Los-Ancelesdə əsir və itkin düşmüş azərbaycanlılarla bağlı film hazırlanıb

 

 

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu əsir və itkin düşmüş, girov götürülmüş azərbaycanlılara dair ingilis dilində qısa film hazırlayıb.

 

Konsulluqdan bildirilib ki, filmdə 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi, 800 min azərbaycanlını öz doğma yurdlarından didərgin saldığı qeyd olunur. İşğaletnik təmizləmə zamanı Ermənistan qoşunlarının çoxlu sayda mülki azərbaycanlını qətlə yetirdiyi və qalanlarını da girov götürdüyü vurğulanır. Filmdə 1993-cü ilin aprel ayında Kəlbəcərin işğalı zamanı Kaliforniyadan olan erməni terrorçu Monte Melkonyanın başçılıq etdiyi dəstənin kəndlərimizdən birini mühasirəyə almasını əks etdirən videokadrlar da nümayiş etdirilir.

 

Filmdə əsir və girov götürülən azərbaycanlıların dəhşətli işgəncələrə məruz qaldıqları bildirilərək, işğal dövründə bir çox azərbaycanlıların saxlanıldığı Şuşa həbsxanasının tükürpədici şəkilləri göstərilir. Birinci Qarabağ müharibəsi zamanı ümumilikdə 4 minə yaxın azərbaycanlının itkin düşdüyü, onlardan 719 nəfərin mülki şəxs olduğu diqqətə çatdırılır. İndiyədək həmin şəxslərin taleyi haqda heç bir məlumatın olmadığı qeyd olunur.

 

Bununla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri tərəfindən 1993-cü ildə Xankəndidə çəkilmiş azərbaycanlı uşaq, qadın və yaşlı girovların şəkilləri nümayiş etdirilir.

 

Filmdə Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra Kəlbəcərdə 1993-cü ildə ermənilər tərəfindən qətlə yetirilmiş mülki azərbaycanlıların kütləvi məzarlığının aşkar edilməsinə diqqət çəkilərək, digər öldürülmüş əsir və girovların qalıqlarının axtarışının davam etdirildiyi vurğulanır. İtkin düşmüş 4 minə yaxın mülki vətəndaşımızın və hərbçimizin taleyi haqda Ermənistanın hər hansı məlumat verməkdən imtina etməsi diqqətə çatdırılır.

 

BMT-nin digər rəsmi dillərinə (ərəb, çin, fransız, ispan, rus) də tərcümə olunan film 30 avqust – Beynəlxalq İtkin Düşmüşlər Günü çərçivəsində sosial şəbəkələrdə yayılıb.

 

Qısa filmi burada izləmək mümkündür: https://youtu.be/QFTifFysMbQ

 

Mədəniyyət.- 2021.- 1 sentyabr.- S.8.