“Dəmir yumruq
dastanı”
“Ömür imkan versə, bu
dastanın yeni qəhrəmanlıq səhifələri
yazılacaq”
Bakı Ekspo Mərkəzində tanınmış uşaq yazıçısı, ədəbiyyatşünas alim, professor Zahid Xəlilin “Dəmir yumruq” dastanı” kitabının təqdimatı keçirildi.
VII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində oktyabrın 9-da reallaşan təqdimatda çıxış edən müəllif kitab haqqında məlumat verdi. Qeyd etdi ki, kitabda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşü bədii-publisistik üslubda təqdim olunur: “Əslində, bu kitabın müəllifi Ali Baş Komandanın rəhbərliyi ilə cəbhələrdə igidlik göstərən, Vətən sevgisini öz həyatından üstün tutan qəhrəman döyüşçülərimizdir. İlham Əliyevin uzaqgörən siyasəti, qorxmaz komandanlığı altında Ordumuz 44 günə böyük bir tarix yazdı. Bu elə bir Qələbədir ki, dünyanın hərbi tarixçiləri uzun illər onun sirlərini araşdıracaqlar. Dövlət başçısının dərin zəkası, uzaqgörən siyasəti, mərdliyi işğal altındakı torpaqlarımızı azad etməklə yanaşı, bizi daha cəsur, daha istiqanlı, daha müdrik millətə çevirdi və Azərbaycan xalqı müharibənin ağırlığını dəyanətlə ürəklərdə əritdi. Mən də bu şücaəti Qoca şairin dili ilə tərənnüm etdim.
Müəllif qeyd etdi ki, ömür imkan versə, bu dastanın yeni qəhrəmanlıq səhifələri yazılacaq: “Çünki hələ bu kitabın son nöqtəsini qoymağa macal tapmamış Prezidentimizin gələcəyə ünvanlanan fəaliyyətləri ümidimi daha da artırır”.
Daha sonra çıxış edən nəşrin illüstratoru Nuranə Tahirova kitaba çəkilən rəsmlər haqqında danışdı. Bildirdi ki, Vətən müharibəsinin hər bir günü illüstrasiyalar vasitəsilə kitabda göstərilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırıldı.
NURƏDDİN
Mədəniyyət.-
2021.- 13 oktyabr.- S.5.