Sivilizasiyaların qarşılıqlı
öyrənilməsi – bəşəriyyət üçün
birgə gələcək
Azərbaycan Tayhu Dünya Mədəniyyət Forumunda
fəxri qonaq statusunda
iştirak edib
Çin Xalq Respublikasının Benbu şəhərində 11-13 oktyabr tarixində keçirilən Tayhu Dünya Mədəniyyət Forumunun (Taihu World Cultural Forum) 6-cı illik konfransında Azərbaycan “fəxri qonaq ölkə” statusunda təmsil olunub.
Dünyada mədəniyyət sahəsində nüfuzlu müzakirə platformalarından olan Tayhu Forumunun builki devizi “Sivilizasiyaların qarşılıqlı öyrənilməsi: bəşəriyyət üçün birgə gələcəyin qurulması”dır. Bu il 30-dək ölkənin qatıldığı Tayhu Forumunun tarixində ilk “fəxri qonaq ölkə” Azərbaycan olub. Bundan başqa, Heydər Əliyev Fondu Forumun təşkilatçıları sırasındadır.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov oktyabrın 12-də rəsmi açılış mərasimində dövlət başçısı İlham Əliyevin Tayhu Dünya Mədəniyyət Forumunun 6-cı illik konfransının iştirakçılarına müraciətini videoformatda çatdırıb. Müraciətdə qeyd olunur ki, Çin Xalq Respublikasının himayəsi ilə keçirilən bu beynəlxalq tədbirin nüfuzu ilbəil artır və Tayhu Forumu dünyanın bir çox ölkəsindən görkəmli siyasətçiləri, alimləri, yaradıcı ziyalıları yenə də bir araya toplamaqla mədəniyyətlərarası dialoqa öz əhəmiyyətli töhfəsini verir. Builki foruma Azərbaycanın fəxri qonaq statusunda dəvət edilməsi, eləcə də Heydər Əliyev Fondunun tədbirin əsas həmtəşkilatçılarından biri kimi çıxış etməsi məmnunluq doğurur.
“Dünyanın indiki həssas və təlatümlü dövründə “Sivilizasiyalararası dialoq: bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyətin birgə qurulması” mövzusunun müzakirəsinə ciddi ehtiyac vardır. Xüsusilə, dünyanı cənginə almış COVİD-19 pandemiyasının yaratdığı mürəkkəb vəziyyət və bəşəriyyətin qarşılaşdığı çağırışlar sivilizasiyalararası dialoqun və qarşılıqlı dəstəyin nə qədər vacib olduğunu bir daha təsdiqləyir.
Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən biri də multikulturalizmdir. Multikulturalizm xalqımızın həyat və yaşam tərzini özündə əks etdirən mühüm dəyərlərdəndir. Məhz bu səbəbdən müxtəlif mədəniyyətlərin nümayəndələrinin bir araya gəlməsini və qlobal problemlərin həlli istiqamətində müzakirələri vacib sayır və Tayhu Forumunun builki toplantısı çərçivəsində də bu məsələlərin diqqət mərkəzində saxlanılacağına inanırıq”, - deyə Prezident İlham Əliyevin müraciətində bildirilir.
Forumun bölmə iclaslarında mədəni müxtəlifliyin təşviqi, “Bir kəmər, bir yol” sivilizasiyanın keçmişi və gələcəyi, iqlim dəyişikliyinə qarşı birgə mübarizə, yoxsulluğun azaldılması, bəşəriyyət üçün birgə gələcəyin qurulmasında elm və texnologiyanın dəstəyi mövzuları müzakirə olunub.
Tayhu Dünya Mədəniyyət Forumu Çin hökumətinin dəstəyi ilə 2008-ci ildə yaradılıb. 2011-ci ildən illik iclasları keçirilməyə başlanılıb.
Xəbər verdiyimiz kimi, bu il, həmçinin Benbu şəhərində Tayhu Dünya Mədəniyyət Forumunun mənzil-qərargahının yerləşdiyi “Qədim məskənlər” parkında Heydər Əliyev Fondu tərəfindən yaradılan “Azərbaycan mədəniyyətinə pəncərə” adlı milli pavilyon fəaliyyətə başlayıb. Pavilyonun açılışı ilə bağlı rəsmi sənədi Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Van Çen və Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı imzalayıblar.
Oktyabrın 11-də Çin rəsmiləri, diplomatik
korpusun təmsilçiləri Azərbaycan
pavilyonunda olublar.
Əldə olunmuş razılığa əsasən,
pavilyon uzunmüddətli əsasda fəaliyyət
göstərəcək və “Qədim məskənlər” mədəniyyət
parkının ziyarətçiləri
Azərbaycan mədəniyyəti haqqında məlumat əldə
edə biləcək.
Mədəniyyət.- 2021.- 15
oktyabr.- S.8.