Səhnə arxasında yubiley söhbəti
Nurəddin Mehdixanlı:
“Tamaşaçıya baxan kimi zalı hiss edir, onları istədiyim
əhvala gətirə bilirəm”
Qayım-qədim aktyor tamaşadan bir saat öncə teatra gəlməli, qrim otağında hazırlaşmalıdır. Mən də o vaxtı – saat 18:00-ı seçdim. Sağ olsun, məni yanıltmadı – sövdələşdiyimiz zamanda orada idi. Hərçənd həmin gün heç məşqi də yox idi. Sadəcə, məhz ad günündə də teatrda olmalı, özünü səhnə ovqatına kökləməliydi. Çünki ilk mizandan monotamaşasını oynayacaqdı. Məncə, bu müsahibə onunla sadəcə söhbət yox, məhz onun monotamaşası, lap istəsəniz, performansı sayıla bilər. Təəssüf, əslində, nə yaxşı ki, o tamaşanın tək tamaşaçısı mən idim...
– Xalq artisti, “Şöhrət” ordenli sənətkar, Akademik Milli Dram Teatrının aparıcı aktyoru Nurəddin Mehdixanlı da əlahəzrət 65-lə görüşdü. Maraqlıdır, ilk təqaüdünüzü necə xərcləyəcəksiniz? (Qaşlarını çatdığından və bir az emosional ovqatda olduğundan söhbətə bir az yumor qatmaq istədim)…
– Yaxşı yadıma saldınız, məndən nə qədər yaşlı aktyorumuz varsa, hamısını bir yerə, bir masa ətrafına toplayacam. Həm dərdləşəcəyik, həm də “Salam, qocalıq” deyəcəm (gülür).
– Ahıl yaşı 70-dən sonradır. Siz də yaman tələsdiniz...
– Yox, bizdə sərhəd 65-dən başlayır. Amma 65 yaşa qədər bir həkim, bir müəllim, bir aktyor ömür sürür və özünün kamillik məqamına yetişir. Teatr, sənət, ədəbiyyat, söz adamının artıq öyrədə biləcəyi məqamdır. Bu məqamdakı insanlara öyrətmək imkanı yaratmırıqsa, bizdən sonra gələnlər nəyi öyrənəcəklər?! Biz yaddaşıq. Müxtəlif sahələrdəki yaşlı insanlar – vəzifə və statusundan asılı olmayaraq, bu millətin yaddaşıdır, tarix yaşayıblar. Bizlər bunlardan imtina edəndə yaddaşımızdan, xatirələrimizdən, dünənimizdən imtina eləmiş oluruq. Bu, məni çox kədərləndirir. Mənə elə gəlir ki, elm və sənət adamları yaşa dolduqca daha çox dəyər qazanırlar. Biz yaşımıza, yaddaşımıza, xatirələrimizə hörmət etməsək, sabahımız olmayacaq.
– Müəyyən yaşdan sonra imtina etmək daha ağırdır, yoxsa imtina olunmaq?
– Şəxsən mənim üçün 65 yaş yaş deyil. Sadəcə olaraq, keçdiyim yolun uzunluğudur. Məndən soruşsanız ki, ömür dediyin nədir, bax, onda duruxaram. Ömür haqqında fikrim son aylar tamamən dəyişdi. Bilirsiniz ki, İkinci Qarabağ müharibəsində mən 50 gün cəbhədə oldum. Orada anladım ki, əslində, həyat o qədər qiymətlidir ki, onu boş yerə sərf eləmək olmaz. Hərçənd Birinci Qarabağ müharibəsində də olmuşdum. Amma bu 50 gün mənim bütün həyatımı, ona baxışımı dəyişdi. İnanın, bu 50 günü ömrümün ən qiymətli, səmərəli vaxtı hesab edirəm.
– Niyə?
– Orada adam insan olur. Əslində, insan nədir orada
anlayırsan. Bu, xoşa gəlmək
üçün deyilən sözlər deyil. Ömrün
və həyatın, insanlığın nə olduğunu
orada görürsən.
– Bunu 18
yaşlı gənc əsgər də deyir.
