Şuşada Milli Xalça Muzeyi səviyyəsində muzey yaradılacaq”

 

 

Biz İCOM-un yerli komitəsi olaraq Qarabağ muzeyləri ilə bağlı lazımi tədbirləri həyata keçiririk. Bu yaxınlarda Mədəniyyət Nazirliyinə belə bir təkliflə müraciət etmişik ki, sözügedən muzeylərin direktorları üçün xüsusi məktublar hazırlansın, onların arxivlərdə işləməsi üçün lazımi şərait yaradılsın. Problem ondadır ki, muzeylərin inventar kitabları işğal zamanı çıxarılmayıb. Bu, işimizi xeyli çətinləşdirir”.

 

Bunu jurnalistlərə açıqlamasında Milli Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova deyib.

 

Onun sözlərinə görə, hazırda foto və videomaterialları yığır, həmin muzeylərin binaları və işğaldan öncəki ekspozisiyası haqqında məlumatlar toplayırlar. Məsələ ilə bağlı həm İCOM-a, həm də UNESCO-ya müraciətlər göndərilib: “Çalışırıq dünya təcrübəsindən yararlanaq, öyrənək ki, digər ölkələrdə belə situasiyalarda hansı addımlar atılır, hansı sənədlər hazırlanmalıdır ki, talan olunan maddi mədəniyyətimizlə bağlı məsələni beynəlxalq səviyyədə də qaldıraq”.

 

Bu il avqustun 30-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Şuşada Milli Xalça Muzeyi ekspozisiyasının açılışının olduğunu deyən Ş.Məlikova bildirib ki, bu, müvəqqəti ekspozisiyadır. Gələcəkdə Şuşada Azərbaycan Milli Xalça Muzeyi səviyyəsində bir muzey təşkil olunacaq: “İşğaldan öncə nümayiş olunan eksponatları hazırda orda sərgiləyirik. Eyni zamanda bizim muzeyimizə Mədəniyyət Nazirliyi tərəfindən hədiyyə olunan çox qiymətli, XVIII əsrə aid Çələbi xalçası da orada sərgilənir. Şuşaya təşkil olunan səfərlərin mədəni proqramına bizim sərgimiz də daxildir”.

 

Mədəniyyət.- 2021.- 15 oktyabr.- S.3.