“Azərbaycan təbii gözəllikləri
ilə kəşf edilməyi gözləyən bir ölkədir”
Tevfik Ulual: “Şimali Kipr universitetləri
Azərbaycandan şəhid və qazi
övladları üçün xüsusi təqaüd proqramı təsis edib”
Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin mədəniyyət və təhsil əlaqələri üzrə attaşesi Tevfik Ulual ölkəmizin mədəni həyatında fəallığı ilə seçilir. O, 1990-cı ildən Şimali Kiprin təhsil ocaqlarında ingilis dilinin tədrisi ilə məşğul olub. 2019-cu ildən isə ölkəsinin Azərbaycandakı nümayəndəliyinin mədəniyyət və təhsil əlaqələri üzrə attaşesi vəzifəsində çalışır. Tevfiq bəy eyni zamanda peşəkar fotoqrafdır. İtaliyanın Florensiya şəhərində fotoqrafiya sənəti üzrə təhsil alıb. Bir çox beynəlxalq sərgi və müsabiqələrin qalibi olub, həmçinin fotomüsabiqələrdə münsif kimi də iştirak edir. Ölkəmizdə olduğu müddətdə sevimli sənətini də davam etdirir, maraqlı fotolar çəkir.
– Tevfik bəy, Azərbaycana gələnə qədər ölkəmiz haqqında nə bilirdiniz?
– Bu vəzifənin mənə həvalə edilməsindən çox məmnun oldum. Azərbaycanı adət-ənənə baxımından bizlərə çox bənzəyən, kök, dil və din birliyi olan, tarixi və mədəniyyəti zəngin qardaş ölkə kimi tanıyırdım. Təbii zənginlikləri ilə bərabər “küləklər şəhəri” olan Bakı hər zaman diqqətimi çəkən məkanlardan biri idi.
– Hazırda ölkələrimizin mədəni əlaqələrini necə qiymətləndirirsiniz?
– İlk öncə onu qeyd edim ki, hər il 15 Noyabr – Şimali Kipr Türk Cümhuriyyətinin elan edildiyi gün və 20 İyul – Barış və Müstəqillik Bayramında, həmçinin müxtəlif festivallar, idman yarışları və beynəlxalq konfranslarda iki ölkənin elm və mədəniyyət adamları yaxından iştirak edir. Azərbaycanın ədəbiyyat və mədəniyyətinin böyük şəxsiyyətləri – Nizami, Füzuli, Üzeyir Hacıbəyli, Qara Qarayev, Rəşid Behbudov və başqaları Şimali Kiprdə yaxşı tanınır. Düşünürəm ki, mədəniyyət, ədəbiyyat və təsviri sənət sahələrində əlaqələrin qarşılıqlı şəkildə inkişaf etdirilməsi mədəni əməkdaşlığın inkişafını daha da sürətləndirəcək.
– Fəaliyyətə başlayanda yəqin ki, qarşınıza qoyduğunuz müəyyən prioritetlər var idi. Onları yerinə yetirə bildinizmi?
– Ən böyük məqsədlərimiz təhsil və mədəniyyət sahələrində əlaqələri inkişaf etdirmək və daha çox əməkdaşlıq etməkdir. Şimali Kiprin 21 universitetində müxtəlif ölkələrdən 100 mindən çox tələbə təhsil alır. Universitet diplomlarımızın dünyada tanınması, gözəl təbiəti, sosial durumu, təhlükəsiz mühiti və yüksək keyfiyyətli təhsili sayəsində Şimali Kipr xarici tələbələr üçün cazibə mərkəzinə çevrilib. Dünyanın 140 ölkəsindən gənclər Şimali Kiprdə gələcək karyeralarının təməlini qoyurlar. Qardaş Azərbaycandan tələbələrin sayının artması əlaqələrimizi gücləndirəcək. COVİD-19 pandemiyası bütün dünyada təhsilə, mədəniyyətə mənfi təsir göstərdi. Təhsil və mədəniyyət sahələrində planlar tamamilə dayandı və ya yavaşladı. Bir sıra tədbirlər təxirə salındı. İnşallah, gələcəkdə planlarımızı davamlı şəkildə həyata keçirəcəyik.
– İndi isə yaradıcılığınızdan danışaq. Daha çox portret, təbiət mənzərələrini çəkməyi xoşlayırsınız. Bunun səbəbi nədir?
– Əslində, studiya və makro fotoqrafiya istisna olmaqla bütün sahələrdə şəkil çəkməyi sevirəm. Bunların əvvəlində, dediyiniz kimi, mənzərə, portret, səyahət və idman fotoqrafiyası dayanır. Təbiət sevgisi sizi mənzərə fotoqrafiyasına yönəldir. Təbiətdəki rənglərin və mənzərələrin müxtəlifliyi heyrətləndiricidir və bu görüntüləri saxlamaq, fotoyaddaşa köçürmək və paylaşmaq istəyirsən. Günəş doğanda və ya batanda təsvir edilə bilməyən gözəlliklər yaranır. Şəhər mənzərələri də çox gözəl material verir. Düşünürəm ki, Azərbaycanımız təbii gözəllikləri ilə kəşf edilməyi gözləyən bir ölkədir. Coğrafiyası, dağları, meşələri, çayları, gölləri və şəlalələri ilə möhtəşəm kadrlar çəkə bilərsiniz. Xüsusən də Bakı köhnə tarixi binaları və müasir bənzərsiz memarlığı ilə fotoqraflar üçün çox cəlbedici bir şəhərdir. Portret ilə insanların duyğu və düşüncələrini fotoşəkildə əks etdirmək üçün gözəl janrdır. Uşağın gülüşündəki gözəllik, ağıl, məna, kədər və ya xoşbəxtlik, yaşlı adamın baxışlarında bu hissləri tutub ölümsüzləşdirmək. Səyahət və idman fotoqrafiyasından da zövq alıram.