– Hə,
amma mənim 65 yaşım var, həyatı
görmüşdüm, yaşamışdım. Gözümün qabağında ölüm
haqqında düşünməyən, onun nə olduğunu
ağlından belə keçirməyən və ölümə,
zəfərə uçan 18-20 yaşlı oğullar var idi.
“İlahi, onlara qol-qanad verən nə idi,
görəsən”, deyə tez-tez düşünürəm.
Təbii k, bu verilmiş mənəvi tərbiyədən,
aşılanmış ruh yüksəkliyindən
qaynaqlanırdı. Onu da nə verirdi?
Təbii ki, ədəbiyyat, sənət,
söz, mədəniyyət, teatr, kino. Yadımdadır,
illər əvvəl günorta tamaşalarına bəzən
100-150 nəfər əsgər gətirilirdi. Bəzi həmkarlarımız da “yenə təşkil
edə bilməyiblər, zalı əsgərlərlə
doldurublar” deyirdilər. Amma mən həmişə
“Onlar müstəqil Azərbaycanın əsgərləridir”
deyirdim və xüsusilə həmin tamaşaçılar
üçün bütün enerjimlə oynayırdım.
Elə bil onların, o ağız büzənlərin
də əvəzində əsgərə, zabitə tamaşa
göstərirdim. Onda da, indi də bir daha
anladım ki, aktyorluq sıradan peşə deyil. Bu sənət həm ləyaqətli yaşamağa,
həm də şərəflə ölməyə səsləyir.
–
Baxıram, siz hələ də o ovqatdasınız. Hiss olunur,
44 günlük savaş sizin də həyata baxışınıza
“əl gəzdirib”...
– Bəli,
çox şeylərə münasibətim tamamilə dəyişdi.
Dünən məni acıqlandıran, aqressiv edən
hər şeyə indi çox rahat, sakit yanaşıram.
Çünki onlar mənə çox mənasız,
bəsit görünür. Onların
varlığı da, yoxluğu da mənim üçün
heç nə ifadə etmir. Orada 19-20
yaşlı gənclər necə gülə-gülə
ölümün üstünə gedirlər və bunu
düşünmədən, sadəcə, Vətən
üçün edirlərsə, deməli, daha böyük nəsnələr
üçün – o əsgər üçün, zabit
üçün bütün xırda-para qafalı adamları
heçə saymaq olar. Sən bu boyda
böyüklüyü, müqəddəsliyi görəndən
sonra hər şey mənasız gəlir. Mənim
üçün əli öpüləsi insan vətənimin
əsgəridir, zabitidir. Onlar sübut etdilər
ki, bu vətənin, bu bayrağın sahibi bizik.
– Sizi bir
müddət əvvəl Fəxri xiyabanda, mərhum
aktyorlarımızdan birinin anım tədbirində
gördüm. Gərgin nota köklənmişdiniz.
O zaman hiss etdim ki, siz unudulmaq aqibətindən sarsıla bilərsiniz.
Yanılıram?
– Bəli,
yanılırsınız. Əksinə, bu gün elə
unudulmaq, elə yaddan çıxmaq istəyirəm ki...
– Parlaq səhnə
ömürlüyü yaşamış aktyor kimi bu cavab
inandırıcı gəlmədi. Yəqin həyatda
unudulmaqdan danışırsınız.
– Hə,
həyatda da, sənətdə, səhnədə də. Nədən və niyə qorxum? Zatən
bu aqibəti zaman-zaman bütün böyük sənət
adamları yaşayıblar. Çünki
unudulmaq üçün daha böyük istəklərim var.
Ailəmin, övladlarımın, nəvəmin yanında daha
çox olmaq üçün unudulmaq istərdim. Özümlə baş-başa qalmaq
üçün unudulmaq istərdim. İnanın,
mənim unudulmaq qorxum heç vaxt olmayıb. Bu həyatda elə şeylər gördüm ki, siz
deyən unudulmaq onun yanında çox balacadır. Həm də niyə unuduluram axı?
Oğlum-qızım var, qohum-qardaşım var. Mən 65 il yaşadım, nəyi bacardım, elədim. Bundan sonra guşənişin olmağım da mənim
üçün istirahətdir, rahatlıqdır. Zatən orada da dinc qalmayacam, yazacam, mütləq nə
iləsə məşğul olacam. Çünki
mən kənd adamıyam. Kənddə
böyümüşəm. Kənd adamının
unudulmaq qorxusu ola bilməz.
