Təsviri sənətimizdə iz qoymuş rəssam-pedaqoq
Azərbaycan təsviri sənətinin tanınmış nümayəndələrindən biri də Xalq rəssamı Yusif Hüseynovdur. Ömrünün 60 ilini yaradıcılığa həsr edən görkəmli sənətkar rəssamlığın müxtəlif janrlarında maraqlı əsərlərin müəllifidir.
Yusif İsmayıl oğlu Hüseynov 15 oktyabr 1928-ci ildə Bakı şəhərində anadan olub. Erkən çağlardan təsviri sənətə maraq göstərir. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə qəbul olunur. 1949-cu ildə bu sənət məktəbini başa vurduqdan sonra Rusiyaya gedir. Vasili Surikov adına Moskva Rəssamlıq İnstitutunda Qrafika fakültəsində təhsilini davam etdirir. 1955-ci ildə ali təhsilini bitirib vətənə dönən gənc rəssam ana yurdun bir çox bölgələrində olur. Vətənin əsrarəngiz təbiəti onun zövqünü oxşayır. Müxtəlif janrlarda bir-birindən maraqlı əsərlər yaradır. O, get-gedə irihəcmli akvarel silsilələrinə meyil edir və dəyərli nümunələr ərsəyə gətirir. Rəssamın Azərbaycanın təbiətinə həsr etdiyi “Xınalıq” akvarellər silsiləsindən “Yağışdan sonra” lövhəsi bu baxımdan diqqət çəkir. Araşdırmalarda qeyd edilir ki, Yusif Hüseynovun çəkdiyi tablo, plakat və akvarel silsilələri müasir Azərbaycan təsviri sənətinin qiymətli nümunələri kimi dünyanın bir çox sərgi salonlarında, rəsm qalereyalarında və muzeylərində uğurla nümayiş olunub.
Ömrünün böyük bir hissəsini təsviri sənətin inkişafına və təbliğinə həsr edən rəssamın təkrarsız yaradıcılığında lakoniklik və monumentallıq, zərif kolorit və lirikaya olan meyil öz əksini tapıb. O, eyni zamanda kitab qrafikası sahəsində uğurlu fəaliyyət ortaya qoyub, diqqətəlayiq örnəklər yaradıb. Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin əsərlərinə çəkdiyi illüstrasiyalar ölkəmizdə kitab mədəniyyətinin inkişafına öz təsirini göstərib. Fırça ustası “Göyərçin” uşaq jurnalının baş rəssamı kimi çalışarkən poliqrafiya sənətinin inkişafına da dəyərli töhfələr verib.
Yaradıcı əməyi yüksək qiymətləndirilən sənətkar 1964-cü ildə “Əməkdar rəssam”, 1979-cu ildə isə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb. Respublika rəssamları arasında böyük nüfuz və hörmət sahibi olan sənətkara milli təsviri sənətin inkişafına verdiyi töhfələrə, bu sahədə göstərdiyi xidmətlərə görə etimad göstərilir və 1977-ci ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilir. Elə həmin il o, SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin katibi təyin olunur.
Onu da deyək ki, Yusif Hüseynov həm də Azərbaycan rəssamlıq sənətinin gələcək nəsillərə çatdırılması sahəsində mühüm xidmətlər göstərib. Görkəmli sənətkar yaradıcılıqla yanaşı, pedaqoji fəaliyyət də göstərib, ömrünün 40 ilini ali məktəbdə təsviri sənətin tədrisinə həsr edib. Uzun müddət Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) Rəsm kafedrasının müdiri vəzifəsində çalışıb. 2000-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru kimi zəngin təcrübə və bacarığını gənc rəssamlar nəslinin inkişafına həsr edib. O, həmçinin ölkəmizin ictimai həyatında fəal iştirak edib, müxtəlif yaradıcı qurumlarda yüksək səviyyədə təmsil olunmaqla yanaşı, bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilib.
Azərbaycan təsviri sənətinin inkişafına töhfələr verən Xalq rəssamı, Prezidentin fərdi təqaüdçüsü olmuş Yusif Hüseynov 1 sentyabr 2009-cu ildə, 81 yaşında vəfat edib.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2021.- 3 sentyabr.- S.6.