Ulu öndərin Şuşaya
məhəbbətinin ifadəsi
“Şuşa bütün azərbaycanlılar üçün əziz bir
şəhərdir, əziz bir
torpaqdır”
Ötən əsrin 80-ci illərini Şuşa tarixinin qızıl dövrü adlandırsaq, heç də yanılmarıq. Həmin illərdə şəhərin şeriyyətlə, musiqi ilə dolu mədəni həyatında dərin iz qoyan, bu yurda yeni həyat verən, onu zinətləndirən iş, böyük ədəbi hadisə Heydər Əliyevin adı ilə bağlıdır: böyük şair Molla Pənah Vaqifin məqbərəsinin açılışı və Vaqif Poeziya Günləri.
1981-ci ilin axırlarında Molla Pənah Vaqifin məqbərəsinin tikintisi başa çatdırıldı və bununla da şəhərin müasir memarlığına əzəmətli bir abidə daxil oldu. 1982-ci il yanvarın 14-də məqbərənin, eyni zamanda Poeziya evinin təntənəli açılışı oldu.
Həmin gün şuşalıların xatirəsində bu gün də yaşayır. Xalqımızın böyük oğlu Heydər Əliyevin gəlişini səbirsizliklə gözləyən minlərlə insan əziz qonağı layiqincə qarşılamaq üçün küçələrə çıxmışdı. Heydər Əliyev Şuşanı həmişə özünə doğma sayırdı. Vaqifin məqbərəsinin açılışında iştirak etmək üçün Bakıdan Mərkəzi Komitənin Büro üzvlərindən, çoxsaylı ədəbiyyat və incəsənət xadimlərindən ibarət böyük bir heyəti də özü ilə gətirmişdi.
Tədqiqatçı-jurnalist Vasif Quliyev həmin hadisələri belə xatırlayır:
“…Şuşa “qar çiçəyi”nə bələnmişdi. Lopa-lopa güclü yağan qar şəhərə xüsusi bir gözəllik verirdi. Amma buz bağlamış yollar maşınların gediş-gəlişinə imkan vermirdi. Bunu görən yerli camaat Heydər Əliyevin əyləşdiyi maşını “Xan qızı bulağı”nın qarşısından “Güllü bağ”ın qabağınadək qucaqlarında çıxarmışdılar. Maşın karvanı Cıdır düzü tərəfə istiqamət götürdü. Şuşadakı qarlı havaya baxmayaraq tədbir yüksək səviyyədə keçdi. Ölməz Səməd Vurğunun
Qalxacaq, şairim, bir gün heykəlin,
Bizim Qarabağın Cıdır düzündə.
Vaqif canlanacaq onun üzündə... –
misraları yazılmış lövhə məqbərənin görümlü yerindən asılmışdı. Alqış səsləri altında dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası dağlarda, daşlarda, dərələrdə əks-səda verdi, əsrarəngiz Qarabağ çöllərinə yayıldı. Heydər Əliyev məqbərənin qarşısındakı lenti kəsdi, sonra nitq söylədi və dərin məzmunlu çıxışının sonunda bunu əlavə etdi: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir azərbaycanlı üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir abidədir. Şuşanı çox sevirəm. Mən hər hansı bir rayona yox, yalnız Şuşaya tez-tez gələ bilərəm və özü də ailə üzvlərimlə birlikdə. Çünki bu şəhər mənə doğmadan doğmadır. Və sizə söz verirəm ki, tez-tez gələcəyəm, heç vaxt da köməyimi əsirgəməyəcəm. Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı hər şeyi qorumaq, qədim tikililəri bərpa etmək lazımdır”.