– Məntiqiniz
maraqlı gəlir...
– İzah edim də. Şəhərdə gündə
bir məhəllədə, bir məkanda ola
və hər birində saysız adamlar tanıya bilərsən.
Amma orada gedəcəyin bir yer var: kəndin qəbiristanlığı.
Orada isə hamı doğmadır. Kənddə
unudulmaq qorxusu yoxdur... Günü bu gün qəti
qadağa qoyulsun ki, bəs 65 yaşı olanlar
üçün tamamilə işləməyə icazə
yoxdur. “Baş üstə” deyib, bu balaca
otaqdan da yır-yığış edib gedəcəyəm.
– İllər əvvəl elə bu məsələ ətrafında
sizin teatrda yaşanan narahatlıq, söz-söhbətlərlə
bağlı məqamı xatırladım. Sizin də səsiniz
bərk gəlirdi və mən onda sizin öz 65
yaşınızın tamamındakı etirazınızı
təsəvvür elədim.
–
Çox rahatam, özünüz də
görürsünüz. Mən hesab edirəm ki, sadəcə,
böyüksüz ev yiyəsizdir. Bu gün Rafiq Əzimov mənim üçün
böyükdür, ağsaqqaldır. O gələndə
ayağa qalxmaq mənim borcumdur və qalxıram da. Bunu da özümə şərəf hesab edirəm.
Məncə, yaşda da, sənətdə də
məndən böyükdür, niyə ayağına
qalxmayım? Siz narahat olmayın, mən
çox rahatam. İşlə, lazımsan deyərlərsə,
işləyim, lazım deyiləmsə, sağ olun. Qazan köşkü, kəndim, daha geniş səhnə
məni orada gözləyir.
– Səhnə,
sənət ömürlüyü gənclikdən parlaq olan
aktyorsunuz. İllər əvvəl indiki
yaşınızı necə təsəvvür edirdiniz?
Həyat və sənət taleyinizi istədiyiniz
kimi yaşadınızmı?
–
Bütün aktyorların rol nisgili, edə bilmədiklərinin
ağrısı olur və mən də onlardan xali deyiləm.
Əmin olun, edə biləcəklərimin
heç 30 faizini edə bilmədim. Hərçənd
potensialım, gücüm daha çoxuna çatırdı.
Bu gün də var. Amma təəssüf ki, həmişə
hər şey sənin istədiyin kimi olmur. Yəni müxtəlif səbəblər olur və sənin
işinə əngəllər yaradılır. Mən bu yolu savaşa-savaşa getdim. Hər dəfə də haqlı olduğumu sübut
etmək üçün savaşdım. Bəlkə də
mənim mübarizəyə həsr elədiyim enerjim sənətə
sərf elədiyim enerjidən beş qat
çoxdur. Axı bizi niyə buna məcbur
edirdilər?! Bu gün o savaş, o
mübarizə yoxdur. Əksinə,
çox rahatdır. Bizim dövrdə o
azadlıq, rahatlıq yox idi. Amma mən elə
o teatr üçün darıxıram.
– Yəqin
bu da o dövrün qaynar yaradıcı mühiti ilə
bağlıdır.
– Təkcə
o deyil. Həmin dövrdə peşə əxlaqı
anlayışı var idi. Orada hər kəs
yerində idi, hər kəs yerini bilirdi. Çünki
o zaman əsl teatr tənqidi var idi, hər bir aktyorun
yükünü bilib o cür rol bölgüsü edən
rejissorlar vardı. İndi bu çərçivələr
yoxdur, əvəzində səhnədə büdrəyən
də, bir-iki dəfə ümumi planda görünən də
deyir ki, “mən yaratdım”. Ən xoşum
gəlməyən söz odur. Dilimiz zəngindir,
denən ifa elədim, oynadım. Bu söz
elə-belə ifadə deyil ha. Amma hər
aktyor da obraz yaratmır. Aktyor paxıl, xudpəsənd
olarsa, özündən başqa kimisə görməzsə,
heç nə yarada bilməz. Mənim
üçün bu günün aktyoru dünyada baş verən
hər bir hadisədən xəbəri olan, ağlı, intellekti,
mütaliəsi, istedadı bərabər şəkildə
istifadə edə bilən insandır. Mənim
rejissorum da aktyorumdan qat-qat artıq intellektə,
dünyagörüşünə sahib olmalıdır ki,
arxasınca aktyoru apara bilsin.
