Beynəlxalq Muğam Mərkəzinin Rusiya Milli Musiqi Muzeyi ilə əməkdaşlığı

 

Beynəlxalq Muğam Mərkəzinin (BMM) Rusiya Milli Musiqi Muzeyi ilə əməkdaşlıq əlaqələri daha da genişlənəcək. Bununla bağlı müddəalar Moskvada BMM-nin direktoru, Xalq artisti Murad HüseynovRusiya Milli Musiqi Muzeyinin baş direktoru Mixail Brızqalov tərəfindən imzalanan memorandumda əksini tapıb.

 

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Azərbaycanın Rusiyadakı Səfirliyinin dəstəyi ilə keçirilən mərasimdə Rusiya Milli Musiqi Muzeyinin baş direktoru Mixail Brızqalov çıxış edərək bildirib ki, iki mədəniyyət ocağı 10 ildən artıqdır əməkdaşlıq edir və birgə tədbirlərin təşkilatçısı olublar. İmzalanan sənədin əhəmiyyətini vurğulayan M.Brızqalov qeyd edib ki, BMM ilə birlikdə həm Moskvada, həm də Bakıda  müştərək fəaliyyətin, o cümlədən muğam sənətinin təbliğinə yönəlmiş layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

 

Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov da zəngin tarixə malik Rusiya Milli Musiqi Muzeyi ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq qeyd edib ki, memorandum iki ölkə arasında mədəni əlaqələrin genişlənməsinə, muğam sənətinin və bütövlükdə Azərbaycan musiqisinin təbliğinə töhfə olacaq.

 

Memorandumun imzalanması mərasimində Azərbaycan muğam ustalarının ifasında konsert proqramı təqdim edilib.

 

Mədəniyyət.- 2021.- 27 oktyabr.- S.8.