Sonra Heydər Əliyev bildirdi ki, bu qarlı havada şəhəri maşınsız, piyada gəzəcək. Elə də oldu. O, bir neçə obyektin, o cümlədən Poeziya evinin açılışında iştirak etdi. “Vaqif məqbərəsi” ədəbi birliyinin üzvləri ilə görüşdü, onların şeirlərini dinlədi. Elə oradaca gənc yazarlar hər il Şuşada Vaqif poeziya günlərinin keçirilməsini təklif etdilər. Bu təklifi çox yaxşı qarşılayan Heydər Əliyev onunla tədbirə gələn yazıçılara – Mirzə İbrahimova, İsmayıl Şıxlıya məsləhət gördü ki, şuşalı gənclərin bu arzusunu nəzərə almaq və bu ənənəni hər il davam etdirmək lazımdır. Hər il Şuşada Vaqif Poeziya Günləri keçirilməlidir. Sonra əlavə etdi ki, özü də gəlib iştirak edəcək.
Həqiqətən də, o gündən böyük bir mədəni tədbirə start verildi və Heydər Əliyev həmin il iyulun 29-da Şuşaya gəldi. Şuşaya yenidən öz şərəfli gəlişi, elm, ədəbiyyat, incəsənət xadimlərini, ailə üzvlərini – həyat yoldaşı Zərifə xanımı və oğlu – indi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi də gətirməsi onun bu diyara və milli ədəbiyyatımıza, tariximizə diqqətinin daha bir təzahürü idi”.
Tədqiqatçı-jurnalist həmin günün yaddaqalan bəzi epizodlarını xatırlayaraq deyib: “Tədbir keçirilən vaxt Şuşanın qocaman sakinlərindən biri, 86 yaşlı el ağsaqqalı “Dağ İsmayıl” ləqəbli çayçı İsmayıl Əlişov addım-addım tribunaya sarı gələrkən mühafizə xidmətinin əməkdaşları onun qarşısını kəsmək istədilər. Bu, Heydər Əliyevin gözündən yayınmadı. Tədbir başa çatandan sonra o, İsmayıl kişini yanına çağırtdıraraq soruşdu: “Bəlkə, mənə bir sözün var?” İsmayıl kişi dedi ki, Heydər müəllim, əvvəla, Şuşaya xoş gəlmisiniz! Sizdən bir təvəqqem var ki, bura tez-tez gələsiniz, həm də əlidolu gələsiniz. Burada belə xeyirxah işlər görmək üçün çoxlu vəsait də ayırasınız. Heydər Əliyev gülə-gülə dedi: “İsmayıl əmi, sizə söz verirəm ki, tez-tez gələcəyəm, heç vaxtda köməyimi Şuşadan əsirgəməyəcəm”. Çayçı İsmayıl kişi onun əllərindən bərk-bərk yapışaraq evinə qonaq dəvət etdi. Bu təklifi çox səmimi qəbul edən Heydər Əliyev “sağlıq olsun, sonra gələndə qonaq olaram” dedi.
Azərbaycanın görkəmli şair və yazıçılarının, tanınmış müğənni və musiqiçilərinin Cıdır düzündəki çıxışları və konsertləri də unudulan deyil. Lütfiyar İmanov, Zeynəb Xanlarova, Arif Babayev, Ədalət Nəsibov, Teymur Mustafayev, Amaliya Pənahova, Əliabbas Qədirov və başqalarının iştirakı poeziya bayramına daha bir gözəllik və rəngarənglik bəxş etdi.
Sonra Cıdır düzündə böyük konsert oldu. Zeynəb Xanlarova oxuyanda bərk yağış yağmağa başladı. Buna baxmayaraq, Heydər Əliyev ailəsi ilə birlikdə onu axıradək dinlədi, ağsaqqallardan kimsə dedi ki, yoldaş Heydər Əliyev, siz Şuşaya gələndə sanki təbiət cuşa gəlir. Birinci dəfə qar yağmışdı, indi isə leysan yağdı. Xahiş edirəm, bir də gələndə elə edin ki, günəşli hava olsun. Heydər Əliyev gülümsəyərək “söz verirəm ki, bundan sonra Şuşaya günəşli gündə gələcəyəm!” dedi.
