Mavigözlü
qızın Mehrabı
Mavi gözləri bulud kimi dolduqca, damcılar allanmış yanağından aşağı süzüldükcə bu balaca, çəlimsiz qızcığaz gözlərimdə dağa dönür. Titrəyən səsi, səmtini tez-tez dəyişən baxışları, bərk-bərk sıxılan yumruqları, əsən dizlərinə rəğmən bu dağın, bu qüdrətin qarşısında taqətdən düşürəm.
Bayaqdan güclü görünməyə çalışan 11 yaşlı bu qızcığaz gözünü açandan ona aşılanan təpərdən mənə də pay verir. Uşaq mehribanlığı ilə: “Müəllimə, ağlama, atam onsuz da ölməyib, qəhrəman olub. Bizi həmişə buna hazırlayırdı. Hələ sonuncu telefon danışığımızda dönə-dönə dedi ki, qızım başını həmişə dik tut, möhkəm ol, ağlama, atanın başını uca elə, mənim qızım olduğunu xatırla. Unutma ki, atan ya zəfərlə və əlində bayraq gələcək, ya da tabutda, bayrağa bükülü. Sən bil ki, atan səni həmişə çox istəyəcək və hər yerdə yanında olacaq, səni görəcək”.
Qızcığaz “Atamsız keçən hər gün, hər yeni səhərdə mən bu sözləri yada salıram, sonra atamın vüqarlı duruşu, qürurdan parıldayan gözləri, xoşbəxt, sevgi dolu baxışları gözlərim önündə dayanır, mənə güc verir, qürurlandırır” deyir. O danışdıqca mənim başım sinəmə doğru enir. Gözlərinə baxa bilmirəm, mavi buludun leysanından qorxuram. Son sözlərində baxışlarımız yenidən toqquşur və mən heyrətlənməyə bilmirəm: fərəh çöhrəsindən ətrafa səpələnir, gücünü göstərən zərif əlləri çarpazlanır. Əlimi diktofona uzadıram, müsahibəni bitirmək istəyirəm. Bu an “Mən adi uşaq, balaca qız deyiləm, unutmayın. Mən Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin qızıyam. Mən onunla fəxr edirəm, qürur duyuram. Belə bir böyük ad hər kəsə nəsib olmur. O zirvə məhz mənim atamın payıdır. Atama söz verdiyim kimi edəcək, onun başını həmişə dik tutacam. O, məni ingilis dili üzrə tərcüməçi görmək istəyirdi. Sevə-sevə bu istəyini reallaşdıracam, atam haqqında, atam kimi igid Vətən oğulları haqqında, Zəfərimiz haqqında, savaşımız barədə həm də ingilis dilində dünyaya danışacam. Müharibələr olmasın, başqa uşaqlar valideynsiz qalmasın deyə...”.
Xalq arasında “İgid ölər, adı qalar” deyimi tez-tez işlənir. Artıq buradakı igidlik, şücaət məfhumlarına igidlərin davamçılarını – ailələrini, övladlarını da daxil etməliyik. Çünki igidin adını, yolunu, şərəfini, qürurunu məhz yaxşı övladı, ailəsi qoruyar, xalqından, el-obasından əvvəl doğmaları yaşadar.
Qısa ömrünə qəhrəmanlıq, mərdliklə bərabər yaxşı ailə başçısı, övlad, valideyn olmağı da sığdırdı Vətən müharibəsinin şəhid qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) baş giziri, hələ sağlığında əfsanəyə çevrilən, hərbçi yoldaşlarının “Terminator” kimi dəyərləndirdiyi Mehrab Niftəliyev.
Biz onu yaralı, sarğılı qoluna, ağır hərbi sursatına rəğmən yaralanmış əsir erməni döyüşçünü çiynində daşıyarkən lentə alınan kadrlardan tanıyırıq. Bu qısa videoda biz döyüş yoldaşlarını itirməyinə rəğmən qəzəbini, nifrətini yaralı düşmən əsirinin üstünə tökməyən, qürurlu, mərd, əzəmətli Azərbaycan zabitini görürük...
1985-ci il mayın 13-də Quba rayonunun Qamqam kəndində anadan olan Mehrab Söhrab oğlu Niftəliyev uşaqlıqdan hərb sənətinə maraq göstərib. Həqiqi hərbi xidmətdən sonra həmişəlik bu geyimi daşımağa qərar verib. 17 il XTQ-də qüsursuz xidmət edib. Xarici ölkələrdə təşkil edilən hərbi təlimlərdə Azərbaycanı təmsil edərək uğurlara imza atıb. “Qafqaz qartalı” və “EFES” təlimlərində nailiyyətlərinə görə döş nişanlarına, fəxri fərmanlara layiq görülüb. Uğurlu xidmətlərinə görə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” (2013) və “Azərbaycan Ordusunun 100 illiyi” (2018) yubiley medalları ilə də təltif olunub.
2016-cı ilin Aprel döyüşlərində iştirak edən qəhrəman baş gizir II Qarabağ müharibəsinin ilk günlərində cəbhəyə yollanıb, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı istiqamətində döyüşlərə qatılıb. Düşmənə qan uddurub, onlarla canlı qüvvəsini, neçə-neçə hərbi texnikasını məhv edib. Döyüşlərdən birində yaralansa da, müalicəsini yarımçıq qoyaraq yenidən cəbhəyə qayıdıb, Şuşanı yağıdan azad etmək üçün son nəfəsinədək mərdliklə vuruşub. Axı ən böyük arzusu məhz Şuşanı görmək idi. Onun bu sevdası da vüsalla bitir, Mehrab noyabrın 8-də, Şuşanın azadlığa qovuşması xəbərini aldığımız gün şəhadətə yüksəlir.
Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılan Mehrab Niftəliyev ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Vətənə əmanət üç övladı qalan Mehrab Niftəliyevin adı doğulduğu Quba rayonunda küçələrdən birinə verilib. Milyonların ürəyində özünə əbədi məkan quran igid Vətən oğlu bundan sonra da neçə-neçə Mehraba yol yoldaşı, bələdçi, istinad olsun deyə...
Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2021.- 1
sentyabr.- S.6.