“Yenidən sevmək öyrətdi – Var olsun
ayrılıqları...”
Tanınmış şair, jurnalist, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əhməd Oğuz 31 avqust 2021-ci il tarixində, ömrünün 59-cu ilində vəfat edib.
Əhməd Musa oğlu Kərimov (Əhməd Oğuz) 1961-ci il noyabrın 13-də Qərbi Azərbaycanın (indiki Ermənistan ərazisi) Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub. Doğulduğu kənddə orta məktəbi bitirib. 1978-1982-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (ADPU) Dil və ədəbiyyat fakültəsində təhsil alıb. Quba rayonunun Hacıqaib və Kalinino rayonunun Soyuqbulaq kəndlərində dil və ədəbiyyat müəllimi işləyib. 1989-cu ildə Ermənistandakı ata-baba yurdundan zorla qovulduqdan sonra “Azərbaycan” qəzeti redaksiyasında müxbir kimi fəaliyyət göstərib. 1991-1993-cü illərdə “Xəzər” jurnalında şeir şöbəsinə rəhbərlik edib, “Oğuz eli” qəzeti redaksiyasında məsul katib işləyib. 1993-cü ildən Azərbaycan Radiosunda Xalq yaradıcılığı baş redaksiyasında şöbə müdiri vəzifəsində çalışıb. Radio dinləyicilərinin böyük rəğbətlə qarşıladığı məşhur “Bulaq” verilişinin mətn müəlliflərindən biri olub.
Əhməd Oğuz bədii yaradıcılığa erkən başlasa da, ilk şeirləri keçən əsrin 80-ci illərinin əvvəllərindən “Ulduz”, “Azərbaycan” jurnallarında, “Ədəbiyyat və incəsənət” qəzetində müntəzəm çap olunub. “Hara gedirsiniz, dağlar?” adlı ilk şeirlər kitabı 1998-ci ildə nəşr edilib.
“Azərbaycantelefilm” yaradıcılıq birliyində Əhməd Oğuzun ssenariləri əsasında 20-dən çox sənədli film (“Bağlı qapı”, “Deportasiya”, “O quzeylər”, “Molla Pənah Vaqif” və b.) lentə alınıb. “Bağlı qapı” sənədli filminə görə müəllif “Humay” mükafatına layiq görülüb. Azərbaycan Dövlət Tərcümə Mərkəzinin nəşr etdirdiyi “Türkiyə ədəbiyyatı antologiyası - poeziya” kitabını tərtib edib, şeirləri dilimizə uyğunlaşdırıb.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2021.- 3
sentyabr.- S.5.