Teatrların repertuarında Qələbəmizə
həsr olunmuş əsərlər yer almalıdır
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi ilə görüşüb.
44 günlük Vətən müharibəsinin ildönümünü yaşadığımız bu günlərdə yaradıcı kollektivlərin qarşısında duran mühüm vəzifələrdən, Ali Baş Komandanımızın rəhbərliyi ilə Ordumuzun əldə etdiyi Zəfərdən, ölməz şəhidlərimizin, qazilərimizin igidlik salnaməsindən söz açan Elnur Əliyev “yenilməz xalqın qüdrətli də mədəniyyəti olmalıdır” fikrini vurğulayaraq son vaxtlar Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən tədbir və layihələr barədə danışıb. Ölkə Prezidentinin sərəncamı ilə “Nizami Gəncəvi İli”nin ölkəmizdə və onun hüdudlarından uzaqlarda geniş qeyd olunmasının vətənimiz üçün nə qədər əhəmiyyətli bir hadisə olduğu diqqətə çatdırılıb.
Teatrların pandemiya dövründən sonrakı fəaliyyətinin nə qədər məsuliyyətli bir zamana gəlib çatdığını vurğulayan Elnur Əliyev iki ilə yaxın bir müddətdə teatrdan ayrı düşən tamaşaçıların yenidən teatrlara cəlb edilməsi, repertuar siyasətində tarixi Qələbəmizə həsr olunmuş əsərlərin, xalqı düşündürən, onları narahat edən, günümüz üçün aktual olan mövzuların daha geniş miqyasda yer alacağının vacibliyini qeyd edib. Qələbəmizdən bəhs edən əsərlərin istər ölkə daxilində, istərsə də xaricdə təqdim olunması məsələsi də müzakirə olunub.
Görüşdə çıxış edən Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, Əməkdar artist Əkbər Əlizadə müzakirə olunan məsələlər barədə fikirlərini bildiriblər.
Nazirin birinci müavini teatrda rejissor Samir Qulamovun quruluşunda hazırlanan, Zəfər Gününə həsr olunmuş “Bir nəfəs qədər” tamaşasının məşqlərini izləyib, sənət adamları ilə səmimi söhbət edib, teatrın texniki-istehsalat sahəsi, ayrı-ayrı sexlərin fəaliyyəti ilə də tanış olub.
Mədəniyyət.- 2021.- 29 oktyabr.- S.2.