–
Pandemiyanın yaratdığı fasilədən sonra
adaptasiyanı necə keçirsiniz?
–
Hazırda tamaşalarımızın bərpası ilə məşğuluq.
“Ölülər”, “Almaz”, “Dəli
yığıncağı”, “Sinif yoldaşları”, “Ah, bu uzun
sevda yolu” tamaşalarının
məşqlərini edirik.
– Aktyoru qəlibə
salmaq, sırf bir profildə təqdim etmək də var və
bu, ümumi təsviri korlayır...
–
Yaxşı, deyin görək bir futbol matçının
taleyini dəyişəcək oyunçuları harada qoyurlar? Təbii ki, hücumda, əsas nöqtələrdə.
Aktyor prosesdə yetişir, potensialı orada
üzə çıxır. Digər tərəfdən
hər bir rejissor da istəyir ki, onun tamaşası uğurlu
olsun. Hansı aktyor lokomotiv ola bilirsə,
tamaşanın yükünü daşıyırsa, o aktyorla
işləyir.
– Bu,
rejissorun aktyorun arxasında gizlənməyi deyil ki?
– Bu
sözdən zəhləm gedir. Elə deyil, sadəcə,
güclü və zəif aktyor var və hər rejissor da
çalışır güclü aktyorla işləsin.
Deməli, hər bir aktyor daim öz üzərində
çalışmalı və ən yaxşısı
olmağa can atmalıdır. Hər bir rejissor
yaxşı aktyoru həm də ona görə seçir ki,
tamaşası yaxşı alınsın. Yəni
siz deyən aktyorun uğuru bu mənada başa
düşülür. İkinci,
üçüncü dərəcəli rollardan qorxmaq
lazım deyil. Mənim üçün
heç vaxt amplua anlayışı olmayıb. Bu daha çox komediya aktyorlarında baş verir.
Tamaşaçı əl çalıb
güldüsə, deməli, hər şey əladır və
belə davam eləmək olar. Bu isə
yanlışdır və uğursuzluğun əsasıdır.
– Bir az da tamaşaçını yola verməyin...
–
Tamaşaçı pul və zaman ayırıb teatra gəlirsə,
biz ona təşəkkür eləməliyik, nəinki yola
vermək. Bu, bir az xarakter məsələsidir
və ömrüm boyu səhnədə də, həyatda da
“xaltura” eləmədim. 45 illik səhnə təcrübəm
var və bu zaman ərzində bütün proseslər
gözümün önündə baş verib.
Tamaşaçıya baxan kimi zalı hiss edirəm, onları
istədiyim əhvala gətirə bilirəm. Tamaşaçı
bunu anlayanda, sənin yanğını görəndə ətrafında
bir pərvanə kimi dolanır. Yola
verdiyini görəndə də səni səndən də
yaxşı yola verir.
– Sənətə
gəldiyiniz illərdə uğurlu televiziya
tamaşalarınız oldu və xeyli tanındınız. Amma böyük kinoya keçid alınmadı.
Teatr sevgisi ağır basdı, yoxsa kino işi
çətin göründü?
– Bəyəm
kinoya düşmək asan idi? Bizim
ömrümüzün ən gözəl, ən məhsuldar
vaxtları getdi, amma oralara düşə bilmədik. Necə deyərlər, “div”lər bizim kinoya gedən
yolumuzu kəsdilər. Hətta səsyazmaya,
dublyaja da yollar dolanbaclı, maneəli idi. Dəfələrlə
adım rol siyahısından çıxarılıb. Hətta bir filmdə çəkiliş
meydançasına çıxdığım anda “Cavan
oğlan, sən yox, başqası oynayacaq” dedilər.
