Vokal musiqisi bayramı sona çatdı
Belə tədbirlər klassik musiqiyə marağı artırır,
gənc, istedadlı ifaçılara sənət
meydanı açır
Klassik musiqini sevənlər, zövqünü
opera, vokal sənəti
ilə cilalayanlar üçün sənət
bayramına çevrilən
daha bir layihə uğurla yekunlaşdı. Mədəniyyət Nazirliyinin dəstəyi,
Heydər Əliyev Sarayının təşkilatçılığı
ilə 15-20 oktyabr tarixində keçirilən
II Beynəlxalq Vokalçılar
Festivalı başa çatdı.
Oktyabrın 20-də Heydər Əliyev Sarayında festivalın bağlanış mərasimi
keçirildi. Mərasimdə çıxış edən mədəniyyət
naziri Anar Kərimov musiqisevərləri
təbrik edərək
beynəlxalq miqyasda musiqi əlaqələrinin
genişləndirilməsi üçün
belə tədbirlərin
önəmini vurğuladı.
Festivalın Azərbaycan klassik
vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək
musiqi zövqünün
formalaşdırılması, yeni istedadların üzə çıxarılması
məqsədilə keçirildiyini
diqqətə çatdıran
nazir bildirdi ki, opera sənəti ümumbəşəri dəyərdir
və onun ölkəmizdə də çox zəngin ənənələri var.
Qeyd olundu ki, müsəlman Şərqində ilk opera nümunəsi
– “Leyli və Məcnun” operası ötən əsrin əvvəllərində dahi
Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəyli
tərəfindən yazılıb,
ondan sonra milli opera sənətimizin
bir çox dəyərli nümunələri
ərsəyə gəlib. Beləcə, Azərbaycan opera sənətinin
fərqli və peşəkar nümunələri
ilə dünya opera xəritəsində özünə
yer tuta bilib.
Ölkəmizdə opera sənəti ilə
bərabər vokal ifaçılığının da böyük inkişaf yolu keçdiyini bildirən Anar Kərimov bu sənətin görkəmli nümayəndəsi
Bülbülün davamçılarının
Azərbaycanı beynəlxalq
səviyyədə tanıtdıqlarını,
vokal nümunələrimizin
istedadlı musiqiçilər
tərəfindən dünyanın
məşhur musiqi, sənət meydanlarında
səsləndirildiyini və
böyük tamaşaçı
rəğbəti qazandıqlarını
dedi.
Nazirliyin opera sənətinin ölkəmizdə
daha da inkişaf
etməsi və kütləviləşməsində maraqlı olduğunu vurğulayan Anar Kərimov bu istiqamətdə əhəmiyyətli
layihələrə bundan
sonra da dəstək veriləcəyini
bildirdi. Azərbaycanın artıq 5 ildir
ki, “Avropa Opera” (Opera Europa) təşkilatına
üzv olduğu və təşkilat vasitəsilə opera sənəti
və bu sahədə istedadlı gənclərin aşkarlanması
və tanıdılması
istiqamətində addımlar
atıldığını diqqətə çatdırdı.
Bakıda 2019-cu ildə keçirilən
ilk vokalçılar festivalının
tədbirlər coğrafiyasının
bu dəfə genişləndiyini və paytaxtdan kənarda da vokal musiqisi
konsertləri keçirildiyini
deyən nazir festivalın bundan sonra da uğurla
gerçəkləşəcəyini, yeni ifaların musiqi zövqümüzü
daha da zənginləşdirəcəyini
söylədi.
Sonra layihəyə təşkilati
dəstək verən
“OperaVision TV”nin
rəhbəri Luke O Shaugness
çıxış etdi.
O, festival konsertlərini həm
canlı, həm də opera televiziyası vasitəsilə izləyən
sənətsevərləri təbrik edərək belə tədbirlərin klassik musiqiyə marağı artırdığını
və sənətsevərlərə
yeni gənc, istedadlı səsləri dinləyib seçmək imkanı verdiyini dedi. Azərbaycanın belə bir tədbirə
ev sahibliyi
etməsini gözəl
hal kimi dəyərləndirən qonaq
beynəlxalq musiqi əlaqələrinin inkişafı
və vokalçılar
üçün yeni-yeni
səhnələrin yaranmasını
alqışladı.
Tədbirdə Azərbaycan klassik vokal məktəbi ənənələri barədə də ətraflı məlumat verildi, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və yaradıcı qurumlar tərəfindən dəstəklənən musiqi layihələrinin bu sənətin inkişafına vəsilə olduğu vurğulandı.
Bildirildi ki, II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində konsert proqramları ilə yanaşı, konfrans və təqdimatlar keçirilib, həmçinin gənc ifaçılara sənət meydanı açılıb. O da diqqətə çatdırıldı ki, oktyabr ayında (25 oktyabr – red.) dünyada Opera günü qeyd olunur və vokalçılar festivalının da bu ayda gerçəkləşməsi əlamətdar hadisədir.
Qeyd olundu ki, festival çərçivəsində Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası və Gəncə Dövlət Filarmoniyasında bir-birindən maraqlı konsertlər təqdim olunub.
Festivalın yekun konserti də sənətsevərlərə klassik musiqi zövqü yaşatdı. Bağlanış mərasimində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xorunun (dirijor – Əməkdar artist Əyyub Quliyev) müşayiəti ilə yerli və qonaq solistlər “Koroğlu”, “Don Juan”, “Aida”, “Sevil”, “Don Karlos”, “Trubadur”, “Payatsı”, “Toska”, “Bohema”, “Karmen”, “Turandot”, “Traviata” kimi məşhur operalardan əsas partiyaları ifa etdilər. Xalq artistləri Samir Cəfərov, Fidan Hacıyeva, Əməkdar artist Ramil Qasımov, eləcə də türkiyəli vokalçılar Feryal Türkoğlu, Umut Kosman, serbiyalı Mariya Yeliçin ifaları alqışlarla qarşılandı.
H.NİZAMİQIZI
Mədəniyyət.- 2021.- 22
oktyabr.- S.1;3.