Səhnənin qulu da, ağası da, xanı
da olmaq...
Ağaxan Salmanlı-80
Yaddaşımı itiləyib onun obrazlar qalereyasını xatırlamağa çalışanda qəribə bir təsvir yarandı: uzaqlaşan işıqların altında ağ frak geyinmiş, qırmızı “kəpənək” bağlamış bir kişi həsrətlə səhnəyə baxır. Kədərli və amansız mənzərə... Konkret yadımda deyil, kim deyib, amma maraqlı mülahizədir: aktyorlar hansı yaşlarında ölsələr də, biz onların ölümünü zamansız kimi qəbul edirik. Yəqin bu da onların, əslində, şansı, ən böyük mükafatlarıdır. Çünki dünya adlı səhnədə qaldıqları müddətdə yox, ondan sonra da xatırlanırlar.
Xalq artisti, yaxşı ifaçı Ağaxan Salmanlı zahirdə mahir yumor ustası, daxildə usta dramatizmini yumorun silahına çevirən unikal aktyorlardan biri idi. Onu yada salarkən, istər-istəməz, səhnənin, sənətin ağa kimi qulu, qul kimi xanı olaraq xatırlayıram. Yaddaşımla inadlaşıb zaman əqrəbini oynadığı son rollarından biri üzərində dayandırıram. Hersoq Bekingem.
Vilyam Şekspirin 450 illik yubileyi şərəfinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulan “III Riçard”ın (rejissor Cənnət Səlimova) Hersoq Bekingemi Ağaxan Salmanlı idi. Əsas plan rollarından deyildi. Heç özünün də köməkçi vasitələrdən bəhrələnməklə gözə soxmaq, irəliyə, mərkəzə can atmaq iddiası yox idi. Amma və lakin tamaşaçı bu yaşlı və yorğun aktyorun qəhrəmanı ilə uzlaşmasını yaxşı duymuşdu. Ağaxanın da məhz bu xoşuna gəlmişdi, yəqin. Ona görə də illərin təcrübə və özünə inamı sayəsində baş qəhrəmanın kölgəsində yer almayan bir oyun sərgiləyirdi.
Bir anlıq səhnədəki aktyorla obrazı arasındakı rabitəsini bu mənada ən real və dolğun təsir mexanizmi kimi işə salıb, 80 illik yubiley xatırlamasında onu məhz bu rakursdan təqdim etmək istədim.
Bu gün onun günüdür. “Aktyorluq əsgəri xidmət kimidir” deyib bütün ömrünü sənətin, səhnənin müsəlləh əsgəri kimi keçirən Ağaxan Salmanlı yaşasaydı 80 illik yubileyini tamaşaçıları ilə qeyd edəcəkdi.
Ağaxan Əli oğlu Salmanlı 29 oktyabr 1941-ci ildə Bakıda anadan olub. Sənətə gedən yolunda ilk addımları indiki Suraxanı Mədəniyyət sarayındakı fəhlə-gənclər özfəaliyyət dram dərnəyində atır. İstedadı və tamaşaçı ilə ünsiyyət qabiliyyətinə görə bir il Azərbaycan Dövlət Kukla Teatrında həvəskar aktyor kimi çalışır. Daha sonra Dövlət Teatr İnstitutunun (indiki ADMİU) Dram-kino aktyorluğu fakültəsində görkəmli sənətkar Rza Təhmasibin kursunda təhsil (1960-1964) alır. Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında başlayır və bütün yaradıcılığı boyu bu sənət ocağına sadiq qalır.
Teatr səhnəsinə ilk dəfə S.Dağlının “Bahar oğlu” əsəri əsasında səhnələşdirilən “Aydınlığa doğru” tamaşasında Cəfər Cabbarlı obrazı ilə çıxır. Beləcə, uzun illər müxtəlif xarakterli rollara maraqlı və özünəməxsus yozumlar verir: Romeo (“Romeo və Cülyetta”), Səməd (“Sən nə üçün yaşayırsan?”), Kazım (“Məhəbbət bir bəladır”), Qulam (“Pul dəlisi”), Hacı Murad (“Tamahkar”), Kərbəlayı Mirzalı (“Danabaş kəndinin məktəbi”), Flibert (“Məzəli hadisə”), Bəylər (“Nənənin kələyi”), Milisioner Səfər (“Buzovna kəndinin əhvalatları”) və s.
