Otuz ildir
yığılıb qalan
hiss-duyğuların təəssüratı
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar:
Unudulmaz ulu öndərin ucaltdığı və vandalların uçurduğu bu Vaqif məqbərəsi bu gün əvvəlki əzəməti ilə dirçəlib. Buna, Vaqif Poeziya Günlərinin bərpasına, cənab Prezident və Mehriban xanımın şəxsən bu tədbirdə iştirak etdiyinə görə mən bütün Azərbaycan yazıçıları adından dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Vaqif Azərbaycan
poeziyasında nadir yeri
olan şairdir. O, bizim xalq şerini, qoşmaları, gəraylıları,
heca vəznində yazılan şeirləri əruz vəznində yazılan dram ədəbiyyatı
ilə birləşdirən,
vəhdətdə təqdim
edən, Azərbaycan ədəbiyyatında yeni
bir səhifə açan şair idi. Onun dostu Vidadi bədbin şeirlər yazırdısa, bədbinliyi
təbliğ edirdisə,
Vaqif “Toy-bayramdır bu dünyanın əzabı” deyirdi. Amma keşməkeşli həyatının
axırıncı illərində,
faciəvi illərində
o da “Mən cahan mülkündə, mütləq, doğru halət görmədim, hər nə gördüm əyri gördüm, özgə babət görmədim” deyirdi.
Bu gün mənim
ürəyim doludur, çox şey deyə bilərəm, amma qısa danışacağam. Mən 2010-cu ildə bir mərasimdə
çıxış edəndə,
- cənab Prezident də iştirak edirdi orada, - dedim ki, mənim
72 yaşım var, amma söz verirəm
ki, Sizinlə bir yerdə Şuşaya gedəcəyik
və bu, baş verdi. Mən Allaha təşəkkür
edirəm, taleyimə minnətdaram. Cənab Prezidentə
minnətdaram, bizim müzəffər Ordumuza minnətdaram. Siz bizə,
Azərbaycan xalqına
onun milli qürurunu qaytardınız.
Bizim hamının qarşısında
alnımız açıq,
başımız dikdir
ki, öz torpaqlarımızı qaytardıq.
Şuşa Azərbaycandır! Qarabağ
Azərbaycandır! Azərbaycan
əbədidir! Biz buraya Zəfər yolu ilə gəldik.
Bu yolun əvvəli
var, amma sonu yoxdur. Bu yol uzandıqca
uzanacaq. Bu Zəfər
yolu Azərbaycanın
hərbi gücünün
yoludur, siyasi gücünün yoludur, iqtisadi gücünün yoludur və möhtəşəm Azərbaycan
mədəniyyətinin, Azərbaycan
ədəbiyyatının Zəfər
yoludur!
Xalq yazıçısı Elçin:
Bu, mənim azad Şuşaya ilk səfərimdir
və bunu mən öz şəxsi həyatımda
tarixi bir hadisə hesab edirəm. Mən bilirdim ki, Şuşa haçansa
mütləq azad olunacaq. Çünki başqa cür
mümkün deyildi.
Ancaq mən özümün həmin gözəl günü görəcəyimə
inanmırdım. Nə üçün
inanmırdım? Çünki dünyanı ikili siyasi standartlar idarə edir və hörmətli cənab Prezident bu güclü və qoluzorlu ikili standartlar dünyasında ortaya son dərəcə cəsarətli
və cəsarətli
olduğu qədər
də qətiyyətli,
prinsipial iradə qoydu. Qəsbkar Şuşadan qovuldu və Şuşa
azad oldu. Ancaq yalnız qəsbkar deyil, bu ikili
standartlar da məğlub oldu.
Mən
tam əminəm, Şuşa bundan sonra daha da
gözəlləşəcək, inkişaf edəcək, Şuşa daha artıq eşqlə böyük sənətkarlar,
böyük vətəndaşlar
yetişdirəcək. Azərbaycanın
gələcək tarix
kitablarında, salnamələrdə
Prezident İlham Əliyevin adı həmişə azad Şuşa ilə,
azad Qarabağ ilə yanaşı yazılacaq.
