Kinomuzun üzüağ
qırçısı
Fazil Salayev-90
Onun haqqında çoxdan yazmaq istəyirdim. Hər doğum, anım günlərində bir ilğım kimi gözümün önündən keçirdi. Hər dəfə də yazmağa ürəyim gəlmirdi. İnciyən, incidilən, amma buna rəğmən üzümüzü güldürən adamı kədərli xatırlamaq istəmirdim. Yəqin yadımda aşiq Əlican (“Molla Cəbi” – televiziya tamaşası), Parisi “partladan” Qulaməli (“Dərviş Parisi partladır”), vicdanını itirməyən Fazil (“Rəqiblər”), məhz özünü hamıdan çox aldadan alverçi Mıqqı (“Bizim Cəbiş müəllim”), ömrü boyu sərxoş olduğuna görə Bakı metrosuna minə bilməyən kişi (“Arzu” – “Mozalan” süjeti), rahat yatmaq üçün özünü dəliliyə vuran yuxulu (“Gecəniz xeyrə qalsın” – “Mozalan”) kimi komik, şən qalmasını istəyirdim. Bütün ciddi-cəhdimlə “Axırıncı aşırım”ın Rəşidi kimi xoşbəxt, bir az da “Qurban olum belə hökumətə ki, Kərbəlanın heyfini Nikolay köpəkoğlundan yaman ala bildi” kimi sadəlövh. Bu işdə ən yaxşı lirik kinokomediyalarımızdan hesab olunan “Alma almaya bənzər”dəki “zontik Mehdi”nin də əməyi az olmadı. Səliqəli, ağ pencəkli, alma kimi şirin sifət personaj ara-sıra məni də özünə qoşub alma bağına, şirə kombinatına, bitkiçilik institutuna apara bildi...
Amma və lakin gözümü yumub açan kimi əli-üzü qapqara qırçı Məhəmməd (“Şərikli çörək”) yolumu kəsdi, qır qazanında yanırmış kimi qarsılan gözlərini üzümə dikdi. Matım qurudu, göz bəbəklərim bir az da böyüdü. Birdən nazik bığlarının altındakı dişləri parıldadı, “Cəhənnəmə ki” nidası yüksəldi. Sonra kadr başqa rakursa keçdi: sərin içki “budka”sının kiçik pəncərəsindən çölə boylanan kişi gülümsündü, güldü, şaqqanaq çəkdi. Sonra yenə susdu, küskün nəzərləri xeyli uzaqlara dikildi. Kimisə gözləyirmiş kimi...
Bu gün küskün, bir az incik nəzərlərinin təsiri altında onu – kiçik rolların böyük ifaçısını xatırlayacağam. Heç bir fəxri adı olmadan xalqın yaddaşında xəlqi artist kimi qalan istedadlı aktyoru, məşhur Fazil Salayevi.
“Sizə dam, mənə cibişdan”
O, sözün həqiqi mənasında, böyük aktyor idi. Səs tembri, mimikası, hərəkət dili, bütünlükdə vücudu ilə əsl səhnə, ekran tipajıydı. Elə də böyük iddiaları yox idi. Sadəcə, oynamaq, səhnədə, ekranda görünmək, içindəki Fazildən ayrı-ayrı insan talelərinə paylayıb ümumi bir obraz yaratmaq istəyirdi. Ona görə də rolun böyüyü-kiçiyi arasında fərq qoymurdu, əksinə, bir az da epizodik rollara can atırdı. Yəqin bununla özünün hansı nəhənglikdə aktyor olduğunu baş rol savaşı edənlərə sübut etmək istəyirdi. Necə deyərlər, özü üçün mübarizə yolunu belə təyin etmişdi.