Sağ olsunlar, əvəzində kaskadyorluğa
çağırırdılar. Çünki
seçdikləri aktyor at çapa, qılınc oynada,
döyüş səhnələrində plastikasını
göstərə bilmirdi. Kinoda illər
sonra, artıq yaşa dolanda “Cavad xan”da oynadım. Ona görə ki, ssenari müəllifi də, rejissor
da orada Nurəddini görürdü.
– Müəyyən
yaş dövründən sonra aktyorlar bütün səhnəni
ələ almaq üçün monotamaşalara
üstünlük verirdilər. Sizdə də
bir təcrübə oldu, yaxşı da alındı. Bəs niyə davamı gəlmədi?
– Mən
həmişə monotamaşaya, tək oyuna maraqlı
olmuşam və potensialıma bu sarıdan da çox güvənirəm.
Bu, aktyorun güc nümayişidir. Mən
“Kreppin sonuncu lent yazısı”nda bunu isbat elədim. Sağ
olsunlar, tamaşanı qəbul elədilər, bəyəndilər.
Bu yaxınlarda bir təklif də gəlib.
Adını çəkməyəcəm, amma əmin olun ki,
çox çətin və maraqlı iş olacaq.
–
Eşitdim şeirlər kitabınızı çapa
hazırlayırsınız.
– Bəli,
bir aya çapdan çıxar. Bundan başqa,
“Yaşadığım bu ömür” adlı memuarım da
çap olunacaq. Ardınca da müharibə
xatirələrimi ortaya çıxaracam. Mən
də pandemiyanı, “evdə qal”ı belə yola saldım.
– Yazmaq
hansı ehtiyacdan yarandı? Deməyin ki, daxili tənhalıqdan?
– Orta məktəbdən
şeir yazırdım. İllər keçir,
ömür bizi bəzən özümüzlə
baş-başa qalmağa vadar edir. Yəqin
şeir də onda yaranır. Mənə
toxunan ağrı-acılar, təlatümlər. Mən
Cəlilabad rayonunun Tahirli kəndindən
çıxdığım gündən həyatımı qələmə
alıram...
– 65 illik
ömrün sənətdə keçən 45 ili.
Maraqlıdır, dağ kəndindən gələn
oğlanın heyhatları çoxdur, yoxsa sevincləri?
– (Dərindən
ah çəkir və düzü, bu məni qorxudur)
Bütün uşaqlara bir məsləhətim var:
böyüklərinin sözündən
çıxmasınlar. Heç bir ata
övladının pisliyini istəməz. Mən
atamı dinləməyib hüquq təhsilindən imtina etdim,
sənəti seçdim və son 20 ildə ağır
peşmanlıq yaşayıram. Düşünürəm
ki, o sahədə daha faydalı ola, daha
çox iş görə bilərdim. Xüsusən
sənət, ona münasibətdə olan aşınma məni
peşmanlığa yuvarladı. Sənətimizə,
peşəmizə sevgi, hörmət gözləyirəm, gərək
bu dəyər itməyəydi.
– Söhbəti
ad günü ovqatına kökləyək. Günü
necə keçirdiniz, kimlərdən təbrik aldınız?
– Övladlarımdan, qohumlarımdan, sənət dostlarımdan. Sizdən əvvəl Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilə görüşdüm. Xeyli dərdləşdik.
– Səhnədə Şah İsmayıl Xətai rolunu oynamaq nisgilinizi bilirəm. Amma artıq onun zamanı keçib, yaş çoxdan ötüb. 65 yaşlı Nurəddin Mehdixanlı indi kimi oynamaq istəyir?
– Kral Liri. O rolu oynayıb teatrda qalmaq da olar, getmək də. O, sənin görəcəyin işin nəticəsindən asılıdır. Yəqin bu da mənim üçün qu quşunun son nəğməsi olacaq...
– Gəlin, söhbəti şeirlə bitirək. Bu yaşınızın misraları hansılardır?
– Mənim ömrüm yaz qarıymış, sən demə,
Dağa-daşa səpələndi, yox oldu...
Uzun yol gəlirsən və parça-parça dağa-daşa səpələnir, yox olub gedirsən...
Söhbətləşdi: H.NİZAMİQIZI
Mədəniyyət.- 2021.- 22
oktyabr.- S.5.