Mənim
təsəvvürümdə Şuşa canlı
bir orqanizmdir. Biz 30 il Şuşa
ağrısı ilə
yaşadıq. Ancaq bu
30 ildə Şuşanın
özü də həsrət və ağrı içərisində
idi. Bu canlı
orqanizm doğma xalqının yolunu gözləyirdi. Nəhayət
ki, Şuşa
bu həsrət əsarətindən, bu ağrıdan xilas oldu. 44 günlük
azadlıq savaşında
Ali Baş Komandan da, generallar da, zabitlər də sıravi Azərbaycan əsgəri idilər. Ali Baş Komandan həm də bu 44 gündə Azərbaycan xalqının,
ədalətin və prinsipiallığın tribunu
idi. Bu tribunun
səsi dünyaya da yayılırdı, hər bir azərbaycanlının
ürəyinə də
yayılırdı. Bu
gün bizim hamımız, bütün
Azərbaycan xalqının
sevinci, fərəh hissi və qüruru,
eyni zamanda Şuşanın özünün
də sevincidir, Şuşanın da qürurudur.
Əziz
dostlar, mən 40 il bundan
əvvəl də burada keçirilən bu unudulmaz Vaqif
poeziya bayramının
iştirakçısı olmuşam.
Bu gün mənim içimdəki Zəfər
sevinci, fərəh və qürur hissi ilə bərabər, güclü
bir təəssüf də var. Mən olduqca çox təəssüf edirəm
ki, ulu öndər
Heydər Əliyev bu günü görmədi, bütün
varlığı ilə
Şuşa sevincini yaşamadı. Ürəyi
Şuşa ağrısı ilə
sızlayan bir çox
yazıçı və şairlər də, bir
çox qarabağlı insanlar,
o cümlədən İlyas
Əfəndiyev də bu sevinci
yaşaya bilmədilər. 44 günlük Zəfər real
sevinci, real fərəhi,
real qüruru ilə bərabər,
mənim içimdə mistik bir reallıq da yaradıb.
Mən inanıram, qətiyyən şübhə
etmirəm ki, ulu
öndər də, bu gün
burada yeri görünən
o yazıçı və şairlər də
elə bu dəm yuxarıdan bizə
baxırlar və hər şeyi
görürlər. Şuşa sevinci, Qarabağ
sevinci o ali məqamda onlarla bir yerdədir.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov:
Şuşada Molla Pənah Vaqifin məqbərəsi bizə tarixən qürur verən çox mətləbləri
özündə yaşadır. Məqbərə vaxtilə olduğu kimi, bundan sonra
da Şuşanın rəmzlərindən biri olacaq. Həm də bu abidənin Şuşanın
azadlığının rəmzi
olacaq.
Biz Şuşaya Zəfər
yolu ilə gəldik. Bu, bizim
hərbi Qələbəmizin
nəticəsidir. Bu Qələbənin arxasınca
iqtisadi qələbələr
gəlir. Təbii ki,
mənəvi, ruhi qələbələrdən, milli
şüurdan kənarda
bu qələbələr
də olmaz. Bütün dünya görür ki, Azərbaycan xalqı hansı mədəniyyətin sahibidir.
Azərbaycan xalqı əlinə
imkan düşən kimi tikir, qurur,
yaradır. Bu gün görülən işlər ümumi böyük işin, böyük Zəfərin
tərkib hissəsidir,
onun mükəmməlləşməsidir,
həmişə də
belə davam edəcək.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi:
– Bir il əvvəl bizə desəydilər ki, gələn il Şuşada Vaqif Poeziya Günləri keçiriləcək, yəqin
inanmazdıq. Zaman dəyişdi,
bizə yuxu kimi görünən bu arzu Prezident,
Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi
ilə reallaşdı.
