Sənət və həyatın vəhdəti
Ömər Eldarov:
“Yaratdığın heykəl tarixdə nə qədər
qalırsa, sən də bir o qədər yaşayacaqsan”
“Ömər Eldarovun heykəlləri təsvir olunan şəxsiyyətin və ya hadisənin daşla ifadə edilən rəsmidir. Ömər Eldarovun heykəlləri Azərbaycan heykəltəraşlıq sənətinin qaval daşıdır. Bu heykəllərin bətnində (“mətnində”) dərinlikdən gələn bir səs, hənirti hiss olunmaqdadır. Ömər Eldarov Azərbaycan heykəltəraşlıq sənətinin canlı heykəlidir...” deyir akademik İsa Həbibbəyli.
Heykəltəraşlıq sənətimizin canlı əfsanəsi, Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovla müsahibəyə payızın leysanlı bir səhərində yol aldıq. Havanın əhvalının yaxşı olmaması Ömər müəllimlə görüşdüyümüz ana qədər mənim də əhvalımdan yan keçməmişdi. Lakin 94 yaşlı sənətkarın çox pozitiv və şən əhvalla bizi qarşılaması, özünəməxsus yumorları, səmimiyyəti söhbətimizi əvvəldən sonadək xoş ovqata köklədi.
Onun yaradıcılığını müşahidə edərkən sənət dühasının hüdudsuzluğunu, bədii təxəyyülünün bənzərsizliyini, obrazlarının dolğunluğunu və bu kimi incə məqamları xüsusilə qeyd etmək olar. O, heykəltəraşlığın dəzgah və monumental, eləcə də memorial abidələr sahəsində bir-birindən maraqlı sənət nümunələri yaradıb. Yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi obrazların mahiranə plastik həlli, daxili psixoloji xüsusiyyətlərin ustalıqla açılması, kompozisiyanın bitkinliyi və tamlığı diqqət çəkir. Ömər müəllimin dolğun həyat və sənət dünyasına birlikdə səyahət etdik.
– Ömər müəllim, ilk növbədə müsahibəyə görə təşəkkür edirik.
– Mən təşəkkür edirəm ki, məni yada salıb, fikir və duyğularıma dəyər verib müsahibəyə gəlmisiniz. Amma ilk olaraq bildirim ki, mən saatlarla
danışsam da, yorulmaram. Söhbətləşməyi, fikir bölüşməyi,
xatirələri yada salmağı xoşlayan adamam.
– Xatirələr dediniz, ilk yaratdığınız heykəl
yadınızdadırmı?
– İlk monumental işim
Bakının mərkəzi
küçələrindən birində ucaldılan Natəvanın heykəli,
ondan əvvəl Fəxri xiyabanda Üzeyir Hacıbəylinin
qəbirüstü abidəsi
olub.
– Bu iki əsər artıq püxtələşmiş
heykəltəraşın işidir.
Bəs daha əvvəllər?
– Mən 3 yaşımdan nələrsə düzəldirəm.
O səbəbdən də
ilk işim yadıma gəlmir. Bu sualla
bağlı yadıma
bir əhvalat düşdü və onu tez-tez xatırlayıram.
5 yaşımda anam məni Bakıda fəaliyyət göstərən istedadlı
uşaqlar üçün
studiyaya apardı.
Dedilər ki, indi bizdə rəssamlığa
yer yoxdur. Gələn il
gələ bilərsiniz.
Biz geri qayıdanda
hündürboylu bir rus qadın yaxınlaşdı. Adı
indiyə kimi yadımdadır: Anna İvanovna
Kazantsova. O, mənə
yaxınlaşıb mehribanlıqla
dedi: “Oğlan, bəlkə sən plastilinlə işləmək
istəyirsən? Sən bu
kursa yazılsan, böyüyəndə heykəltəraş
olarsan, öz şəhərində gəzərsən
və qürurlanarsan ki, bu heykəllərin
müəllifi mənəm”.
Bu söz mənə
böyük təsir etdi. Mən də həmin an bu arzuları
içimdən keçirdim
və bu gün 94 yaşımda deyərdim ki, həmin fikirlər öz təsdiqini tapdı...
– Ən çox
monumental və memorial əsərlər
yaratmısınız. Bunlardan hansı
sizə daha yaxındır?
– Burada çox fərqli məqamlar, xüsusiyyətlər var. Ən
çətin monumental heykəllərdir.
Elə məsələlər var
ki, biz heykəltəraşlardan
asılı deyil.
O səbəbdən də
monumental əsərlər, bir az çətin olsa da, o heykəlləri yaratmaq daha məsləhətlidir.
