Vaqifin, Üzeyirin, Bülbülün Şuşası...

 

Qədim şəhər yenidən görkəmli şəxsiyyətlərinin ruhu ilə nəfəs alır

 

 

 

Otuz ilə yaxın sürən işğal və əsarətdən qurtulan Qarabağın baş tacı, ədəbi və mədəni irsimizin beşiyi tarixi simasını, söz-sənət havasını bərpa edir. Mədəniyyətimizin paytaxtı, illər öncə olduğu kimi, yenə görkəmli şəxsiyyətlərinin, söz-sənət dühalarının ruhu ilə birgə yaşamağa başlayıb, onların abidələrini, xatirəsini yaşadan tikililəri yenidən qoynuna alıb...

 

Avqustun 29-da Şuşa şəhərində böyük Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

 

Məlumat verilib ki, Molla Pənah Vaqifin 1957-ci ildə tuncdan hazırlanan büstü 1958-ci ildə Cıdır düzünə yaxın ərazidə qəbirüstü abidə kimi yerləşdirilib, daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb. 1982-ci ildə Vaqifin məqbərəsinin açılışından əvvəl büstonun ətrafı təmir edilib, abidənin postamenti dəyişdirilib. Büst 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı erməni vandalizminə məruz qalaraq dağıdılıb.

 

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, abidə onun müəllifi, Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən qurulub.

 

Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan büst öz əvvəlki yerinə qaytarılaraq Molla Pənah Vaqifin Şuşadakı evinin yaxınlığında quraşdırılıb.

 

***

 

Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə görülən işlərlə tanış olublar.

 

Qeyd edək ki, 1982-ci il yanvarın 14-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışı olmuşdu. Bu səfər çərçivəsində Heydər Əliyev Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş vermişdi. Həmin ilin 29 iyul – 3 avqust tarixlərində Şuşada böyük şairin adına ilk poeziya bayramı keçirilmişdi.

 

Məqbərə kompleksinin daxilində Molla Pənah Vaqifin heykəltəraş Albert Mustafayev tərəfindən hazırlanan büstü qoyulmuşdu. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edilmişdi.

 

Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra, 2021-ci il yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən Prezident İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verilib. Məqbərədə təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb.

 

2021-ci ilin mart ayından başlayaraq konstruktiv müayinə aparılaraq, tələb olunan hissələr üzrə gücləndirmə tədbirləri araşdırılıb və işçi layihələr hazırlanıb. İşçi layihələr əsasında xarici mütəxəssislər tərəfindən təyin edilən xüsusi kimyəvi materiallarla elementlərin konstruktiv bərpa işləri yerinə yetirilib, korroziyaya qarşı əlavə tədbirlər görülüb. Həmçinin abidənin damörtüyü yenidən qurulub. Topoqrafiya işləri nəticəsində əldə edilən məlumatlar üzrə, o cümlədən ərazidə axtarış işləri keçirməklə qırılmış, dağılmış üzlük hissələrin əldə edilməsi ilə birlikdə abidənin ilkin ölçülərinin bərpası məqsədilə memarlıq işçi layihələri hazırlanıb. Bu layihələr əsasında fasadın və daxili hissələrin divar səthləri mərmərlə üzlənib və abidənin tarixi görkəmi bərpa edilib.

 

Bundan əlavə, ərazidən tapılan tökmə alüminium şəbəkə nümunəsi əsasında hazırlanmış işçi layihələr üzrə bütün şəbəkə və dekorlar, o cümlədən giriş qapısı tökmə üsulu ilə alüminium materialdan tarixi ölçüləri qorunmaqla hazırlanıb, Şuşa şəhərinə gətirilərək layihə üzrə quraşdırılıb. Salonun mərkəzində qəbirdaşı üzərində qara mərmərdən sənduqə qoyulub, ilkin formanın bərpası nəzərə alınmaqla büst mərmərdən işlənib hazırlanaraq quraşdırılıb.

 

Abidənin hər detalında tarixi görkəm qorunub saxlanılıb. Abidə kompleksinin bütün infrastrukturu yenidən qurulub, yağış suları üçün drenaj xətləri və elektrik xətləri çəkilib quraşdırılıb. Landşaftda istinad divarları və meydança tarixi görkəmi çərçivəsində qranitlə üzlənib. Eyni zamanda ətrafda o dövrün şəkillərində əks olunduğu kimi, müxtəlif növ qızılgül kolları əkilib.