– Beynəlxalq layihələrdə çoxsaylı mükafatlar da qazanmısınız...
– 2008-ci ildən fotoqrafiya ilə maraqlanıram. Elə həmin il “FODER” Kipr Türk Fotoqraflar Dərnəyinə üzv olmuşam və uzun illər İdarə heyətində çalışmışam. İndi də dərnəyin üzvüyəm. Fotoqrafiya müəllimi və münsif üzvü kimi üzərimə götürdüyüm öhdəliyi yerinə yetirmişəm. Ölkəmizdə və xaricdə iştirak etdiyim milli və beynəlxalq fotoqrafiya yarışmalarında, sərgilərdə mükafatlar almışam. 2019-cu ildə Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının gümüş mükafatına layiq görülmüşəm. Ancaq heç vaxt mükafat qazanmaq üçün müsabiqələrə qatılmamışam.
– Bu ilin aprelində sizin nümayəndəliyin Bakıda təşkil etdiyi “Qardaş ölkələr” adlı fotosərgi maraqla qarşılandı. Sərginin ideyası necə yaranmışdı?
– Ölkəmizlə bağlı fotoşəkillər və vəzifəmə başladığım 2019-cu ilin iyul ayından bəri Azərbaycanda çəkdiyim şəkillərdən ibarət bir sərgi açmaq həmişə ağlımda idi. Sərgi ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümlərinə həsr olundu və böyük maraq doğurdu. Düşünürəm ki, belə bir sərgi mədəniyyət və incəsənət fəaliyyətlərinin ölkələrimizin qarşılıqlı tanıtımında oynayacağı rolu göstərmək baxımından yaxşı bir nümunə oldu.
– Qarşıda hansı layihələriniz gözlənilir?
– Dövlətimiz hər il imkanlar çərçivəsində ölkəmizdə təhsil alacaq azərbaycanlı tələbələrə müxtəlif təhsil təqaüdləri verir. Bu il əlavə olaraq Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) başqanı Hüseyin Büyükfıratın rəhbərliyi ilə başladılan “Bir millət, bir ürək” kampaniyası sayəsində ölkəmizdəki üç universitet ümumilikdə 22 təhsil təqaüdü verəcəyini bildirdi.
Bu əlavə təqaüd Şimali Kiprə təhsil almağa gələcək Qarabağ müharibəsi şəhidləri və qazilərinin övladları üçün nəzərdə tutulub. Eyni zamanda Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə Azərbaycan ədəbiyyatının, tarix və mədəniyyətinin təbliği məqsədilə əməkdaşlıq əlaqəsi qurulub. “Qardaş ölkələr” sərgimizi Bakıdan savayı digər şəhərlərdə də nümayiş etdirmək istəyirik. İmkan daxilində mədəniyyət və təhsil sahəsində yeni layihələr üzərində çalışırıq.
– Azərbaycanın regionlarına, gəzməli-görməli yerlərinə səyahət etmək imkanınız olubmu?
– Bəli, fürsət düşdükcə gözəl Azərbaycanı gəzib tanımağa çalışıram. Qobustan qoruğu, palçıq vulkanları, Atəşgah məbədi, Yanardağ, eləcə də Şamaxı, Oğuz, Quba, Qəbələ, İsmayıllı və s. rayonların gözəl təbiət mənzərələri ilə tanış olmuşam. Ancaq hələ görməli daha çox məkan və tarixi yerlər var. Ən böyük arzum isə 30 illik həsrətdən sonra işğaldan azad olunmuş əraziləri ziyarət etməkdir. Yəqin ki, tezliklə bu arzum da reallaşar.
– Ölkəmizin mədəni həyatına bələdliyiniz necədir?
– Akademik Opera və Balet Teatrında Üzeyir bəyin “Leyli və Məcnun” və “Koroğlu” operalarının tamaşasına baxmışam. Bakı tarixi binaları ilə açıq hava muzeyinə bənzəyir. Hər yerdə, hər küncdə tarixi bir bina və ya abidə var. Siyasətdən sənətə qədər ölkənin görkəmli şəxsiyyətlərinin abidələrini qorumaqla onların gələcək nəsillər tərəfindən tanıdılması çox yaxşı bir təcrübədir. Heydər Əliyev Mərkəzinin ayrı bir gözəlliyi var və çoxməqsədli mədəniyyət mərkəzidir. Bütün dünyanın görmək istədiyi bir memarlıq şedevridir. Yeri gəlmişkən, məşhur memar Zaha Hadidin layihə rəhbəri olduğu bu möhtəşəm tikilinin memarlarından biri Şimali Kiprdən Saffet Kaya Bekiroğludur. Milli Xalça Muzeyi də təkrarsız bir məkandır. Bir sözlə, Azərbaycanda görməli, zövq almalı zəngin bir mədəniyyət aurası var.
– Müsahibəyə görə təşəkkür edirəm.
– Mən də oxucularınızla ünsiyyət imkanı yaratdığınıza görə minnətdaram.
L.AZƏRİ
Mədəniyyət.- 2021.- 22
oktyabr.- S.6.