Novator dilçi-türkoloq

 

 

Azərbaycan dilçilik elmində cığır açan, məktəb yaradan alimlərimizdən biri də Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Ağamusa Axundov olub. O, sanballı tədqiqatları ilə dilçilik elmimizə və türkologiyaya yeni anlayışlar gətirib, novator alim kimi tanınıb.

 

Ağamusa Ağası oğlu Axundov 2 fevral 1932-ci ildə Kürdəmir şəhərində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsinə qəbul olunur. 1955-ci ildə ali təhsilini uğurla başa vurduqdan sonra üç il həmin universitetin aspiranturasında oxuyur. Əmək fəaliyyətinə də elə 1958-ci ildə məzunu olduğu universitetin Filologiya fakültəsində başlayır. Həmin il “Azərbaycan dilində feilin zamanları” mövzusunda namizədlik (fəlsəfə doktoru) dissertasiyası, 1964-cü ildə doktorluq dissertasiyasını müdafiə edir. Üç il sonra – 1967-ci ildə isə professor elmi adını alır. O, bu təhsil ocağında 1990-cı ilədək fəaliyyət göstərir. Burada müəllim, baş müəllim, dosent, professor, kafedra müdiridekan vəzifələrində çalışır. Pedaqoji fəaliyyətlə yanaşı, 1959-1965-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunda (indiki ADU) ikinci ali təhsil alır. Dilə xalqın özünüdərkinin atributu kimi yanaşan alim dövlət müstəqilliyinin bərpasından sonra yeni şəraitdə ölkədəki milli dil quruculuğu proseslərinin fəal iştirakçısı olur.

 

Araşdırmalarda bildirilir ki, Azərbaycan dilinin fonemlər sisteminə dair ilk mükəmməl əsərin müəllifi Ağamusa Axundov olub. Alimin dilçiliyin bütün sahələri üzrə, o cümlədən qrammatika, nəzəri dilçilik, tarixi fonetika, etimologiya, dil tarixi, dialektologiya, üslubiyyatnitq mədəniyyəti ilə bağlı problemlərin yüksək nəzəri-metodoloji şərhini və həllini tapmış əsərləri elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

 

Akademik A.AxundovDilüslub məsələləri”, “Feilin zamanları”, “Dilçiliyə giriş”, “Ümumi dilçilik”, “Riyazi dilçilik”, “Azərbaycan dilinin fonetikası”, “Dilçiliyin tarixi, nəzəriyyəsi və metodları”, “Dil və ədəbiyyat” (2 cilddə), “Azərbaycan dilinin izahlı lüğəti”, eləcə də bir sıra monoqrafiya və 500-dək elmi məqalənin müəllifidir. Onun elmi rəhbərliyi altında 40-dək fəlsəfə və elmlər doktoru hazırlanıb.

 

Qahirənin Eyn-Şəms Universitetində, Tokio Universitetində Azərbaycan dili və ədəbiyyatından mühazirələr oxuyan alim Praqa, Ankara, İstanbul, BelqradBudapeşt şəhərlərində beynəlxalq elmi konfranslara qatılıb. Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin, Gürcüstan EA Dilçilik İnstitutunun və Bakı Dövlət Universitetinin doktorluq dərəcəsi verən ixtisaslaşmış müdafiə şuralarının, “Sovet türkologiyası” kimi nəşrlərin redaksiya heyətlərinin üzvü olub.

 

Akademik İsa Həbibbəyli alimin elmi tədqiqatlarından bəhs edərkən yazır: “Azərbaycan şeirində qapalı hecadan açıq hecaya, örtülü hecadan örtüsüz hecaya doğru inkişaf proseslərinə dair müşahidələri şeirşünaslığın Ağamusa Axundov nəzəriyyəsi adlandırıla bilər. Eyni zamanda dil attraksiyası hadisəsindən həm sintaktik konstruksiyalar, həm də bədii dilin imkanları kimi bəhs etmək vəzifəsinin hər iki qütbünün mükəmməl nəzəri dərkini elmimizə o gətirib”.

 

Alimin elmi yaradıcılığının şah əsəri “Azərbaycan dilinin fonemlər sistemi” monoqrafiyası hesab edilir. O, ilk dəfə Azərbaycan dilinin fonetik sistemini eksperimental təhlil əsasında ümumiləşdirərək nəzəri səviyyədə təqdim edib.

 

Görkəmli elm xadiminin Azərbaycan dilçiliyinin inkişafına verdiyi töhfələr və səmərəli pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib. O, 1986-cı ildə “Azərbaycan dilinin fonetikası” əsərinə görə Azərbaycan SSR-in Dövlət mükafatına layiq görülüb. 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif edilən alim bir il sonra AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilib. 1990-cı ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülən A.Axundov həmin il AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, 2001-ci ildə isə AMEA-nın  Humanitarİctimai Elmlər Bölməsinin akademik-katibi təyin edilib. 2011-ci ildən ömrünün sonunadək AMEA Rəyasət Heyətinin müşaviri vəzifəsində çalışıb.

 

Akademik Ağamusa Axundov 5 sentyabr 2015-ci ildə vəfat edib, Bakıda, II Fəxri xiyabanda dəfn olunub. 2017-ci ildə alimin 85 illiyi münasibətilə “Ağamusa Axundov xatirələrdə” adlı kitab çapdan çıxıb.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2021.- 8 sentyabr.- S.6.