BXA və Milli Konservatoriya arasında yaradıcılıq sazişi imzalanıb

 

Bakı Xoreoqrafiya Akademiyası (BXA) ilə Azərbaycan Milli Konservatoriyası (AMK) arasında yaradıcılıq sazişi imzalanıb.

 

Bu münasibətlə BXA-da akademiyanın bədii rəhbəri, rektor vəzifəsini müvəqqəti icra edən Əməkdar artist Nailə Məmmədzadə və AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kəriminin iştirakı ilə görüş keçirilib. Görüşdə hər iki tədris ocağının struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

 

BXA-nın bədii rəhbəri, rektor vəzifəsini müvəqqəti icra edən Nailə Məmmədzadə son zamanlar ölkəmizdə xoreoqrafiyamusiqi sahəsinin inkişafından danışıb. Vurğulayıb ki, mövcud sahənin inkişafı peşəkar kadrlara tələbatı artırıb. Hər iki təhsil müəssisələri arasında əməkdaşlıq müvafiq istiqamətdə yaradıcılığın daha da yüksəldilməsinə şərait yaradacaq.

 

Siyavuş Kərimi BXA ilə əməkdaşlığa və birgə layihələrə hazır olduqlarını bildirib. O, mövcud pandemiya şəraitində çətinliklərə baxmayaraq, BXA-da xoreoqrafiya təhsili sistemində irəliləyişlərin davamlı olmasını arzulayıb.

 

Söhbət əsnasında qarşılıqlı əməkdaşlıq layihələrinin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

 

Sonra yaradıcılıq sazişi imzalanıb. Sazişə əsasən, ali təhsil müəssisələri arasında yaradıcı münasibətin qurulması, qarşılıqlı konsertlərin təşkili, texniki dəstək, yaradıcı görüşlər və təcrübə mübadiləsi nəzərdə tutulub.

 

 

Mədəniyyət.- 2021.- 27 oktyabr.- S.3.