Bu çəmənlərdə gəzib
Vaqifin şux gözəli...
Mədəniyyət paytaxtında poeziya bayramı
Azərbaycan təbiətinin, tarixinin və sənətinin nadir incisidir Şuşa. Təbiət, tarix, sənət bu şəhərdən heç nəyi əsirgəməyib. Füsunkar mənzərələr, səfalı ab-hava, şəfalı sular təbiətin dağ şəhərinə ərməğanıdır. Qədim qalalar, binalar, küçələr, bulaqlar, daşlar – tarixin yadigarlarıdır. Musiqi, şeir bu torpağın hər qarışında yaşayır. Qarabağ tarixinin, Qarabağda yaranan şeir, musiqi sənətinin zəngin ənənələri bu gün də diridir, canlıdır...
Otuz ildən sonra yenidən Şuşa poeziya bayramına ev sahibliyi edir. Rəsmilər, mədəniyyət, sənət xadimləri, elm adamları, yazarlar böyük şair, dövlət xadimi Molla Pənah Vaqifin söz işığına toplaşıblar.
Vaqifin məqbərəsi ətrafında yenə qələbəlikdir. Zəfər ovqatlı qələbəlik. Burada şeir söyləyən də vardı, muğam oxuyan da. Vaqifin ruhu da elə buradakıların bərabərində dayanıb, hamını salamlayır...
39 il öncə, 1982-ci il yanvarın 14-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı milli ədəbiyyata, tarixə, mədəniyyətə diqqət və qayğının təzahürü idi. Ulu öndər o zaman Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş vermiş və həmin ilin 29 iyul – 3 avqust tarixlərində burada ilk poeziya bayramı təşkil edilmişdi.
Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı. Ədəbiyyatsevərlər arasında böyük maraqla qarşılanan bu günlər çərçivəsində şeir gecələri ilə yanaşı, konsert proqramları da təqdim edilirdi.
Prezident İlham Əliyevin Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etməsi, burada “Xarıbülbül” Musiqi Festivalının və Vaqif Poeziya Günlərinin bərpa edilməsi təkcə Şuşa şəhərində deyil, bütövlükdə torpaqlarını işğaldan azad etmiş və ərazi bütövlüyünə qovuşmuş müstəqil Azərbaycanda mədəni həyatın təntənəsidir.
Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirin açılış mərasimində çıxışlardan sonra Vaqif Poeziya Günlərinin tarixini əks etdirən videoçarx nümayiş etdirilib. Sonra muğam triosunun ifasında “Qarabağ” şikəstəsi səslənib.
Rəsmi açılış mərasimindən sonra tədbir iştirakçıları Molla Pənah Vaqifin bərpa edilmiş və yenidən qurulmuş muzey-məqbərə kompleksini ziyarət ediblər.
Azərbaycan xalqı öz
sevimli şairinə hər zaman rəğbət bəsləyib, onun irsinə dövlətimiz tərəfindən
diqqət göstərilib. Molla Pənah Vaqifin adının UNESCO-nun “2016–2017-ci illər üçün
görkəmli şəxslərin və əlamətdar hadisələrin
yubileyləri proqramı”na daxil edilməsi
Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı
tarixində silinməz izlər qoymuş bu qüdrətli söz
ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən
yüksək qiymətin təzahürü idi.
Prezident İlham Əliyevin “Böyük
Azərbaycan şairi Molla
Pənah Vaqifin 300 illik
yubileyinin keçirilməsi haqqında”
2017-ci il 12 yanvar tarixli sərəncamına əsasən
ölkəmizdə şairin xatirəsinə
həsr edilmiş silsilə tədbirlər
təşkil edildi. 2017-ci il
həmçinin Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatı – TÜRKSOY tərəfindən “Molla Pənah Vaqif İli” elan edilərək,
bu çərçivədə layihələr
həyata keçirildi.
Mədəniyyət.- 2021.- 1
sentyabr.- S.4.