Qələbə bütün dünyaya bizim böyük xalq olduğumuzu göstərdi

 

Tarixi Zəfərdən sonra ölkəmizin yeniləşməsi, müasirləşməsi tam yeni müstəviyə çıxmalıdır”

 

 

 

Bir il bundan əvvəl müzəffər Azərbaycan Ordusu Qubadlını erməni işğalından azad etmişdir... 25 oktyabr müharibənin gedişatında önəmli yer tutub. Çünki Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra biz Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdik. Beləliklə, Laçın dəhlizini nəzarətə götürdük və artıq müharibənin taleyi həll edilmişdi.

 

Prezident İlham Əliyev bu sözləri oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

 

Dövlət başçısı qeyd edib ki, həmin vaxt hələ Şuşa uğrunda şiddətli döyüşlər qabaqda idi, digər yaşayış məntəqələrimizin azad olunması ilə bağlı əməliyyat planları hazırlanırdı: “Ancaq artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qabağımızda heç bir qüvvə dayana bilməz. Biz Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq”.

 

Prezident vurğulayıb ki, 44 günlük Vətən müharibəsində hər bir yaşayış məntəqəsinin azad edilməsi tarixi hadisə idi: “İlk gündən başlayaraq müharibənin son gününə qədər Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedirdi. Birinci gündə 4 kəndin azad edilməsi Azərbaycan xalqına çox böyük sevinc bəxş etdi. Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq və o vaxt, əlbəttə, heç kim deyə bilməzdi müharibə nə qədər davam edəcək...”.

 

Şanlı Qələbəni bizə bəxş edən qəhrəman şəhidlərimizin xatirəsini bir daha ehtiramla yad edən Prezident İlham Əliyev vurğulayıb ki, onların arasında Qubadlıdan olan və Qubadlı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Milli Qəhrəman Şükür Həmidov da var: “Şükür Həmidov bizim ən istedadlı və cəsarətli hərbçilərimizdən biri idi. O, Aprel döyüşlərində böyük qəhrəmanlıq göstərmişdi. Məhz bu qəhrəmanlığa görə mən ona Milli Qəhrəman adını verdimözüm də şəxsən onu bu mükafatla təltif etdim... Eşidəndə ki, Şükür həlak olub, bizim hamımızın ürəyi ağrıdı. Şükürün həlak olması bizim üçün böyük itkidir, onun ailəsi, onun yaxınları, atası üçün, hamımız üçün. Ona görə bu gün Qubadlının azad olunmasının birinci ildönümündə mən Şükürün əziz xatirəsini xüsusilə yad etmək istəyirəm. O, bütün hərbçilərimiz üçün, gənc nəsil üçün nümunədir, öz canını doğma diyar uğrunda fəda edib və şəhadət zirvəsinə ucalıb”.

 

Prezident qeyd edib ki, şəhidlərimizin xatirəsi əbədiləşdirilir. Azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr olacaq, onların adı məktəblərə veriləcək: “Ölkəmizin müxtəlif bölgələrində, o cümlədən bu bölgədə – Qarabağ-Zəngəzur bölgəsində bütün bərpa işləri başa çatandan, küçələr salınandan, məktəblər tikiləndən sonra bu da olacaq. Ancaq görüləsi işlər çoxdur. Sizin bir çoxunuz ilk dəfədir ki, Zəfərdən sonra Qubadlıya səfər edirsinizgörürsünüz ki, düşmən hər tərəfi dağıdıb. Qubadlı şəhəri demək olar ki, yerlə yeksan edilib, bir salamat bina yoxdur. Sadəcə olaraq, erməni hərbçiləri öz məqsədləri üçün bir neçə binadan istifadə etmişdir, onlar da bərbad vəziyyətdə idi. Mən bura keçən il dekabr ayında gələndə gördüm ki, onlar da bərbad vəziyyətdədir. Ona görə biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq”.

 

Dövlət başçısı diqqətə çatdırıb ki, Qubadlı şəhərinin Baş planı hazırlanır yaxın aylarda təqdim ediləcək: “Baş plan ən müasir normalara uyğun olacaq Qubadlının təbiəti tarixi keçmişi memarlıqda nəzərə alınacaq. Amma, eyni zamanda, artıq bu gün Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Bu gün biz yeni yarımstansiyanın açılışını qeyd etdik bu, azad edilmiş torpaqlarda yeddinci yarımstansiyadır. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır.

