29 ildən sonra söz-sənət işığında

 

Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb

 

 

 

1982-ci ildə (29 iyul – 3 avqust) əsası qoyulan və 1991-ci ilədək ənənəvi keçirilən Vaqif Poeziya Günləri otuzillik aradan sonra azad Şuşada, böyük şairin ruhunun dolandığı doğma məkanda bərpa edildi. 30-31 avqust tarixlərində Şuşa yenidən söz-sənət işığında ədəbiyyat, elm xadimlərini bir araya gətirdi.

 

Qeyd edək  ki, Heydər Əliyev Fondu tərəfindən təşkil olunan poeziya bayramının açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər. Dövlətimizin başçısı açılış mərasimində çıxış edib.

 

Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Nəriman Həsənzadə, AYB-nin katibi, yazıçı-publisist İlqar Fəhmi, Xalq yazıçısı Elçin, AYB-nin üzvləri şairə Günel Şamilqızı və şair Şəhriyar Del Geraninin çıxışları olub.

 

Çıxışlardan sonra Vaqif Poeziya Günlərinin tarixini əks etdirən videoçarx nümayiş olunub. Sonra gənc musiqiçilər “Qarabağ şikəstəsi”ni ifa ediblər.

 

Vaqif Poeziya Günlərinin ikinci gününün proqramı zəngin olub.  Yaşlı, orta nəsil və gənc nəsil şairlərin çıxışları, muğam sənətkarlarının ifaları dinlənilib, “Nizamidən Vaqifə” adlı poetik kompozisiya təqdim edilib.

 

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı çıxış edərək Vaqif Poeziya Günlərinin hər kəs üçün xoşbəxt anlar yaşatdığını vurğulayıb. “Şuşaya gəlməyimizlə bizim ruhumuz yüksəlir, əhvalımız yüksəlir, başımız dikəlir və öz tariximizlə, öz varlığımızla qürur duyuruq”, - deyən şair bu ucalığı xalqımıza bəxş edən Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan əsgərinə minnətdarlığını bildirib.

 

Qeyd edib ki, otuzillik fasilədən sonra bərpa olunan Vaqif Poeziya Günləri sözümüzün, şeirimizin, ədəbiyyatımızın bayramıdır: “Biz Şuşaya gələndə gördüyümüz o keçilməz yolları bizim ər oğullar Vətən sevdası, Şuşa sevgisi ilə keçərək bu yerə gəlib çatıblar. Bu, misli görünməmiş bir qəhrəmanlıqdır. Əslində bu, 30 il çox çətin günlər yaşamış ədəbiyyatımıza Azərbaycan əsgərinin verdiyi bir töhfədir. Bu, Azərbaycan əsgərinin göstərdiyi tarixi bir igidlikdir. Dünən Ali Baş Komandan bu qələbələrin nəticəsi olaraq Azərbaycanın söz ordusuna Vaqif məqbərəsini qaytardı. Sözün və silahın bir olduğu yerdə ölkə basılmaz. Məhz bu gün burada əyləşən söz, sənət adamları da daim Azərbaycan Ordusuna dayaq olmağa, onları yeni döyüşlərə ruhlandırmağa çalışıb. Bu gün nə yaxşı ki, sözümüzlə silahımız birdir”.

 

Xalq şairi Vətən müharibəsində Qələbəyə həsr etdiyiQarabağa dönüş” poemasından bir parçanı oxuyub.

 

Sonra şair, tərcüməçi Vaqif Bəhmənli,  AYB Xəzər bölməsinin sədri Arif Buzovnalı, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, Sumqayıtdakı “Əli Kərim poeziya evinin rəhbəri İbrahim İlyaslı, “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə, AYB-nin mətbuat katibi Xəyal Rza, şairlər Rəsmiyyə Sabir, Əkbər Qoşalı və başqaları çıxış edərək şeirlərini oxuyublar. Beynəlxalq muğam müsabiqəsinin qalibləri Nisbət Sədrayeva və Xəyal Hüseynovun ifaları dinlənilib.

 

“Nizamidən Vaqifə” adlı poetik kompozisiya tədbirə xüsusi rəng qatıb. Xalq artistləri Mehriban Zəki, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Gülzar Qurbanova və Elşən Rüstəmovun çıxışları alqışlarla qarşılanıb.

 

Vaqif Poeziya Günlərinə “Qarabağ, ana yurdum” mahnısı ilə yekun vurulub.

 

Mədəniyyət.- 2021.- 1 sentyabr.- S.1;2