Xarkov şəhərində ölkəmiz
adına daha bir iftixar yeri
“Mütəfəkkirlər bağı”nda
Mirzə Fətəli Axundzadənin abidəsi qoyulub
Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda yenidən qurulan “Mütəfəkkirlər bağı” burada yaşayan və şəhərə qonaq gələcək azərbaycanlıların da sevimli məkanı olacaq. Bağda Ukrayna, Azərbaycan və Qazaxıstanın tanınmış mütəfəkkirləri – filosof Qriqori Skovoroda, böyük maarifçi, dramaturq
Mirzə Fətəli Axundzadə, şair və yazıçı Abay Kunanbayevə həsr olunmuş abidə-kompozisiyanın açılışı olub.
Qazaxıstanın Xarkovdakı fəxri konsulu, Xarkov Diplomatik Klubunun prezidenti, soydaşımız Emin Nəcəflinin maliyyə dəstəyi, Azərbaycan və Qazaxıstanın Ukraynadakı səfirlikləri, şəhər rəhbərliyinin dəstəyi ilə ucaldılan abidə-kompozisiyanın müəllifi Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanovdur.
Açılış mərasimində diplomatlar, Ali Radanın deputatları, Ukrayna Mədəniyyət Nazirliyinin, Xarkov Şəhər Şurasının, Xarkov Vilayət Dövlət Administrasiyasının rəsmiləri, ictimaiyyət nümayəndələri, soydaşlarımız iştirak ediblər.
Tədbir Azərbaycan, Ukrayna və Qazaxıstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Xarkov Şəhər Şurasının katibi, merin səlahiyyətlərini icra edən İqor Terexov çıxış edərək bildirib ki, “Mütəfəkkirlər bağı” şəhərin ən görməli məkanlarından biri olacaq. “Mən Azərbaycan və Qazaxıstan dövlətlərinə öz minnətdarlığımı bildirirəm ki, bu cür dahi mütəfəkkirlərin abidəsi üçün Xarkov şəhərini seçiblər”, - deyə İqor Terexov əlavə edib. Sonra İqor Terexov göstərdiyi xidmətlərə görə Qazaxıstanın Ukraynadakı fəxri konsulu Emin Nəcəfliyə təşəkkür diplomunu təqdim edib.
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova çıxışında qeyd edib ki, Xarkov şəhərində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin abidəsindən sonra mütəfəkkir ədib Mirzə Fətəli Axundzadənin heykəli də ucaldılması ölkələrimiz arasında etibarlı tərəfdaşlığın bariz nümunəsidir. Səfirlik tərəfindən Mirzə Fətəli Axundzadə haqqında Ukrayna dilində nəşr edilən kitabın nüsxələrinin şəhər kitabxanalarına hədiyyə edildiyini diqqətə çatdıran Elmira Axundova deyib: “Hər üç dahi özünün maarifçilik fəaliyyəti, çoxçeşidli yaradıcılığı ilə dövrünün parlaq simalarından olublar. Mən inanıram ki, hər üç ölkənin dahi şəxsiyyətlərinin abidə-kompozisiyası olan park şəhər sakinlərinin və qonaqların sevimli məkanına çevriləcək”.
Qazaxıstanın Ukraynadakı səfiri Darxan Kaletayev bildirib ki, kompozisiyada hər üç mütəfəkkirin obrazı milli çalarda, gələcək nəsillərə ötürüləcək düşüncə ilə əks olunub: “Bu abidə-kompozisiya Qazaxıstan, Azərbaycan və Ukrayna arasında körpü rolunu oynayacaq”.
Abidənin müəllifi Seyfəddin Qurbanov layihənin gerçəkləşməsində xidmətləri olan hər kəsə təşəkkürünü bildirib: “Yaradıcılığımda bir çox janrlara müraciət etmişəm. Bu mütəfəkkirləri bir araya gətirmək asan deyildi. Bu kompozisiyada su, güclü ağac kökləri var. Bizim mütəfəkkirlərimiz orada dayanır, onların sayəsində yeni nəsil yetişir, ona görə də ağacın başında yeni nəslin simvolu olan cücərtilər yer alır”.
Qazaxıstanın Xarkovdakı fəxri konsulu Emin Nəcəfli isə çıxışında bu layihənin gerçəkləşməsində verdikləri dəstəyə görə, Azərbaycanın və Qazaxıstanın Ukraynadakı səfirliklərinə və Xarkov şəhər rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, abidə kompleksi 3 dəqiqə ərzində 360 dərəcə fırlanır, bu da layihəyə marağı daha da artırır.
Ukraynanın mədəniyyət nazirinin birinci müavini Rostislav Karandeev, Xarkov Vilayət Şurasının sədri Tatyana Yeqorova-Lutsenko və digər çıxış edənlər də təbriklərini çatdırıblar.
Bağda iştirakçılar tərəfindən ağaclar əkildikdən sonra tanınmış müğənnilərin iştirakı ilə konsert keçirilib.
Xatırladaq ki, sentyabr ayında Xarkov şəhərində Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışı olub.
Mədəniyyət.- 2021.- 27
oktyabr.- S.1;8.