Qonaqların növbəti tanışlığı Saatlı məscidində fəaliyyət göstərən “Vaqif çeşməsi” ədəbi birliyinin üzvləri ilə oldu. Bura Heydər Əliyevlə birlikdə Süleyman Rüstəm, Lətif Kərimov, Mirzə İbrahimov, Niyazi, İsmayıl Şıxlı, Süleyman Ələsgərov, Nazim Axundov, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Söhrab Tahir, Qabil, Fikrət Sadıq, Xəlil Rza, Nəriman Həsənzadə, Məmməd Araz, İlyas Tapdıq, Cabir Novruz, Tofiq Bayram, Fikrət Qoca, Anar, Elçin və başqa şair, yazıçı, incəsənət xadimləri də gəlmişdi. Onlar poeziya evi və dərnək üzvləri ilə yaxından tanış oldular. Heydər Əliyev bir neçə şairin söylədiyi şeirləri məmnunluqla dinlədi.
Qonaqlar getmək istəyərkən çayçı Süleyman milli geyimdə üst-üstə yığdığı çayla dolu on-on beş stəkanı çox cəldliklə əvvəlcə Heydər Əliyevə, sonra digər qonaqlara təklif etdi və “yoldaş Əliyev, sənə qurban olum, çay içməmiş hara gedirsiniz?! Kəkotu çayıdır, heç olmasa bir stəkan için!”.
Heydər Əliyev çayçı Süleymana zarafatla dedi: “Ay qalalı, kəkotu yox, kəklikotu!” Onun bu yaddaqalan şirin zarafatı nə şuşalıların, nə də qonaqların yadından çıxmayıb.
İyulun 29-dan avqustun 2-dək Heydər Əliyev Şuşada qaldı, bir sıra tədbirlərdə - Xalça muzeyinin, Rəsm qalereyasının, şəhər parkında Natəvanın büstünün açılışında iştirak etdi. Həmin günlərdə Şuşanın tarixinə daha şanlı səhifələr yazıldı...
Heydər Əliyevin Şuşaya bu qədər diqqət və qayğı göstərməsi heç də adi məsələ deyildi. Bu, ilk növbədə Ermənistana, ermənilərə xəbərdarlıq idi ki, Qarabağdan gözlərini çəksinlər. Respublika rəhbərinin Şuşa şəhərinə xüsusi qayğıkeşliklə yanaşması, bir ildə iki dəfə ən məşhur azərbaycanlı ziyalılarla bura gəlməsi Heydər Əliyevin kölgəsini daim qılınclayan, paxıl, xəbis, kinli düşmənlərin gözünə ox kimi batırdı.
1982-ci ilin payızında Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin olunması ilə əlaqədar Moskvaya köçdü və Şuşaya gələ bilmədi...
...Artıq həmin günlərdən 39 il keçib və 29 il idi ki, Molla Pənah Vaqifin məqbərəsi və Şuşanın digər tarixi abidələri erməni vəhşiliyinin qurbanına çevrilmişdi. Şuşanın nə mədəniyyət və istirahət parklarından, nə də Cıdır düzündən tar, kaman, dəf səsləri eşidilmirdi…
Lakin vaxt gəldi, Heydər Əliyev siyasi kursunun ləyaqətli davamçısı, Prezident İlham Əliyevin Ali Baş Komandan olduğu qüdrətli Ordumuz öz sözünü dedi. Şuşa “Xarıbülbül” festivalına ev sahibliyi etdi. Şuşada Molla Pənah Vaqifin məqbərəsi bərpa edildi, bu yurdun şöhrət bayrağı kimi yenidən ucaldıldı. Poeziya bayramı ənənəsi təzədən davam etdirilməyə başladı. “Qarabağ şikəstəsi” yenə də Cıdır düzünün dörd-bir tərəfini dolaşır, Topxanada əks-səda verərək ətrafa yayılır”.
Mədəniyyət.- 2021.- 1
sentyabr.- S.1;5.