Çox unudulmaz bir gündür. Burada iştirak
edən hər bir insanın həyatına, yaddaşına
qızıl hərflərlə
yazılan bir gündür. Vaqifin bir
şeiri düşdü
yadıma. Deyir:
“Məkan tutdisə Vaqif, yîx əcəb, bu
Şişə dağında,
Məqami ləli-gülrəngin miyani-səngi-xaradır”.
Vaqif deyir bu Şuşa dağında
məskən tutdusa, burada qeyri-adi heç nə yoxdur. Çünki ən qiymətli,
gözəl incilərin,
gözəl daşların
məqamı hara olur? Dağların, daşların arası
olur. Bu gün bizim bu Şuşa
şəhərimiz də
sanki Vaqiflə bərabər həmin o dağların, daşların
qoynunda məkan tutan Azərbaycanın ən qiymətli, ən gözəl bir incisidir və
bu incini bizə qaytardığına
görə həm Ali
Baş Komandanımıza,
həm müzəffər
Ordumuza bütün yazarlar adından təşəkkür edirəm.
Milli Məclisin Mədəniyyət
komitəsinin sədri
Qənirə Paşayeva:
– Şuşada Vaqif Poeziya Günlərinin bərpası dünyadakı bütün azərbaycanlılar üçün möhtəşəm hadisədir. Torpaqlarımızın işğaldan azad edilməsindən çox qısa zaman keçib. Lakin Şuşada bu möhtəşəm quruculuq, abadlıq işlərini görmək insana başqa bir güc verir. Eyni zamanda bütün dünyaya göstəririk ki, böyük mədəniyyət abidələrini, tarixi abidələri dağıtmaq, məhv etmək ermənilərin xislətidir. Azərbaycan xalqının məqsədi isə hər zaman qurmaq, yaratmaq, inkişaf etdirməkdir.
Vaqifin məqbərəsi əvvəlki əzəməti ilə ucalır. Eləcə də güllələnmiş abidələr öz yerinə qaytarıldı. Düşünürəm ki, Üzeyir bəyin, Xurşudbanu Natəvanın, Bülbülün ruhu şaddır. Çox qısa zamanda digər tarix-mədəniyyət abidələri də bərpa olunacaq. Şuşa şəhəri mədəniyyət paytaxtımız kimi bütün dünyaya öz şöhrətini daha yüksək səviyyədə təqdim edəcək”.
BMA-nın rektoru, Xalq artisti Fərhad Bədəlbəyli:
– Mən xoşbəxtəm, çünki 1982-ci ildə atamla Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etmişəm. Həmin açılışda ulu öndər Heydər Əliyevlə birlikdə maestro Niyazi, Qəmər Almaszadə, Süleyman Rüstəm və digər ziyalılarımız da olub.
O zaman mən və Polad Bülbüloğlu
cavan idik. Biz tarixi hadisənin
şahidi olduq. Lakin 1992-ci ildə biz Şuşanı
itirdik. Sağalmayan
yara 2020-ci il
noyabrın 8-dək öz
işini görürdü.
Ümidimizi yavaş-yavaş itirirdik. Amma 44 günlük Vətən
müharibəsində Ali Baş
Komandanın rəhbərliyi
ilə igid əsgərlərimiz bu Qələbəni bizə
bəxş etdilər.
Bu gün hansı
xarici ölkəyə
getsək, qalib xalqın nümayəndəsi
kimi gedəcəyik.
Xoşbəxtəm ki, bu gün
tədbirdə iştirak
edirəm. Xoşbəxtəm ki, mayın
13-də “Xarıbülbül” festivalında iştirak etmişəm. Şuşa hər
bir azərbaycanlı üçün unikal bir şəhərdir.
Bütün şəhərlər bizim üçün doğmadır, Naxçıvan
da, Kəlbəcər
də, Tərtər də, Zəngilan da. Amma Şuşa özlüyündə
nadirdir və onun öz yeri
var. Ziyalılarla birlikdə
bu gözəl tədbirdə iştirak etmək mənim üçün böyük
bir şərəfdir.
Mədəniyyət.- 2021.- 1
sentyabr.- S.4.