“Ruhların qisası” tamaşası nümayiş olunub

 

 

Masallı Regional Mədəniyyət İdarəsi Masallı Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan “Ruhların qisası” adlı tamaşanı təqdim edib.

 

Yazıçı Nurəddin Ədiloğlunun ssenarisi əsasında ərsəyə gələn tamaşanın quruluşçu rejissoru Cəmaləddin Əliyev, səhnə və musiqi tərtibatçıları Elsevər Əliyev və Ruslan Zahidovdur. Rolları teatrın kollektivi ilə yanaşı, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri, rayonun digər təhsil müəssisələrində çalışan müəllimlər və məktəblilər ifa ediblər.

 

Səhnə işində Birinci Qarabağ müharibəsi zamanı əsir düşmüş soydaşlarımızın faciəli taleyinə işıq salınır, 44 günlük Vətən müharibəsindəki tarixi Qələbədən sonra əsirlərin azad olunması, eləcə də xalqımızın yurda bağlılığı öz ifadəsini tapıb.

 

Tamaşadan sonra çıxış edən regional idarənin rəisi Bəxtiyar Qılıncov yaradıcı kollektivə uğurlar diləyib, şəhidlərimizin xatirəsinin yad edilməsi, vətənpərvərliyin təbliği sahəsində görülən işləri müsbət qiymətləndirib.

 

Mədəniyyət.- 2021.- 1 sentyabr.- S.5.