Obrazlar qalereyasına, xüsusən filmoqrafiyasına nəzər salsaq, dediyimin isbatını görmüş olarsız. Onun bütün “kiçik” qəhrəmanları əzəmətli, bütün epizodik rolları yaddaqalan olurdu. Çünki qəhrəmanları da özü kimi tamaşaçıya doğma, məhrəm idi. Aktyor xarakterindəki səmimiyyətini bütün oyun üslublarında tamaşaçı ilə görüşdürə bilirdi. Bununla ani kadrlarda, kütləvi səhnələrdə görünməyinin acığını belə çıxırdı. Özünü də, tamaşaçısını da ona baxmağa “təhkim” edirdi. Aktyor ustalığı da məhz bunda idi. Bir də, vallah, aktyorun xarakterində olmayan heç bir xüsusiyyət oyuna yansıya, tamaşaçısına nüfuz edə bilməz. Uzağı yamaq olacaq, hansısa yırtığı örtən, lakin uzaqdan eybəcər görünən yamaq.
Baxın, Fazil Salayevin qırçı Məhəmmədi müharibə görmüş bir xalqın nümayəndəsidir. Bu gün də aramızda belə insanlar var və biz gec olmadan onların fərqinə varmağa çalışırıq. Dünən qırçı Məhəmmədirsə, bu gün ən müxtəlif sahələrdə olan Əhməd, Famil, Kamildir. Məhz aktyorun o səmimiyyəti, o sevgisi, o fövqəladə ifadəsi sayəsində bizlər israrla savaşlardan fiziki, mənəvi yaralar almış “qırçı Məhəmmədlər”in əlindən tuturuq, onları biganəlik girdabında qoymuruq, qır qazanından da təkliyə, unutqanlığa yuvarlamırıq. Ən azından buna cəhd edirik. Bu mənada Fazil Salayevin bütün qəhrəmanları müasirdir, aramızdadır, bizimlə yol yoldaşıdır. Ona ekranda gülüb, bəzən tənə eləsək də, həyatda daha bərk sarılır, daha yaxşı anlayır və daha tez kəşf edirik.
“Baba dərviş, müxtəsər elə, müştəri gəlib”
Fazil Salayev uzun ömür yaşamadı. Heç sağlığında haqq elədiyi, layiq olduğu dəyərini də almadı. Bu mənada həyatın da, sənətin də Don Kixotu oldu. Amma tamaşaçı, əlahəzrət tamaşaçı onu unutmadı. Əksinə, yaddaşının bir küncündə, dilinin lap ucunda ona yer, söz saxladı.
Həyatdan köçməyə sanki tələsən aktyor uğura, məşhurluğa da gecikdi, daha doğrusu, gecikdirildi. Təxminən 10 il Akademik Milli Dram Teatrında çalışdı. Baş rola həsrət qaldı. Epizodik, ikinci, üçüncü dərəcəli rollarla kifayətləndi. Amma buna görə heç kimə bir kəlmə də giley eləmədi, acığını, bütün enerjisini özünə, rollarına tökdü.
Yalnız 32 yaşında böyük ekranda göründü, kinoda ilk rolunu oynadı. Milli kinomuzun təkrarsız kinematoqrafı Həsən Seyidbəyli onu “Möcüzələr adası” filmində epizodik rola dəvət etdi. Neft Daşlarında, yeni həyatda addımlayan zəhmətkeşlərdən birini oynayırdı. Heç adı da yoxdu. Tamaşaçının yaddaşında onu arxasınca dartıb aparan qıza təslim xoşbəxt gülüşü ilə qalır. Sonra növbəti personajını görürük. Rejissor Ağarza Quliyevin ekranlaşdırdığı “Ulduz” filmində fotomüxbiri. Rəssamlıq məktəbi yetirməsi aktyorun rəssam libaslı, fotoqraf ədalı müxbiri “elmi təcrübə” aparan Gülümsərovun “işini” qəzetində yazacaqdı.
“Nolub? Bazara alma aparmaq olmaz
bəyəm?”
Sonra ekranda “Alma almaya bənzər”də göründü, “Bir cənub şəhərində” qarşımıza çıxdı, “Dərviş Parisi partladır”da oynadı. Hər birində də fərqli obrazlar, aktyor maneraları. Onu kinoda kəşf edən Həsən Seyidbəyli “Sən niyə susursan”ına da cəlb edir, kiçik, bir az da fərqli rol həvalə edir – cinayətkar. Təbii ki, Salayev bu rolun da öhdəsindən lazımınca gəlir və biz mənfi obrazı – cinayət törədib qaçan şəxsi yox, “Can, can, anan ölsün, ay Ramazan, bir az səbir elə, aton gəlir yanuva” deyən hiyləgər, lakin komik kişini xatırlayırıq.