 

Mənə verilən məlumata görə, sovet vaxtında Qubadlı rayonunun ümumi istehlakı 12 meqavat idi. Ancaq bu yarımstansiya 40 meqavata hesablanıb lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Yəni, biz Qubadlının gələcək inkişafını belə görürük. Sovet vaxtında, işğala qədər Qubadlı rayonunun əhalisi haradasa 28 min idi, indi mənə verilən məlumata görə əhali 40 minə çatıb”.

 

Qubadlı rayonunun zəngin təbiəti, təbii sərvətləri ilə böyük potensiala malik olduğunu deyən İlham Əliyev vurğulayıb ki, iqtisadi inkişaf, hansı sahələrin inkişaf edəcəyi ilə bağlı düzgün planlaşdırma aparılmalıdır. Əlbəttə ki, biz bura yerli, xarici investorları cəlb edəcəyik. Yəni böyük planlarımız var, konseptual yanaşma mövcuddur. Ancaq bundan sonra dəqiq planlaşdırma aparılmalıdır və əminəm ki, Qubadlı sakinləri fəal iştirak edəcəklər: “Azad edilmiş rayonların iqtisadi inkişafı ilə bağlı bir daha demək istəyirəm ki, bizim çox dəqiq planlarımız olmalıdır. Biz çox yaxşı təcrübə toplamışıq, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları uğurla icra edilir. Artıq bir neçə proqram icra edilmişdiro təcrübədən faydalanaraq bu bölgədə, əlbəttə, çox düzgün planlaşdırma aparılmalıdır. Bir daha demək istəyirəm ki, infrastruktur layihələri ilə bağlı, evlərin tikintisi ilə bağlı, kəndlərin bərpası ilə bağlı artıq ilkin təkliflər var. Əsas budur ki, buraya qayıdacaq insanlar yaxşı yaşasınlar, yəni, onların rifahı yüksək olsun. Bunun üçün də əlbəttə ki, şərait yaradılacaq, amma onların məşğul olacağı sahələr düzgün müəyyən edilməlidir... Belə səfalı torpaqlarda ancaq yaxşı dolanışıq olmalıdır”.

 

Prezident qeyd edib ki, işğaldan azad edilmiş digər bölgələrimiz kimi, Qubadlıda da düşmənin illər boyu həyata keçirdiyi talançılığın mənzərəsi göz qabağındadır: “Yəni, onlar bu torpaqlara yad bir torpaq kimi baxırdılar. Sadəcə olaraq, bu torpaqları istismar edib, ağacları qırıb, bizim təbii sərvətlərimizi talayıb, çaylarımızı zəhərləyib öz mənfur xislətlərini göstərirdilər. Amma bu gün bütün dünya bunu görür, bütün dünya. Çünki bunu gizlətmək mümkün deyil. Gələn hər bir insan bu dağıntıları görür və erməni faşizminin bax bu sübutlarını görür. Amma biz qurucu xalqıq və Qubadlını yenidən quracağıq”.

 

Dövlət başçısı vurğulayıb ki, müharibə başa çatıb, amma bizi hələ döyüşməyə məcbur edirlər. Biz istənilən formada – istər siyasi meydanda, istər hərbi meydandabuna hazırıq: “Biz artıq göstərmişik ki, heç kimin qabağında baş əyən xalq deyilik. Ancaq bununla yanaşı, bizim qarşımızda çox böyük quruculuq işləri dayanır. Bu da müharibədə əldə edilmiş Qələbəyə uyğun səviyyədə aparılmalıdır. Ümumiyyətlə, bu tarixi Zəfərdən sonra ölkəmizin yeniləşməsi, müasirləşməsi, aparılan islahatlar, xoşagəlməz hallarla mübarizə, əlbəttə, tam yeni müstəviyə çıxmalıdır. Çünki bu Qələbə bütün dünyaya bizim böyük xalq olduğumuzu göstərdi, eyni zamanda, bizi sözün yaxşı mənasında məcbur edir ki, biz qabağa ancaq düz yolla gedək. Bax, sizinlə bərabər, bütün Azərbaycan ictimaiyyəti ilə bərabər biz bu yolu gedəcəyik...”.

 

Mədəniyyət.- 2021.- 27 oktyabr.- S.2.