Florensiya Biennalesində “Azərbaycan xalçası” və “Ev qırmızısı”

 

Ukraynalı rəssam İrina Benderovskaya XIII Florensiya Biennalesində “Azərbaycan xalçası” adlı silsilə əsərlərlə iştirak edir.

 

Hazırda Polşada yaşayan İ.Benderovskaya bu barədə deyib: “Bir neçə ildir ki, Azərbaycan mövzusunda rəsmlər çəkirəm. Sərgiyə təqdim etdiyim əsərlər Azərbaycanın xalça ornamentlərinə həsr olunub. Azərbaycanın müxtəlif bölgələrindəki ornamentlərin simvolizmi, hər bir elementin dərin mənası və fərqliliyi məni cəlb edir. Bu xüsusi kolleksiyamı daha geniş auditoriyaya göstərmək üçün Florensiya Biennalesinə müraciət etdim. Biennaledə iştirakçılar əsərlərimə böyük maraq göstərirlər. Qonaqlara konsepsiyanın dərin məna və məzmunu haqqında ətraflı məlumat verirəm”.

 

Rəssam “Azərbaycan xalçası” seriyasından bəzi əsərlərinin biennalenin kataloquna daxil edildiyini də diqqətə çatdırıb: “Biennale sayəsində bu əsərlər Varşavadakı Adam Mitskeviç İnstitutunun diqqətini cəlb edib və rəsmlər institutun sosial şəbəkə səhifələrində yerləşdiriləcək”.

 

XIII Florensiya Biennalesində İtaliyada yaşayan həmvətənimiz Elay Məmmədov da iştirak edir. O, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ölkəmizi beynəlxalq rəsm sərgisində təmsil edir.

 

 Fortezza Da Basso” qalereyasında təşkil edilən biennaledə 40-dan artıq ölkədən 460 rəssamın əsərləri sərgilənir. Elay Məmmədov gizli üslubda yağlı boya ilə çəkdiyi “Domesticated Red” (“Ev qırmızısı”) əsərini təqdim edib. Fəlsəfi təxəyyülün məhsulu olan əsər ziyarətçilərdə böyük maraq doğurub.

 

Soydaşımıza media dəstəyini Neapol-Bakı Assosiasiyası göstərib. Milan Rəssamlıq Akademiyasının ilk azərbaycanlı məzunu olan Elay Məmmədovun digər əsəri oktyabrın 28-dən Torinoda  beynəlxalq sərgidə nümayiş olunacaq.

 

Mədəniyyət.- 2021.- 27 oktyabr.- S.8.