Teatrşünas alimin kitabları
təqdim olundu
“Azərbaycan
teatr tarixi” beş, “Səhnə fədailəri” üç
cilddən ibarətdir
Yeni nəşrlərin təqdimatları,
imza günləri ilə zəngin olan VII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində
oktyabrın 9-da tanınmış
teatrşünas alim, Əməkdar incəsənət
xadimi, professor İlham
Rəhimlinin “Azərbaycan
teatr tarixi” və “Səhnə fədailəri” kitablarının
təqdimatı keçirildi.
Professor İlham Rəhimli kitablar haqqında məlumat verərək qeyd etdi ki, “Azərbaycan teatr tarixi” fundamental tədqiqat əsəri 5 cildən ibarətdir. Kitabda Azərbaycan milli teatr tarixi min illər əvvəllərdən mövcud olan xalq oyun-tamaşalarından, meydan teatrından başlayaraq günümüzə qədər olan dövrü əhatə edilib. Azərbaycan teatrşünaslığında peşəkar səhnə sənətimizin bütün tarixi mərhələləri – təşəkkülü, inkişaf tarixi, əsas yaradıcılıq mərhələləri, bədii-estetik səciyyələri, poetikasının əsasları, janr-üslub müxtəlifliyi ilk dəfə konseptual şəkildə, elmi-nəzəri prinsiplərlə, xronoloji ardıcıllıqla araşdırılıb.
“Səhnə fədailəri” kitabı haqqında danışan professor bildirdi ki, nəşrdə görkəmli teatr xadimləri haqqında portret-oçerklər toplanılıb. Uzun illərin ciddi yaradıcılıq axtarışları nəticəsində hasilə gələn və zəngin faktlar toplusu olan kitab 3 cildən ibarətdir.
Xalq artisti Nurəddin Mehdixanlı çıxışına H.Z.Tağıyevin “Bir oğlan oxuyarsa, bir nəfər, bir xanım təhsil alarsa, ailə təhsil almış olur və beləliklə, bir millət təhsilli olur” sözləri ilə başladı. Qeyd etdi ki, kitab oxuyan xalqlar dünyada çox şeyin sahibi olurlar: “Kitab insanı insan edən ən güclü vasitələrdən biridir. Çox sevinirəm ki, informasiya texnologiyalarının inkişaf etdiyi bu dövrdə gənclərimiz kitabın yanındadır. Deməli ki, kitaba maraq hələ də çoxdur”.
Xalq artisti Mərahim Fərzəlibəyov İlham Rəhimlini Azərbaycan teatrının canlı ensiklopediyası kimi səciyyələndirdi: “Onun əsərlərində böyük bir fəlsəfə, incəsənət xətti var. İlham Rəhimli hansısa böyük bir rəssamın əsərlərinə baxıb monoqrafiya yaza bilər. Nə yaxşı ki, İlham Rəhimli kimi teatrşünas alimimiz var”.
“Şərq-Qərb” nəşriyyat evinin nəşr üzrə direktor müavini-nəşriyyat departamentinin müdiri Sevil İsmayılova, departamentin elm və mədəniyyət şöbəsinin baş redaktoru Nərgiz Cabbarlı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasının müdiri, Əməkdar artist, dosent Azad Şükürov belə dəyərli əsərləri ərsəyə gətirdiyinə görə İlham Rəhimliyə təbriklərini çatdırıb, yeni yaradıcılıq uğurları dilədilər.
N.MƏMMƏDLİ
Mədəniyyət.-
2021.- 13 oktyabr.- S.3.