Kütləvi tamaşaçıya filmlərdən, televiziya tamaşaları və proqramlarından yaxşı tanış olan Ağaxan Salmanlı “Mozalan” kinojurnalının da sevilən, arzulanan aktyorlarından idi.
Özünü tamaşalarda rejissor kimi də sınaqdan çıxaran aktyor, çalışdığı teatrla yanaşı, Lənkəran və Dərbənd teatrlarında da bir neçə tamaşaya yaddaqalan quruluş verməyi bacarıb. Bunlar daha çox uşaq və yeniyetmələr üçün tamaşalar olsa da, onun aktyorla, tamaşaçı ilə ünsiyyət imkanları bütünlükdə öz ifadəsini tapa bilib. “Dovşanın ad günü”, “Qarışqa şıllaq atdı”, “Pul dəlisi”, “Xatirə”, “Nənənin kələyi” tamaşaları onun sənət tərcümeyi-halında da xüsusi yer tutur.
Uşaqları çox sevən Ağaxan Salmanlı bir çox cizgi filmlərində səsi ilə görünürdü. Uşaqlıq yaddaşımızı yaxşı mənada işğal edən “Tülkü həccə gedir” cizgi filminin Tülküsü, “Pıspısa xanım və Siçan bəy”in Canavarı, eləcə də müxtəlif mövzulu bədii və sənədli filmlərin təsirli səsi o idi.
Ümumiyyətlə, filmoqrafiyasındakı əksər ekran əsərlərində onu ya epizodda (bəzi filmlərdə titrlərdə adı da yoxdur) görür, ya da səslənmədə eşidirik. Özünəməxsus səs tembri onu başqa aktyorların görüntüsündə ekran yaddaşına köçürə bilib.
Hər zaman böyük maraqla izlənən, ən yaxşı televiziya tamaşalarından hesab olunan “Ordan-burdan”ın Doktor Bayramı onun özünəməxsus ifasında, aktyor çalarlarında xüsusilə seçilir. Maraqlı və baxımlı rollarından biri də Mirzə Cəlilin hekayələri əsasında ekranlaşdırılan “Nigarançılıq” teletamaşasında Məşədi Səfərdir. Bu rolda məhrumiyyətlərə məruz qalmış, əzilmiş, incidilmiş insanın faciəsini qara yumor, sarkazm, ümumən öz faciəsinə gülə bilmək rahatlığı ilə göstərə bilib.
Ağaxan Salmanlı zəhmətkeş
aktyor idi. Rollar arasında
fərq qoymaz, səhnədə olmaqdan zövq alardı.
1978-ci ildə “Əməkdar
artist”, 2006-cı ildə isə
“Xalq artisti” fəxri adlarına layiq görülən aktyor “Qızıl dərviş” mükafatı
laureatı idi.
“Tamaşaçılar həm müxtəlif zövqə, həm də teatr anlayışı
baxımından müxtəlif
düşüncə tərzinə
malikdirlər” deyən
aktyor tamaşaçısını,
onunla canlı və ya ekran
vasitəsilə ünsiyyət
quran izləyicisini yaxşı tanıyırdı. Bu mənada televiziya proqramlarındakı ayrı-ayrı
səhnəciklərdə biz hər dəfə başqa bir obraz və yanaşmanı
görürdük.
Bu baxımdan “Səhər görüşləri”ndəki Lyubimçik Ağəlini,
“Ordan-burdan”dakı “mne
eto nado” deyən Doktor Bayramı kütləvi tamaşaçıya sevdirə
bilmişdi. O rollardakı
replikalar kütləviləşmiş,
lətifəyə çevrilmişdi.
Tamaşaçı yaddaşında lirik-dramatik,
yumor və satirik məqamlarla dolu rolları ilə qalan aktyor həyat obrazını təsirli oynadı. 29 fevral
2020-ci ildə səhər
saatlarında qəfil
ürəktutmasından vəfat
etdi. Ürəklə oynadığı rolları, ürəkli qəhrəmanları və
onu ürəkdən sevən tamaşaçıları
ilə vidalaşdı.
Beləcə, saçlarını
səliqə ilə yana daramış
ağ fraklı, qırmız “kəpənək”li
kişi işıqlı
səhnəsindən bizə
son dəfə əl yellədi...
Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2021.- 29 oktyabr.- S.5.