Tağıyevin xatirə günündə Milli Azərbaycan Tarixi Muzeyində “açıq qapı” aksiyası

 

 

Sentyabrın 1-də böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin (1838–1924) vəfatının 97-ci ildönümü idi. Tağıyev Azərbaycan xalqının maariflənməsi, mədəni inkişafı üçün gördüyü nəcib işlərlə tariximizdə silinməz iz qoyub. Bakıda ilk teatr binası, müsəlman qızlar üçün ilk məktəb və s. onun adı ilə bağlıdır. Dövrün tanınmış ziyalıları onun köməyi ilə Rusiyada, Avropada təhsil alıblar.

 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində məşhur neft sənayeçisi, ictimai xadim, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə məxsus əşyalar, sənədlər, fotoşəkillər qorunur, onun həyat və fəaliyyətinə dair əsərlər çap olunur.

 

Muzeydə hər il ənənəvi olaraq sentyabrın 1-də Hacı Zeynalabdin Tağıyevin xatirəsinə ehtiram olaraq “açıq qapı” günü keçirilir və ziyarətçilər üçün giriş ödənişsiz olur. Bu il “açıq qapı” günü COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə uyğun təşkil olunub.

 

Vaxtilə Hacı Zeynalabdin Tağıyevin yaşadığı sarayda yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 2007-ci ildən etibarən böyük mesenatın xatirə muzeyi fəaliyyət göstərir. Muzey Tağıyev irsini araşdıran və onu təbliğ edən əsas elmi və mədəni mərkəzdir.

 

Mədəniyyət.- 2021.- 3 sentyabr.- S.7.