Azərbaycanlı heykəltəraşın
“Siçovul” kompozisiyası
Xarkov Əczaçılıq Universitetinin simvolu olacaq
Xarkov şəhərində Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanovun “Siçovul” abidə-kompozisiyasının açılışı keçirilib.
Abidə Xarkov Əczaçılıq Universitetinin 100 illiyi münasibətilə ali təhsil ocağının ərazisində ucaldılıb.
Açılış mərasimində çıxış edən Seyfəddin Qurbanov bildirib ki, dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ, Rusiya, Avropa dövlətlərində “Siçovul” abidəsi ucaldılıb. Ukraynada belə bir abidənin məhz Xarkovda ucaldılması şəhər sakinləri və turistlər üçün maraq doğuracaq. Onun sözlərinə görə, heykəl kompozisiyanın mənası odur ki, dünya tibbi siçovullar üzərində aparılan elmi eksperimentlərlə inkişaf edib. İnsanları xəstəlikdən, ölümdən qurtaran dərmanlar yaradılıb, elmi kitablar yazılıb. Ona görə də heykəl-kompozisiyada kitablar da əksini tapıb. Abidənin adı “Sağlamlıq haqqında elm fenomeni”dir.
Universitetin rektoru Alla Kotvitskaya da heykəl-kompozisiyanın əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, hündürlüyü 3.5 metrdir və tuncdan hazırlanıb. Seyfəddin Qurbanov Xarkovda 60 heykəl-kompozisiya və memorial lövhənin müəllifidir.
Mədəniyyət.- 2021.- 3 sentyabr.- S.8.