Moskvada Nizami yaradıcılığına həsr olunmuş dəyirmi masa

 

Moskvadakı “Biblio-qlobuskitab evində Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası (ABEA), Rusiya Ədəbiyyatçılar Cəmiyyəti və “Literaturnaya qazeta”nın birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirin birinci hissəsində “Rusiya və Azərbaycanın mədəni ənənələrinin humanist ideyaları və müasir dövrün çağırışları” adlı dəyirmi masa təşkil olunub. Dəyirmi masada Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov, ABEA İdarə Heyətinin sədri Elçin Əsgərov, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, institutun elmi katibi Əzizağa Nəcəfzadə, Rusiya Xarici İşlər Nazirliyinin, Moskva Dövlət Universitetinin, təşkilatçı qurumların nümayəndələri, gənc şairlər iştirak ediblər.

 

Elşad İskəndərov təşkilatçılara təşəkkürünü bildirərək bu cür tədbirlərin hər iki ölkədə humanitar sahələrdə çalışanlar arasında yeni əlaqələrin qurulmasına yardım edəcəyinə ümidvar olduğunu deyib.

 

ABEA-nın İdarə Heyətinin sədri Elçin Əsgərov Nizami yaradıcılığından söz açaraq bildirib ki, o, ümumbəşəri dahi olsa da, məhz Azərbaycan xalqının yetirməsidir. Bu böyük şairin məhz Azərbaycan mədəni irs nümayəndəsi kimi elmi şəkildə geniş araşdırılması ilk dəfə Rusiya tarix elminin təsiri ilə baş verib.

 

Yazıçı və naşir Georgi Pryaxin çağdaş dünyada mədəniyyətin, xüsusilə, ədəbiyyatın oynadığı roldan bəhs edərək, bu cür tədbirlərin humanitar əhəmiyyətini vurğulayıb.

 

Biblio-qlobuskitab evinin baş direktoru Boris Yesenkin Rusiya və Azərbaycanın “Yazan, rəsm çəkən, danışan şəxslər” səviyyəsində dialoqunun aparılmasının vacibliyini qeyd edib.

 

Moskvada fəaliyyət göstərən Azərbaycan icmasının sədri Şamil Tağıyev Rusiyanın paytaxtında hər il gənc şairlərin festivalının keçirildiyini bildirərək, builki tədbirin Nizami Gəncəviyə həsr edildiyini nəzərə çatdırıb.

 

Tədbirdə “Literaturnaya qazeta”nın baş redaktoru Maksim Zamşev, Rusiya Ədəbiyyat Cəmiyyətinin sədri Aleksandr Çistyakov, eləcə də Azərbaycan və Rusiya alimləri çıxış ediblər.

 

Tədbirin ikinci hissəsində azərbaycanlı və rus şairlərin müsabiqələrdə yer tutan şeirləri, eləcə də Azərbaycan xalq mahnıları, Nizaminin sözlərinə bəstələnmiş mahnılar dinlənilib.

 

Mədəniyyət.- 2021.- 27 oktyabr.- S.8.