Sözsüz ki, onun aktyor taleyində dönüş yaradan rolu qırçı Məhəmməddir. Ona həm uğur, həm də uğursuzluq gətirən, həm sevindirən, həm də sənətindən küsdürən (filmlə bağlı mükafatlandırmadan kənarda qalıb) rolu. Amma istəsək də, bir rolun uğurunda ilişib qalmırıq, yaddaşımızda onun yeni, özü də adsız qəhrəmanları sıralanır. Beləcə, nə fəxri adı, nə də rolunun təqdimatını bilmədən “bax o filan oyunu oynayan” kimi şirin, bənzərsiz təqdimatla xatırlayırıq.
Aktyorun oynadığı sonuncu film həyatının son aylarına təsadüf edir. Bu, rejissor Cahangir Mehdiyevin “Araşdırın” adlı qısametrajlı filmi idi. Moskva Kinematoqrafiya İnstitutunda oxuyan rejissorun dəvətinə məmnuniyyətlə razılıq verən Fazil Salayev sanki tamaşaçıları ilə belə səssiz, susqun vidalaşmaq istəyirdi.
Fazil Salayevin kinofilmlərdə, televiziya tamaşalarında, “Mozalan” satirik kinojurnalında oynadığı rollarını ümumiləşdirərkən təsəvvürün də tam aydın olur. Anlayırsan ki, o, incə yumorunu, fərqli koloritini məxsusi oyun üslubu, istedadı sayəsində heç nə etmədən də göstərə bilirdi. Komizmi də, plastikası da fərqli idi. İstəsən də onu hansısa aktyorla müqayisə edə bilmirsən, bənzərlik tapmırsan, bəhrələnmə görmürsən.
***
Fazil Salayev 1931-ci il sentyabrın 1-də Bakıda İdris Salayevin ailəsində dünyaya gəlib. Əslən Cənubi Azərbaycandandırlar. Hələ uşaq yaşlarından yazı-pozuya böyük həvəsi olan gələcəyin məşhur aktyoru dörd yaşında ilk dəfə öz adını fotosunun arxasına yazıbmış. Orta məktəbi yaxşı qiymətlərlə bitirən Fazil sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verir və oranı əla qiymətlərlə tamamlayır. Bir müddət orta məktəbdə müəllim işləyir. Eyni zamanda nəşriyyatda tərtibatçı-rəssam kimi fəaliyyət göstərir. Lakin teatr sevgisi ona rahatlıq vermir və iş-gücünü ataraq sənədlərini Teatr İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti) verir və Aktyorluq şöbəsinə qəbul olunur.
Təhsilini uğurla başa vurduqdan sonra Akademik Milli Dram Teatrına işə qəbul olunur. Bu teatrın səhnəsində müxtəlif obrazlar oynayır. Sonra Musiqili Komediya Teatrının səhnəsində görünür, orada fərqli üslubda rollar oynayır, özünü bu janrda da təsdiqləyir.
Səhnədən, teatrdan inciyib gedəndən sonra tamaşaçı onu tez-tez “Mozalan” satirik kinojurnalında fərqli obrazlarda görür. Məşhur “Komediyalar aləminə səyahət” adlı teleproqramda da səhnəciklərdə çıxışlar edir. 20-dək filmə çəkilir.
Qısacası teatr, səhnə, sənət eşqinə kinokameranın işığında təsəlli axtarır. Əsas sevgisinə – səhnəyə heç vaxt xəyanət etmədən.
Həyat dolu aktyorun ömrü şöhrət yolunun yarısında bitir. 1978-ci ildə 46 yaşlı aktyor həyatı və tamaşaçıları ilə vidalaşır. Beləcə, bizi epizodlar xronikası ilə baş-başa qoyur...
Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2021.- 1
sentyabr.- S.7.