Bizi hələ də vahid mədəni məkan birləşdirir

 

P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi münasibətilə keçirilən konsertin iştirakçı və tamaşaçıları – Azərbaycanın və Rusiyanın tanınmış mədəniyyət xadimləri təəssüratlarını bölüşüblər.

 

 

 

Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu:

 

– Mən də Bakı Musiqi Akademiyasında, Qara Qarayevin sinfində təhsil almışam və 1968-ci ildə Bəstəkarlıq fakültəsini bitirmişəm. Azərbaycanın Rusiyadakı səfiri kimi BMA-nın yubileyinin Moskvada keçirilməsi üçün əlimdən gələni etmişəm. Açığını deyim ki, çox ciddi problemlər, koronavirusla bağlı məhdudiyyətlər var idi. Şadam ki, iştirakçıların hamısı Moskvaya gələ bilibbiz BMA-nın yubileyini dünyanın ən tanınmış konsert zallarından biri olan Moskva Konservatoriyasının Böyük salonunda keçiririk. Tədbirin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm və Qələbəmizin birilliyi ərəfəsində belə bir tədbirin keçirilməsindən qürur duyuram.

 

 

 

BMA-nın rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli:

 

İlk növbədə Heydər Əliyev Fonduna minnətdarlığımı bildirmək istərdim, çünki bu tədbir Fondun təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Üzeyir bəyin qurduğu akademiyamızın 100 illiyinin Moskva Konservatoriyasının Böyük zalında qeyd olunması böyük şərəfdir. Musiqiçilərimizi dünyanın ən yaxşı simfonik orkestrlərindən biriMixail Pletnyovun rəhbərliyi ilə Rusiya Milli Orkestri müşayiət edir. Bu gün biz Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın Qarabağın azad edilmiş torpaqlarına səfərlərini izləyirik və bu hadisələr bizi dünyanın ən yaxşı səhnələrində çıxış etməyə həvəsləndirir. Tədbirin təşkili üçün Azərbaycanın Rusiyadakı Səfirliyinə, dostum Polad Bülbüloğluna da təşəkkürümü bildirirəm. O da bizim akademiyanın məzunudur.

 

 

 

Moskva Dövlət Konservatoriyasının rektoru Aleksandr Sokolov:

 

Moskva və Bakı konservatoriyalarını möhkəm dostluq əlaqələri bağlayır. Bu, çox yaxşı ənənədir. İndi biz gələcəyə baxmalı, elə etməliyik ki, bizim tələbələrimiz, gələcək nəsil Rusiya və Azərbaycan musiqiçiləri də qarşılıqlı yaradıcılıq mübadiləsinə ehtiyac duysunlar.

 

 

 

Xalq artisti Yalçın Adıgözəlzadə:

 

Tarixi bir gündür. Üzeyir bəyin adını daşıyan akademiyamızın yubileyini Moskvada qeyd edirik. Biz hamımız bu təhsil ocağının məzunuyuq. Bəzilərimizin valideynləri də, məsələn, mənim atam, əmim bu ocaqda təhsil alıblar. Bugünkü konsertin daha bir diqqət çəkən məqamı var. Düz 30 il əvvəl, 1991-ci il yanvarın 20-də Moskva Konservatoriyasının Böyük zalında “Qarabağ şikəstəsi” oratoriyasının premyerası baş tutmuşdu. O zaman mən və Alim Qasımov bu səhnəyə çıxdıq, ancaq oratoriyanın adındakı “Qarabağsözü çıxarıldı və əsər “Vasif Adıgözəlov, “Şikəstə” kimi təqdim olundu. Otuz il keçdi, torpaqlarımız qayıtdı və indi bu zaldaQarabağ şikəstəsi” yenidən ifa olunur.

 

 

 

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy:

 

– Bakı Musiqi Akademiyasının yetirmələrinə dünyanın hər yerində rast gəlmək olar. Bu gün BMA-nın yubileyinin Moskva Konservatoriyasının Böyük salonunda keçirilməsi göstərir ki, bizi hələ də vahid mədəni məkan birləşdirir. Musiqi sərhəd tanımır və bu gün Azərbaycan musiqiçiləri moskvalılara unudulmaz bayram bəxş etdilər. Bu, bir daha sübut edir ki, Azərbaycan və Rusiya xalqlarını dərin dostluq əlaqələri birləşdirir.

 

 

 

TASS Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman:

 

Heydər Əliyev Fondunun Bakı Musiqi Akademiyasının yubileyini Moskvada keçirmək təşəbbüsü olduqca əlamətdardır. Əfsanəvi Bakı Konservatoriyasında Moskvanın, Sankt-Peterburqun da tanınmış pedaqoqları dərs deyiblər. Azərbaycanın ən yaxşı musiqiçilərinin, BMA-nın məşhur məzunlarının çıxışı, dahi Azərbaycan bəstəkarlarının əsərlərinin səslənməsi bu gecəni Moskvanın mədəni həyatında əlamətdar hadisəyə çevirir.

 

 

 

Xalq artisti Alim Qasımov:

 

Üzeyir bəyin yaratdığı konservatoriyanın 100 illiyini qeyd edirik. Bakı Musiqi Akademiyası tarixi yol keçib, böyük şəxsiyyətlər bu təhsil ocağında yetişib. Akademiyanın yubileyinin dünya şöhrətli Moskva Konservatoriyasında qeyd edilməsi əlamətdar hadisədir.

 

 

Mədəniyyət.- 2021.- 29 oktyabr.- S.5.