Nizami dünyası” intellektual müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

 

Paytaxt məktəbliləri arasında keçirilən “Nizami dünyası” mövzusunda intellektual müsabiqədə fərqlənənlər mükafatlandırılıb.

 

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində keçirilən tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva müsabiqənin əhəmiyyəti barədə danışıb. Vurğulanıb ki, müsabiqənin məqsədi şagirdlərə dahi Nizami irsini aşılamaq, xüsusi istedada malik uşaqları üzə çıxarmaq və şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdir.

 

Müsabiqə qaliblərinə diplom və hədiyyələr təqdim olunub.

 

Qeyd edək ki, mövcud epidemioloji vəziyyət nəzərə alınaraq onlayn keçirilən müsabiqədə 278 nömrəli tam orta məktəbin şagirdi Günay Məhərrəmova, 149 nömrəli tam orta məktəbin şagirdi Aysun Abbasova I yerə, 234 nömrəli tam orta məktəbin şagirdi Xəyyam İsmayılov, 164 nömrəli tam orta məktəbin şagirdi Məryəm İbrahimova II yerə, 299 nömrəli məktəb-liseyin şagirdi Nigar Kərimova və 249 nömrəli tam orta məktəbin şagirdi İnci Məlikli isə III yerə layiq görülüblər. Daha dörd şagirdə həvəsləndirici mükafat verilib.

 

Mədəniyyət.- 2021.- 15 oktyabr.- S.7.