 

***

 

Azərbaycan musiqi mədəniyyətinin inkişafında tarixi xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülündə mühüm rol oynamış böyük müğənni, SSRİ Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyi də bərpa edilib.

 

Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixində qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin ev-muzeyinə çevrilməsi barədə qərar qəbul etmişdi. Bina 1982-1983-cü illərdə təmir olunmuş, muzey ekspozisiyası qurulmuşdu. Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı.

 

Ev-muzeyində Bülbülün uşaqlıq illərinə aid şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da yer almışdı.

 

Burada həmçinin Azərbaycanda yeni vokal məktəbinin yaradılmasında, xalq musiqisinin öyrənilməsi və təbliğində Bülbülün çoxillik səmərəli yaradıcı işini təsdiq edən materiallar nümayiş etdirilirdi.

 

1992-ci ilin mayında Şuşanın işğalından sonra, şəhərdəki digər mədəniyyət ocaqları kimi, Bülbülün evi də erməni vandalizminin qurbanı olmuşdu. Bu il yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı ev-muzeyini ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən muzeydə aparılan təmir-bərpa və yenidənqurma işləri artıq başa çatıb.

 

Sənətkarın oğlu, müğənni və bəstəkar, Xalq artisti, ölkəmizin Rusiyadakı səfiri Polad  Bülbüloğlu muzeyin bərpası, yaradılan ekspozisiya ilə bağlı məlumat verib.

 

Bərpa işləri zamanı eyvana çıxan divarlarda suvaq altından daş üzərində yonulmuş ərəb əlifbası ilə iki yazı və günəş simvolunu əks etdirən təsvir aşkar olunub. Yazıların birində Qurandan ayə, digərində isə evin tikilmə tarixi qeyd edilib. Divarın üzərində yeni aşkar olunmuş yazıda göstərilir ki, bina 1788-ci ildə inşa edilib. Bina tipoloji mənsubiyyətinə görə Qarabağ və Azərbaycanın tarixi yaşayış binalarının xüsusiyyətini özündə əks etdirir, otaqların daxili quruluşu Azərbaycanın ənənəvi evlərinə xasdır.

 

Bərpa zamanı bütün yükdaşıyıcı divarların bünövrəsi möhkəmləndirilib, çat olan divar hissələrində yenidənqurma işləri aparılıb. Binanın daxili otaqlarında çürümüş taxta döşəmələr yeniləri ilə əvəz olunub. Damörtüyü, qapı və pəncərələri çürüdüyündən və istismara yararsız halda olduğundan, binanın tarixi görkəmini qorumaq şərtilə yenisi ilə əvəz edilib.

 

Binada muzey ekspozisiyası qurulub. Həyətyanı sahə ilkin görkəmi saxlanılmaqla bərpa olunub. Həyətdə Bülbülün yeni hazırlanan büstü ucaldılıb.

 

Şuşa şəhəri işğalda olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü isə erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb.

 

***

 

Avqustun 29-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin açılışında iştirak ediblər.

 

1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada bəstəkarın heykəli ucaldılmışdı. Heykəltəraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bəstəkarın yeni heykəli hazırlanıb.

 

Heykəlin modeli qalmadığından yeni abidə o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında yaradılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Abidə heykəltəraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov, Mahmud Rüstəmov tərəfindən hazırlanıb.

 

Dövlət başçısı və birinci xanım Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlərlə də tanış olublar. Burada görüləcək işlər barədə məlumat verilib.

 

Erməni işğalçı qüvvələrinin vəhşiliyi nəticəsində muzeydə dahi bəstəkarın həyat və yaradıcılığı ilə bağlı 1700 eksponatdan yalnız 100-ə yaxını salamat qalıb, qalanı məhv edilib.

 

Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondu tərəfindən ev-muzeyində aparılacaq işlər üzrə layihə hazırlanıb. Həyata keçiriləcək işlərdən sonra 1992-ci ildə muzeyin Bakıya aparılmış eksponatlarının burada yerləşdirilməsi nəzərdə tutulur. Bunlar Üzeyir Hacıbəylinin fotoşəkilləri, məktubları, əsərlərinin partituraları və şəxsi əşyalarıdır.

 

 

Mədəniyyət.- 2021.- 1 sentyabr.- S.2.