Səhnədən səngərə” layihəsində daha bir təqdimat: şəhid Mehman Əliyev

 

 

Mədəniyyət Nazirliyinin Vətən müharibəsində həlak olmuş mədəniyyət işçilərindən bəhs edən “Səhnədən səngərə” layihəsinin daha bir videomaterialı yayımlanıb. Layihənin növbəti buraxılışı Tərtər rayonundan mülki şəhid Mehman Sovet oğlu Əliyevin əziz xatirəsinə həsr olunub.

 

Tərtər şəhər Uşaq musiqi məktəbinin qarmon müəllimi Mehman Əliyev Vətən müharibəsinin başlanmasının ertəsi günü 2020-ci il sentyabrın 28-də hərbi xidmətə könüllü yazılmağa gedərkən düşmənin şəhərə atdığı mərminin partlaması nəticəsində həyatını itirib.

 

44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin döyüş bölgəsindən kənarda yerləşən yaşayış məntəqələrini atəşə tutması nəticəsində yüzə yaxın mülki şəxs şəhid olub.

 

1977-ci il sentyabrın 4-də anadan olan Mehman Əliyev 1991-ci ildə Tərtər rayon Uşaq musiqi məktəbini, 1996-cı ildə Ü.Hacıbəyli adına Ağdam Musiqi Texnikumunu qarmon ixtisası üzrə bitirib. Çalışdığı məktəbdə sənətin sirlərini həvəslə uşaqlara öyrədirdi.

 

Ailəli idi, üç övladı (bir oğlan, iki qız) qalıb.

 

Videomaterialda  Mehman Əliyevin övladları, doğmaları, musiqi məktəbindəki  yoldaşları onun haqqında xatirələrini bölüşüb, şəhidin nakam arzularını dilə gətiriblər.

 

“Səhnədən səngərə” layihəsinin yeni buraxılışını bu linkdə izləmək mümkündür: https://youtu.be/FLZLMf13HyM

 

Mədəniyyət.- 2021.- 8 sentyabr.- S.4.