən sonra Xocalıda sovxozda işləyib, sonra Sovet ordusunda xidmət edib qayıdıb. 1988-ci ildə ermənilər “Dağlıq Qarabağ” məsələsini qaldırmağa, separatçı çağırışlar etməyə başlayanda hamı kimi qardaşım da səssiz qalmadı, ayağa qalxdı, etiraz elədi. O zaman silah yox idi, camaat balta, yaba, bel götürüb ermənilərə müqavimət göstərirdi. Bu müddətdə qardaşım dəfələrlə döyüldü, həbs edildi, yaralandı. Amma etirazından, mübarizəsindən əl çəkmədi. O, daim Vətəninin keşiyində durdu”.

 

Həmidə NİZAMİQIZI

 

Mədəniyyət.- 2021.- 13 oktyabr.- S.5.