Bir sözlə, nə qədər ki, sənin yaratdığın
heykəl tarixdə qalırsa, sən də bir o qədər
yaşayacaqsan. Mənim ilk işim
olan Natəvanın heykəli Bakı üçün sanki bir tarixdir. Bu səbəbdən də mən özümü haradasa işinin öhdəsindən
gəlmiş müəllif
hesab edə bilirəm. Amma dəzgah nümunələri
ya emalatxanada, sərgidə, ya da muzeydə qalır. Muzeydə qalması daha
yaxşıdır.
– İşlədiyiniz heykəllərin hər biri bir insan
taleyi olmaqla bərabər, həm də tariximizin bir parçasıdır. Hər bir
heykəli işləyəndə
yəqin ki, qəhrəmanınızın həyat
və fəaliyyətini
dəqiqliklə öyrənir,
onun obrazını yaradırsınız. Bu proses
sizə daxilən necə təsir edir?
– Bilirsiniz ki, mənim işlərim ancaq Azərbaycanda qoyulmayıb. Orta Asiyada, Cənubi Koreyada və s. ölkələrdə. 1979-cu ildə Düşənbədə
Sədrəddin Ayninin
heykəlini yaradanda heç onun haqqında məlumatım
yox idi. Amma məni çağırdılar
və abidəni sifariş verdilər.
Adını ilk dəfə eşidirdim.
Bir neçə əsərini oxudum, onun haqqında yazılan fikirlərlə
tanış oldum. Yalnız bundan sonra işə başladım.
Bunsuz olmaz heç vaxt. Daxilən də hədsiz
təsir edir. Biz axı onun
həm də xarici görünüşünü
təsvir edirik. Bu surətinin gerçək
təsvirinə uyğun
olub-olmaması da böyük önəm kəsb edir. Xarakteri ilə görünüş
üst-üstə düşəndə
çox gözəl nəticə verir. Məsələn, Səttar
Bəhlulzadə. Bu insan heykəltəraşlıq
üçün əsl
məhsuldur. Onun görünüşü,
yaradıcılığı hədsiz imkanlar yaradır. Amma elə işlər
də var ki, onu yaratmaq
çətindir. Çünki fəaliyyəti kasaddır.
– Hazırda əlinizdə hansı iş var?
– Görkəmli bəstəkar Arif Məlikovun heykəlinin layihəsi ilə məşğulam. Hələ ki, tam olaraq məlumat verə bilmərəm. Hələlik rəsmi təsdiqlənməyib. Müslüm Maqomayevin heykəlini isə tamamlamışam. Heykəlin qoyulacağı yer də məlumdur. Biz o heykələ elə yer tapmalıydıq ki, abidə möhtəşəm görünsün. Heykəl Bakı bulvarında qoyulacaq.
– Tək işləyirsiniz, yoxsa komanda ilə?
– Ancaq tək. Mən komanda ilə? Mənim hətta yanımda bir memar dayanıb heykələ baxsa belə, işləyə bilmərəm. Əvvəldən tək işləməyə öyrənmişəm. Hətta ailə üzvlərimdən kimsə yanımda olsa, işi kənara qoyuram, işləmirəm.
– Bildiyim qədər, babanız daşyonan olub. Yəqin sizə də ondan keçib bu sənət...
– Mənə həsr edilən kitabda babamın və nəslimin fotosu var. Onu tez-tez xatırlayıram.
Mənim
ulu babalarım təbii güllər yetişdirirdilər. Onlardan xalça
toxuculuğunda sapları
boyamaq üçün
istifadə edilirdi.
Hər il
aparıb Moskvada satırmışlar. Bir gün
babam Moskvaya məhsul aparanda ona xəbər verirlər ki, yeni kimyəvi rənglər ixtira edilib və qiyməti də ucuzdur, artıq bu rənglərə ehtiyac yoxdur. Babam da qayıdıb özünə başqa sənət seçməli
olur. Beləliklə, başlayır daş
yonmağa. Yəqin ki,
haradasa mənə də təsiri olub.
– Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının
fəaliyyətini bu gün necə qiymətləndirirsiniz?
– Mənə deyirlər, düzü, özüm xəbərsizəm (Ömər müəllim sualımıza zarafatla cavab verir). Deyirlər, reytinq çox yuxarıdır. Bilirsiniz ki, qəbul artıq başa çatıb. Bu səhər Elmi şuranın iclası idi. Maraq yüksəkdir bizim akademiyaya. Hər il qəbulda ən yüksək plan olur bizdə. Bütün yerlərimiz dolub. Bu il sənətşünaslıqda 4, heykəltəraşlıqda isə 1 yerimiz boş qalıb. Heykəllə işləmək çox çətindir. Həm də qabiliyyət məsələsi var. Bir misal da deyim. Əvvəllər əgər heykəltəraşlıqda 10 yerə ancaq oğlanlar qəbul olunurdularsa, bu il əksinə oldu. Heykəltəraşlığa bütün yerlərə qızlar daxil olub.
– Yeri gəlmişkən, qadın heykəltəraşlar arasında ən çox kimin sənətini bəyənirsiniz?
