Başlıbel şəhidlərinin 28 ildən sonra yenidən dəfni

 

 

1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndinin ermənilər tərəfindən güllələnən 12 sakininə məxsus meyitlərin qalıqları müvafiq müayinə aparıldıqdan  sonra sentyabrın 3-də əvvəlki yerdə ayrı-ayrı qəbirlərdə torpağa tapşırılıb.

 

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin 26 aprel 2021-ci il tarixdə yaydığı məlumatda bildirilir ki, 3 aprel 1993-cü il tarixdə Ermənistan silahlı qüvvələri Başlıbel kəndinə silahlı hücum edərək kütləvi surətdə kənd sakinlərinə məxsus evləri qarət edib və yandırıblar. Kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 km aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portdaadlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınıb. Onlardan 48 nəfər Başlıbel, 1 nəfər Taxtabaşı kənd, 4 nəfər Laçın rayon sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçu olub.

 

Erməni silahlı dəstələri 18 aprel 1993-cü il tarixdə onların sığındığı yerləri axtararaq aşkar edib, köməksiz vəziyyətdə qalmış mülki şəxslərin gizləndiyi mağaraları atəşə tutmağa başlayıb. Nəticədə 12 nəfər (1 nəfər 12 yaşlı, 1 nəfər 16 yaşlı yeniyetmə, 4 qadın, 6 kişi) öldürülüb. Hücum nəticəsində 14 nəfər girov götürülüb. Həmin şəxslər sonradan girovluqdan azad edilsələr də, onlardan 9 nəfəri aldıqları mənəvi və psixoloji sarsıntılardan vəfat ediblər.

 

İstintaq materialları ilə həmçinin müəyyən edilib ki, erməni quldurlarından qaçaraq digər mağaralarda gizlənən 36 şəxsdən 7 nəfəri də mühasirə şəraitində aldıqları xəsarətlərdən Kəlbəcər rayonunun müxtəlif kəndlərində dünyasını dəyişib.

 

Sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənib, həyatları üçün yaranmış təhlükələrə baxmayaraq, 12 may 1993-cü ildə gecə saatlarında həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb və qətlə yetirilmiş 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə qəbirlər qazmaqla dəfn etdikdən sonra oradan uzaqlaşıblar.

 

Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqləri tərəfindən məhkəmənin meyitlərin ekshumasiyası haqqında qərarına əsasən, 24 aprel 2021-ci il tarixdə Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilərək 50 sm dərinlikdə torpağa basdırılmış 12 nəfərin meyitlərinin qalıqları aşkarlanıb.

 

Meyit qalıqlarından və dəfn edilmiş şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən DNT təyini məqsədilə nümunələr götürülərək molekulyar-genetik və digər xüsusatların araşdırılması üçün tibbi-kriminalistik ekspertizalar aparılıb.

 

 

Mədəniyyət.- 2021.- 8 sentyabr.- S.4.