Bolqarıstan Milli Kitabxanasında
Azərbaycan guşəsi
Oktyabrın 14-də paytaxt Sofiya
şəhərində yerləşən
Müqəddəs Kiril
və Mefodi adına Bolqarıstan
Milli Kitabxanasında Azərbaycana dair daimi guşənin açılış mərasimi
keçirilib.
Mərasimdə Azərbaycan Milli
Kitabxanasının direktoru,
professor Kərim Tahirov,
Bolqarıstan Milli Kitabxanasının direktoru
Krasimira Aleksandrova, ölkəmizin Sofiyadakı
səfiri Hüseyn Hüseynov və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən
Kərim Tahirov Bolqarıstan Milli Kitabxanasında olmasından
məmnunluğunu ifadə
edib. Bildirib ki, Azərbaycana
dair daimi guşədə nümayiş
olunmaq məqsədilə
Milli Kitabxananın Ehtiyat mübadilə fondundan 100-dən çox
kitab Bolqarıstan Milli Kitabxanasına göndərilib. Daimi guşədə
Azərbaycanın zəngin
tarixi və mədəniyyəti, müasir
inkişafı, eləcə
də Qarabağ haqqında kitablar yer alacaq.
Direktor qeyd edib ki, Azərbaycan Milli Kitabxanası xarici ölkələrlə beynəlxalq kitab mübadiləsi işinə xüsusi əhəmiyyət verir. Gələcəkdə Bolqarıstan Milli Kitabxanasına təqdim olunan kitabların sayının artırılması nəzərdə tutulur.
Azərbaycan səfiri Hüseyn Hüseynov Bolqarıstan Milli Kitabxanasında ölkəmizə dair daimi guşənin yaradılmasını təqdirəlayiq addım kimi qiymətləndirib, hər iki kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirib.
Açılış tədbirində daha sonra M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə Müqəddəs Kiril və Mefodi adına Bolqarıstan Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi Kərim Tahirov və Krasimira Aleksandrova imzalayıblar.
Sənəddə kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, kitabxana və kitab nəşri sahəsində elmi tədqiqatlar, nadir kitabların mühafizəsi, bərpa və konservasiyası texnologiyaları, kitabxana arxivlərinin keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq kitab mübadiləsinin inkişafı, sərgilərin təşkili və s. sahələrdə əməkdaşlıq məsələləri əksini tapıb.
Direktor Kərim Tahirov Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Nizami Gəncəvi. Biblioqrafiya” kitabını və “Sözləri Nizaminindir” CD albomunu Bolqarıstan Milli Kitabxanasının direktoru Krasimira Aleksandrovaya hədiyyə edib.
Mərasimdən sonra Kərim Tahirov Bolqarıstan Milli Kitabxanası ilə yaxından tanış olub. Direktora kitabxananın fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Mədəniyyət.- 2021.- 15
oktyabr.- S.1;2.