Şəhid ədliyyə kapitanı
Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlardan biri də Ruhin Müzəffər oğlu Xəlilovdur.
Ruhin 1987-ci ilin
13 martında Cəbrayıl
rayonunun Məzrə kəndində anadan olub. 1993-cü ildə Cəbrayıl rayonu işğal olunanda 6 yaşlı Ruhinin ailəsi Abşeron rayonunun Xırdalan şəhərində məskunlaşır.
O, ilk təhsilini Xırdalan
şəhər 1 saylı
tam orta məktəbdə
alır.
2005-ci ildə Bakı Asiya Universitetinin Hüquqşünaslıq fakültəsinə
daxil olan R.Xəlilov 2009-cu ildə ali məktəbi
bitirir. Sonra hərbi xidmətə
gedir. Ruhin yaşa dolduqca
Vətən nisgilini də içində böyüdürdü. İnanırdı
ki, nəhayət, bir gün doğma
rayonunun azad edilməsi uğrunda döyüşən əsgərlərdən
biri onun özü olacaq...
Hərbi xidməti başa vurandan sonra Ruhin ədliyyə işçisi kimi Biləsuvarda, İmişlidə
çalışır. Qulluğunu nöqsansız
yerinə yetirməsi rəhbərlik tərəfindən
təqdirlə qarşılanır.
2019-cu ildə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsində məsləhətçi
vəzifəsinə irəli
çəkilir və
ədliyyə kapitanı
rütbəsi alır.
2020-ci ilin iyulunda baş
verən Tovuz döyüşləri zamanı
general-mayor Polad Həşimovun
şəhadət xəbərini
alan kimi
ailəsindən xəbərsiz
könüllü olaraq
cəbhəyə getmək
üçün yazılır.
Vətən müharibəsi başlayandan
4 gün sonra – oktyabrın 1-də cəbhəyə
yollanır. Cəbrayıl,
Zəngilan, Qubadlı
uğrunda gedən döyüşlərdə şücaət
göstərir. Oktyabrın 21-də döyüşlərin birndə
Ruhin yaralı döyüş yoldaşını
xilas etmək üçün irəli atılır. Düşmən onu qarın boşluğundan yaralasa da, yoldaşını yerə qoymur, güllə yağışı
altından çıxarmağa
davam edir. Növbəti güllə ürəyindən
dəyir və şəhadətə yüksəlir.
2012-ci ildə ailə
quran Ruhinin Qönçə və
Melisa adlı qızları,
Tunar adlı oğlu yadigar qalıb.
Şəhidin həyat yoldaşı Günel Xəlilova qeyd edir ki, Tovuz döyüşlərindən bir neçə gün sonra Ruhin cəbhəyə getmək üçün adını yazdıranda mən bir az ağladım, acıqlandım: “Axırda dedim ki, onda mənim adımı da yazdır. Sən hara getsən, mən də səninlə gedəcəyəm. Razılaşdı, şəxsiyyət vəsiqəmlə mən də onlayn qeydiyyata düşdüm. İxtisasca tibb bacısı olduğumdan ümidliydim ki, mən də onunla gedə bilərəm. Ancaq sonradan Ruhin məndən xəbərsiz qeydiyyatımı ləğv etdirdi. Sentyabrın 30-da Ruhin evə gəlib söylədi ki, sənədlərimi hərbi komissarlığa təqdim edib qayıdacağam. O, evdən çıxanda gördüm ki, iş paltarında yox, mülki geyimdə gedir. Heç nədən şübhələnmədim. Dostu gəlib onu maşınla apardı. Bir neçə saat sonra ona zəng vurdum, lakin əlaqə saxlaya bilmədim. Daha sonra dostu mənə zəng vurub dedi ki, Ruhin cəbhəyə getdi. Onunla sonuncu dəfə oktyabrın 19-da əlaqə saxladıq. “Hər şey yaxşıdır, narahat olmayın” deyib telefonu söndürdü. Səhərisi gün ona zəng çatmadı. Ayın 21-i isə şəhid olduğu xəbərini aldıq”.
Ruhin Xəlilov oktyabrın 22-də II Fəxri xiyabanda torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Həmçinin Ədliyyə Nazirliyi tərəfindən Ruhin Xəlilova ölümündən sonra “Fəxri ədliyyə işçisi” adı verilib.
Allah rəhmət eləsin.
NURƏDDİN
Mədəniyyət.- 2021.- 15 oktyabr.- S.6.