– Bəlkə də hamını xatırlaya bilməyəcəyəm. Anna Qolubkina adlı heykəltəraş var idi. Vera Muxina – məşhur “Fəhlə və kolxozçu” heykəlinin müəllifi. Bizdə isə Həyat Abdullayeva. Biz onu Elya deyə çağırardıq. Mənə görə ən güclü heykəltəraşımız o idi. Onun işləri çox incə və plastik, özünəməxsus idi. Zivər Məmmədova da unudulmaz sənətkarlardandır.
Söhbətimiz əsnasında Ömər müəllim mədəniyyətimizin böyük himayədarı ulu öndər Heydər Əliyevlə bağlı xatirələri də yada salır. Ən unudulmaz xatirəni xəbər alırıq.
– Həmişə yadıma birinci dəfə Mərkəzi Komitəyə çağırılmağım düşür. O vaxt Heydər Əliyev Moskvada işləyirdi, Siyasi Büronun üzvü idi. Kamran Bağırov respublikanın rəhbəri idi. O məni çağıranda bir az qorxmuşdum. MK-da çalışan Həsən Həsənov zəng edib dedi ki, həyəcanlanma. Getdim ki, Heydər Əliyev və Kamran Bağırov oturublar. Mənə bildirdilər ki, Heydər Əliyevin heykəli anadan olduğu Naxçıvan şəhərində qoyulmalıdır. Uzun bir xatirəsi olan bu söhbəti qısa olaraq deyərdim ki, həmin işimiz mənim üçün unudulmaz xatirəyə çevrilib.
Bu arada qeyd edim ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çoxsaylı heykəllərinin müəllifi olan Ömər Eldarov heç vaxt özünü təkrar etməyib. Hər dəfə bu dahi şəxsiyyətin obrazını yaradarkən onun möhkəm iradəsi, qətiyyəti, müdriklik və uzaqgörənliyini parlaq şəkildə əks etdirib. Yaxından tanıdığı, şəxsiyyətinin və siyasətinin miqyasını aydın surətdə mənimsədiyi liderin daha çox özünü, malik olduğu dərinlik və ucalığı açmağa çalışıb. Bu heykəllər üçün münasib məkanın seçilməsi də mühüm amillərdəndir. Ulu öndərin sağlığında (sovet dövründə iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülənlərin sağlığında abidəsi-büstü qoyulurdu – red.) Naxçıvan şəhərində ucaldılmış büstünün (1983) arxasında görünən Möminə xatın türbəsi və Araz çayı böyük dövlət xadiminin obrazına daha da canlılıq gətirib.
– Gənc heykəltəraşların işini necə qiymətləndirirsiniz?
– Mən həmişə deyirəm, bizim gənclər çox istedadlıdırlar. Millətlərin biri inşaatda güclü olur, digərində başqa bir sahənin xüsusiyyətləri qabarıq olur. Bizim xalq isə rəssamlıq, heykəltəraşlıq və sənətdə daha güclü, hədsiz bacarıqlıdır. Əfsus ki, indi gənclər üçün sifarişlər çox azdır...
– Çox istərdim ki, “Zamanın dörd rəngi” əsərinizdən danışaq...
– Bu əsərdə mən qadınların obrazında fəsilləri tərənnüm etmişəm. Bahar mənim böyük qızımın, yay rəhmətlik həyat yoldaşımın, payız və qış isə fantaziyamın nümunəsidir. İkimetrlik qoz ağacından hazırladığım bu iş çox çətin və məsuliyyətli bir sənət əsəri idi.
– Ömər müəllim, bir müddət əvvəl rektorluqdan gedəcəyinizi bildirmişdiniz (Bu suala da Ömər müəllim özünəməxsus yumorla cavab verir).
– Qoca kişiyəm, çox söz deyə bilərəm. Hər dediyim sözü ciddi qəbul etməyin. Dostlar və əməkdaşlarımız deyir ki, mən bu akademiyanın simasıyam. Bəlkə də düz deyirlər, nə bilim. Həm də dünyanın hansı ölkəsində 94 yaşlı rektor var?... Prezident Heydər Əliyev məni bura rektor təyin etdi, İlham Əliyev təsdiqlədi. Hamı rektor ola bilər...
Söhbətimizin sonunda isə Ömər müəllim sənətin onun üçün həyatının bir parçası olduğunu dedi: “Mənim üçün sənət və həyat vəhdət təşkil edir. Sənət yaşam tərzimdir. Bunsuz yaşayışımı təsəvvür etmirəm”.
Beləcə, yağışlı, soyuq bir payız günü qocaman sənətkarımızdan ona cansağlığı və yaradıcılıq uğurları diləyilə ayrılırıq...
Lalə AZƏRİ
Mədəniyyət.- 2021.- 15 oktyabr.- S.5.